"Televizora baxmıram" - Teleaparıcı

Budəfəki müsahibimiz gənc teleaparıcımız Fizzə İsmayılovadır. Bu gənc xanımı digər aparıcılardan fərqləndirən bir çox xüsusiyyətləri var. Mütaliə səviyyəsi, ucuz qalmaqallardan, şan-şöhrətdən uzaq durması onu tamaşaçılara daha çox sevdirir. Elə bu müsahibəmizdə də F.İsmayılovanın efirimiz və cəmiyyətimiz üçün nə qədər lazımlı biri olduğunun şahidi olacaqsınız.

- Sizin aparıcısı olduğunuz “Azərbaycanın səsi bala” layihəsi maraqla qarşılanmışdı. Yeni layihələriniz varmı?

- İndi “Azərbaycanın səsi bala 3” layihəsi start götürür. Uşaqların qeydiyyatı davam edir. Bu layihə nəinki balacaların, hətta böyüklərin də sevgisini qazanıb. Buna görə də davamının gəlməsini istədik. Yanvarın sonundan başlayacaq, 3-4 ay davam edəcək. Bizdə 3, ya 4 münsif olacaq. Səhnə tam fərqli bir dekorasiyada qurulacaq. Yarışmanın özəlliyi odur ki, münsiflər ifa edənlərin həm özünü görəcəklər, həm də ifasını dinləyəcəklər. Başqa, gözəlliklə bağlı layihələr də var. Sadəcə istəyirik ki, əlimizdəki layihə başlasın, bitsin, sonra digər layihələrə start verək.

- Teleaparıcı kimi neçə ildir fəaliyyət göstərirsiniz?

- 4-5 ildir ki, fərqli layihələrin aparıcısıyam.

- Şou-biznes aləmində bir çox insan bir-birinin arxasınca danışır, bir-birinin ayağının altını qazır. Bəs aparıcılar necədir?

- Mən bu sahədə olmağıma baxmayaraq, heç kimə qarışmıram. Heç kimlə oturub-durmuram. Demək olar ki, təkcə adım bu sahədədir. Kimsə bir-birinin dalınca danışdıqda, onları tamaşaçı kimi izləyirəm. Dərinliyə getsəm, içində itib-bataram. Buna görə də özümü qoruyuram.

- Heç bu günə kimi adınızı hallandırıblar?

- Olub. Əhəmiyyət verməmişəm.

- Aparıcı özünü gündəmdə saxlamaq üçün nələr etməlidir?

- Hamı bilir ki, indi intelekt ikinci plana keçib. Hərə bir cür gündəmdə qalmağa çalışır. Biri gedir lütlənir, elə bunu canlı efirdən də demişdim. Düşünür ki, bununla tanıtım etdi. Halbuki, bu, ən biabrçı təqdimat növüdür. Elə bilirlər bu uğurlu bir addımdı, ancaq elə deyil. Həmin adama görə uğurlu addım ola bilər. Mənim üçün uğursuzdur. Burdan da demək istəyirəm, elə insanlar təqdimat adı ilə özlərini müdafiə etməsinlər.

- Yəqin siz də istəyərsiniz ki, məşhur aparıcı olasınız. Bəs siz özünüz nə edərdiniz gündəmdə qalmaq üçün?

- Gündəmə gəlmək o qədər ucuzlaşıb ki, doğrusu, heç bunu istəmirəm. Çünki gündəmə gəlmək çox asandı. Hələ Azərbaycanda lap asandı. Ancaq mən elə gündəmi istəmirəm. Gündəmə can atmıram.

- Sizcə bu gün bəzi həmkarlarınızda nə çatmır?

- Bilirsiz problem nədir? Heç kim olduğu kimi yox, göründüyü kimi olmaq istəyir. Adamın qabiliyyəti yoxdur, ancaq özünü alim kimi tanıtmaq istəyir. Bu insanın ağlı yox, intelekti yox, amma özünü dahi sayır. Axı sən bu deyilsən, özünü niyə yorursan? Özündə ağıl yoxdursa, kimə ağıl verməyə çalışırsan? Bir insan tamlıqla özünü idarə edə bilirsə, ailəsi, övladı, hər şeyi yerli-yerindədirsə, ən azından yaşadığından utanmırsa, kiməsə məsləhət verə bilər. Özüm şahidi olmuşam, aparıcılardan, müğənnilərdən eləsi var ki, heç hərf belə tanımırlar. Mən demirəm hər gün mütaliə edirəm. Yox. Kitab manyakı deyiləm. Amma arada vaxt tapıb bir-iki əsər oxuyuram.

- Daha çox hansı istiqamətdə mütaliə edirsiniz?

- Dünya ədəbiyyatını, Azərbaycan ədəbiyyatını oxuyuram. Oşodan oxuyuram. İnsanda fərqli düşüncə yaratsa da, bilgi üçün oxuyuram. Bütün oxuduqlarım gözümün qarşısında ssenari kimi canlanır.

- Oşonu oxuduqca meditasiyaya, yoqaya marağınız artırmı?

- Yoqaya getməmişəm, amma hiss edirəm sakitləşdirici təsir edər. Mənim ona səbrim çatmır.

- Bəs hansı aparıcılardan örnək alırsınız?

- Rafiq Həşimov, Dilarə Səlimova, Nailə İslamzadə, Ofeliya Sənani, Nərgiz Cəlilova – bu şəxslər mənim üçün məktəbdirlər. Onların səsi, diksiyası, aparıcılıq qabiliyyəti xoşuma gəlir. Özüm aparıcı olmağıma baxmayaraq, demək olar ki, heç televizora baxmıram.

- Niyə? İndiki aparıcılar xoşunuza gəlmir, yoxsa çox səhv edirlər?

- Yox, heç kimdə səhv axtarmıram. İnsan gərək o qədər ideal ola ki, kimdəsə səhv axtara. Yaşım, təcrübəm o qədər deyil ki, səhv axtaram. Bu gülünc olar. Vaxtım olmur, ona görə baxa bilmirəm.

- Bəs aparıcı kimi öz səhvlərinizi görürsünüz?

- Təbii ki. Bizim verilişlər canlı olur. Hərdən baxıram, deyirəm bax, burda belə deməli deyildim, yaxud burda intonasiyanı başqa cür etməli idim. Çalışıram hər dəfə özüm-özümü analiz edim.

- Daha peşəkar aparıcı olamaq üçün nələr edirsiniz?

- Öz üzərində çalışmaq mütləqdi. İntonasiyada, danışıqda hansı səhvlərim varsa, onların üzərində işləyirəm.

- Tamaşaçı daim efir adamlarını, aparıcıları, müğənniləri gözəl görmək istəyir. İndi sizin az yaşınız var. Ancaq gələcəkdə vizual görüntünün pozulmaması üçün nələr edirsiniz?

- Düzü, xüsusi heç nə etmirəm. Hamı kimi üzümə kosmetika vururuam. Həftədə 2 dəfə idmanla məşğul oluram. Qidalardan 8-9 ildir çörək yemirəm. Ancaq qalan nə var yeyirəm. Yağlı yeməkləri sevmirəm, axşamlar çox yemirəm. Gözəllik axtaran tamaşaçıları qınamıram. Onlar Tv-dəki simaların geyimlərini, saç düzümlərini, makiyajlarını özlərinə tətbiq edirlər. Buna görə də daim gözəllik axtarırılar. Ancaq təəssüf ki, elə aparıcı var, üzünə vurdurduğu dolğular bayağı görünür. Bu tamaşaçının gözünü oxşamır, əsəbini oyadır. Hər şeydə həddi aşmamaq lazımdı. Baxın, Tarkanın üzü bütün estetik əməliyyatdı, ancaq onda bayağı, qabardılmış heç nə yoxdur. Adamı elə bil mumyalamısan. İllər keçsə də, vizual görüntüsü dəyişmir. Ancaq bizimkilərdə uzaqdan baxanda da bilinir ki, harasına nə etdirib.

- Sizcə Azərbaycanda estetik əməliyyat kimdə uğurlu alınıb?

- Heç düşünməmişəm. Bilirsiz, bizdə məncə estetik əməliyyat uğurlu alınmır. İnsanda sima dəyişir. Müqayisə etsək, görərik ki, xarici ulduzlarda daha keyfiyyətli alınır.

- Adətən dolğular müəyyən yaşdan sonra edilməlidir. Ancaq indi gənc məşhurlar da istifadə edirlər. Siz necə…

- Bəli, mənim yaşımda olan əksər aparıcılar artıq üzlərini dolğu ilə doldurublar. Qınamıram, bəlkə də ehtiyacları var. Amma belə də yox də. Mənim bu barədə heç düşüncəm də yoxdu. Zaman keçdikcə, ehtiyac yaranarsa, edərəm. Ancaq indi yox.

- Aparıcının peşəkarlığı ilə bərabər, zövqünün də olması önəmlidir. Daha da zövqlü olmaq üçün kimlər izləyirsiniz?

- Nərgiz Cəlilovanın üslubunu sevirəm. Xaricilərdən İrina Şeyk, Adreana Limanı izləyirəm. Onların bədən quruluşu və buna uyğun geyim tərzləri həmişə diqqətimi çəkir.

- Toylara aparıcı kimi dəvət alırsınız?

- Bir neçə dəfə belə təklif almışam. Ancaq istəmirəm. Toy aparıcılarına pis baxmıram, mən özümü o sferada görmürəm. Daha doğrusu, özümə yaraşdırmıram.

- Evlisiniz?

- Yox, subayam.

- Soruşmuram sevdiyiniz varmı, çünki cavabını bilirəm. Ancaq mənə maraqlıdır, niyə üzdə olanlar sevgilərini danırlar?

- (Gülür) Yəqin bilmirlər başlarına sabah nə gələcək. Necə deyərlər, dilə-dişə düşmək istəmirlər.

Tahirə Əlirzayeva/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR