"Tərbiyəsiz aparıcılar efiri bürüyüb" - Murad Arif

Metbuat.az aparıcı, bəstəkar-müğənni Murad Ariflə olan müsahibəni təqdim edir:

- Demək olar ki, çox aktiv iş həyatınız var, heç yorulduğunuz anlar olur? 

- Gülməli görünsə də, heç yorulmağa vaxtım yoxdur. Təkərə düşən dələlər kimi, ora qaçıram, bura qaçıram. Yatanda da ertəsi gün edəcəklərimi düşünürəm. Bu yaxınlarda 1 ay Stokholmda istirahətdə oldum və orada iş, səhnə, oxumaq üçün darıxırdım. Deməli iş manyakları yorulmur.

- Sizə nə motivasiya verir?

- Arzularım və ailəm. Xoşbəxtliyim ondadır ki, sevdiyim sahədəyəm. Arzularımı gerçəkləşdirdikcə, ailəmin rifahı da yaxşılaşır. Hər zaman seminarlarda, gənclərlə görüşlərdə də bunu deyirəm, Əsas arzuladığın işlə məşğul olmaqdır.

- Pozitiv birisiniz, heç depressiyaya düşdüyünüz anlar olur?

- Çox olur. İşlər istədiyim kimi getməyəndə bir müddət özümə qapanıram. Amma sonra iş qrafikim məni depressiyadan çıxardır.

- Murad müəllim, son zamanlar ən yaxşı toy idarə edənlərdən biri kimi qəbul olunursunuz, qonorar tələbiniz necə, çox olur?

- Mən sizə kommersiya sirrimi açmayacağam. Azərbaycanda məndən də sərfəli qiymətə 100-lərlə aparıcı var. Mənim toy aparmaq, məclislər kralı olmaq, ayda 30 gün, səs gücləndiricilərin altında çalışmaq istəyim yoxdur. Aya 5-6 məclis olsa, qane edəcək. Hər kəs işinə qoyduğu cana görə ad çıxardır. Yaxşı ad, yaxşı qiymətə olar. Çox ucuz olsa, hər gün işləyər və fiziki olaraq tükənərəm. Mən isə hələ yaşamaq istəyirəm, övladlarım balacadır.

- Sənətin bir çox sahəsi ilə eyni anda məşğulsunuz, bəs aktyorluq etmək fikriniz var?

- Heç vaxt. Əslində bir çox sahə deyil, bir sahə ilə məşğulam. O da musiqi sahəsidir. Musiqi yazır, oxuyur və musiqili verilişlər aparıram. Aktyorluq isə mənə yaddır.

- Bəzi aparıcıların təəssüf ki, nitqlərində qüsur var, hətta çox vaxt buna görə MTRŞ(Milli Tеlеviziyа və Rаdiо Şurаsı) tərəfindən tənqid olunurlar. Bəs siz necə, belə halla qarşılaşmısınız?

- Məncə, tənqid bizim ölkədə öz böhran dövrünü yaşayır. Bu gün çox biabırçı verilişlər və bərbad, tərbiyyəsiz, savadsız aparıcılar efiri bürüməkdədir. Müqaisədə özümün hansı səviyyədə olduğumu gözəl seçirəm.

- Övladlarınızın da sizin sənətinizi davam etdirməsini istərdiniz?

- Hə. Amma, coğrafiyanı böyütmək şərtilə. İstəyərəm ki, onlar məndən fərqli olaraq, sərhəddin o tayında ad çıxartsınlar.

- Nə vaxtsa siyasətə qoşulmaq fikriniz var?

- Nə özümdə, nə də xalqda buna ehtiyac görmürəm. Ehtiyac var ki, Murad Arif mahnı yazsın, oxusun, aparsın. Məncə, kifayət edir.

- “Solo” verilişiniz bağlandı. Amma Lider TV-nin icraçı direktorunun müavini Lamiyə Ələkbərova mətbuata açıqlamasında verilişin sezon finalına getdiyini bildirib, bəlkə bu haqda açıqlama verəsiniz?

- "Lider"də verilişlər hər yay mövsümə bağlanır. Sentyabra isə fikir və planlar 10 dəfə dəyişə bilər. Ona görə də bu məsələni şərhsiz buraxım. Zatən, soyuducudan da, ütüdən də, Murad Arifi eşidib, görürsünüz. Bəs eləmir? (gülür) Lider 10 ildir mənim üçün ikinci ev kimidir. Nə olur olsun, kanal rəhbərinə hər zaman minnətdaram. Murad Arifin bu həyatda tək arxası, dayağı o kəslər idi ki, onlar mənə aparıcı kimi dəyər və efir verdi. Naşükür olmağa nifrət edirəm. Mən işlədiyim heç bir kanal rəhbərliyinin dəstəyini danmıram. "Space"də (2 il) başladım, "İTV"də (4 il) tanındım, "Lider"də (10 il) davam etdim.

- Bundan sonra hansı tipdə veriliş aparmaq istəyirsiniz?

- Çoxlu yeni mahnılar oxuyub rəngarəng və keyfiyyətli kliplər buraxmaq istəyirəm. Ən böyük arzum isə konsertlər verməkdir. Verilişlərə gəlincə, savadım, söz ehtiyatım və təcrübəmlə bütün təkliflərə açığam.

Dilarə Zamanova

Azərbaycanlı aparıcı canlı yayıma ayaqyalın çıxdı - VİDEO - Oxumaq üçün bura tıkla







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR