“Faşizm ideologiyasını dövlət səviyyəsində həyata keçirən Ermənistanın kriminal hərbi-siyasi rejimi körpələrin qətlə yetirilməsini əmr verməklə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirir”.
Publika.az xəbər verir ki, bu sözlər “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən hazırlanmış “Sərhəd” filminin təqdimatı zamanı bildirilib.
Bu gün təqdimatı keçirilən sənədli filmdə 4 iyul 2017-ci ildə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Zəhra Quliyevanın, 2011-ci ildə Ağdam rayonu Orta Qərvənd kəndində erməni əsgərləri tərəfindən snayper gülləsi ilə vurulmuş Fairz Bədəlovun valideynləri, elə həmin ildə Tovuzun Əlibəyli kəndində erməni hərbiçilərinin oyuncaqda gizlətdikləri qubmaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışıb. Həmçinin sənədli filmdə Ermənistan hərbi-siyasi rejiminin faşizm ideologiyası əsasında fəaliyyət göstərdiyini sübut edən arxiv materiallar da təqdim olunub.
“Sərhəd” layihəsinin rəhbəri Büllur Məmmədova çıxış edərək, bu filmin beynəlxalq təşkilatların körpələrin vəhşicəsinə qətlə yetirilməsinə laqeyd və biganə münasibətlərinə açıq etiraz olduğunu deyib:
“Dünya birliyinin sərt reaksiya verməməsi və əməli tədbirlər görməməsi nəticəsində Ermənistanın kriminal rejimi bu cür cinayətlərini davam etdirir və təəssüf ki, davam etdirəcək. Tədbirimiz “Uşaq Hüquqları Konvensiyanın 28-ci ildönümündə qeyd edilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki həmin konvensiyada “Hər bir uşağın yaşamaq hüququ var” deyə qeyd edilir. Lakin erməni faşistləri azərbaycanlı uşaqların bu hüqularını əllərindən alır”.
B.Məmmədova sənədli filmin rus və ingilis dillərindəki versiyasının beynəlxalq təşkilatlar və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə çatdırılacağını deyib.
Tədbirdə çıxış edən millət vəkili Flora Qasımova bu filmin hər bir azərbaycanlı ailəsində izlənilməsinin vacib şərt olduğunu bildirib:
“Çox istərdim ki, bu film telekanallarımızda yayımlansın. Yaşanmış hadisələrin şahidlərin dilindən təqdimatı çox təsirlidir. Hesab edirəm ki, Qarabağ problemi hər bir azərbaycanlının probleminə çevrilmədikcə, başımıza hələ çox belə müsibətlər gələcək. Mən ermənilərin içində yaşamışam, odur ki, hər bir erməninin necə türk nifrəti ilə böyüdülməsinin şahidiyəm”.
Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov Komissiyanın arxivində yüzlərlə belə faktları olduğunu və müharibələrdə ən çox itirənin məhz uşaqlar olduğunu deyib: “Uşaqlar uşaqlığını, gəncliyini və gələcəyini itirir. Komissiyada 3874 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib, onların 66-ı azyaşlı uşaqdır. Uşaqların 29-u sağ-salamat şəkildə ermənilər tərəfindən girov götürülüb. Əlbəttə, Ermənistan tərəfi bu rəqəmlərə etiraz edir, lakin biz bunu sübut etməyə hazırıq. Bu illər ərzində girovluqdan azad edilniş 1440 nəfərin 214-ü uşaqdır. Lakin onların bəziləri girovluqda bədənlərinə vurulan iynələr səbəbindən bir neçə il sonra xəstələnib və vəfat ediblər. Əlimizdə olan sənədlər göstərir ki, Erməni silahlı qüvvələrinin hər zaman əsas hədəfi məhz uşaqlar olub. Təəssüf ki, bu faktlar qarşısında Beynəlxalq hüquq susur”.
Qeyd edək ki, film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.
Gülxar