Metbuat.az teleaparıcı, aktyor, dublyaj sənətçisi Vüsal Murtuzəliyevlə müsahibəni təqdim edir.
- İncəsənətə maraq erkən yaşlarında formalaşan
bir amildirmi?
- Əlbəttə. Mən hələ uşaqlıqdan incəsənətə maraq duymağa başlamışam. 6 yaşımdan piano çalmağa başlamışdım, hamı elə bilirdi ki, musiqiçi olacam, amma müəyyən yaşdan sonra aktyorluğa maraq daha güclü oldu.
- Bəs televiziyada veriliş aparmaq ideyası necə formalaşdı?
- Mən televiziya fəaliyyətimə dublyajla başlamışam. Dublyaja hələ universitet illərimdən maraq göstərirdim. Həmişə hər yerdə də demişəm ki, Azərbaycan Televiziyası dublyajda mənim üçün məktəbdir. Mən orda bir çox gözəl aktyorlarımızdan çox şey öyrənmişəm, buna görə mən AzTV-yə və həmin aktyorlara minnətdaram. Sonra filmlərə çəkildim və nəhayət "Soy Prodakşn"dan təklif gəldi və ATV-də veriliş aparmağa başladım. İşlədikcə gördüm ki, aparıcılıq çox çətindir. Əvvəlcə "Tamamla" verilişini aparırdım, indi isə "Kim Kimdir"i.
- Əvvəlki verilişin daha maraqlıdır, ya indiki?
- Hər ikisi maraqlıdır. Amma "Tamamla"da daha çox əyləncə və suallar olurdu. Amma "Kim Kimdir"də özümü daha sərbəst hiss edirəm.
- Hər aparıcının bir hədəfi olur. Səncə, apara bilməyəcəyin verilişlər varmı? Teleaparıcılıqda baryerin var?
- Var. Tolk şou formatlı, analitik verilişlər mənlik deyil. Bu tip verilişlər üçün jurnalistika bacarığı lazımdır, mən də jurnalist deyiləm. Şou tipli verilişlər daha yaxındır mənə. Xəbər formatlı verilişlərdə özümü görmürəm.
- 5 il sonra, 10 il sonra üçün bu qədər əmin danışırsan. Amma məncə, yaxşı xəbər aparıcısı da ola bilərsən...
- Bunu mənə çox adam deyir. Ola bilər səs tembrimə görə. Gələcəklə bağlı indidən heç nə deyə bilmərəm. Nəzərdə tutduqlarım indi üçün aktualdır.
- Teleaparıcılar indi aktyorlardan daha çox tanınır. Bunu sən də etiraf edirsənmi? Televiziyanın insana verdiyi faydalar nələrdir?
- Tam razıyam. Televiziya hər gün hər kəsin evindədir. Hər həftə mən efirdə oluram, istər-istəməz gündəmdə oluram, tamaşaçı baxır, görür, tanıyır. Amma indi seriallar da var, seriala çəkilən aktyorlar da indi gündəmdədir, hətta bəziləri məndən daha çox tanınırlar. Televiziyanın verdiyi birinci fayda təbii ki, populyarlıqdır. Kimsə şan-şöhrətə həvəsli ola billər, tam səmimi deyirəm ki, şöhrətə meyilli deyiləm. Bu, sadəcə mənim işimdir. Televiziyanın insana faydası çoxdur, amma insanı əsəbləşdirən məqamlar da var.
- Adətən gündəmdə qalmaq üçün bir çox vasitələrə əl atılır və bu da qınanılır insanlar tərəfindən. Amma aparıcı, yaxud sənət adamı həm də gündəmdə qalmalıdır ki, onlara maraq olsun. Tanınmaq üçün, gündəm üçün hər vasitədən istifadə etmək olmaz. Sənin üçün bir kateqoriya varmı ki, gündəm olmaq üçün bunları etmək olmaz?
- İnsanları nə iləsə təəccübləndirmək lazımdır. Baxır vasitələrə. Elə bir şey olar ki, sən onu elə təqdim edərsən, o, çox maraqlı alınar, amma elə vasitələr də var ki, mən onları heç vaxt etmərəm.
- İntellekt hər bir verilişin aparıcısı üçün mütləqdirmi?
- Mütləqdir. Mən həddindən artıq savadlı deyiləm, amma insan hər bir sahədə nələrisə bilməlidir. Şou verilişi də olsa, aparıcı müəyyən qədər intellektual olmalıdır. İntellekt mütləq özünü göstərməlidir. Xarici şoumenlərə baxın, çox intellektualdırlar. Xalq hər şeyi görür. Xalqa daha yaxın olmaq lazımdır, sırf elmi terminlərlə danışmaq da bir şey deyil axı. Xalqa yaxın olmaq adıyla hər şeyi etmək də olmaz.
- Bəzi insanların "xalqa daha yaxın olmaq" arqumenti ilə razı deyiləm. Bizim xalqımız intellektualdır. İntellektsiz aparıcılar xalqda qıcıq yaradırlar adətən...
- Bizim xalqımız savadlı xalqdır. İnsanlarda intellektsiz aparıcılara qıcıq var, amma qəribəsi budur ki, elə aparıcıların reytinqləri də yaxşıdır. Hər kəs savadlı deyil. Elə bir xətt tutmalısan ki, hər kəs səni anlasın. Bizə müəllim də, həkim də, pinəçi də baxır.
- Sən həm aktyorsan, həm aparıcı. Maraqlıdır özünə şairləri, yazarları, yoxsa incəsənət insanlarını, şou nümayəndələrini yaxın bilirsən? Hansılar sənə bir köynək daha yaxındır?
- Verilişimə daha çox şou nümayəndələri qonaq olur. Hər biri ilə münasibətim çox yaxşıdır. Veriliş vaxtı hansısa bir kapriz olanda da üstündən keçirəm. Hər biriylə münasibətim yaxşıdır, amma dostluğum yoxdur. Mənə daha yaxın olanlar aktyorlar və şairlərdir.
- Özündə bəyənmədiyin, tənqid elədiyin şey nədir?
- Efirdə həyəcanlanmağımı bəyənmirəm. Həyəcanlanmağm da məsuliyyət hissimdən irəli gəlir.
- Özündə bəyəndiyin nüanslar nələrdir?
- İlk öncə hər kəslə xoş münasibət qurmamı bəyənirəm. Heç kəsin ürəyini qırmıram, yaxşı ki, mən beləyəm. Səsimi və diksiyamı da bəyənirəm, eyni zamanda öz görünüşümü bəyənirəm.
- Teleaparıcı həmkarlarının davranışlarında səni ən çox qıcıq edən nələrdir? Nələri bəyənmirsən izləyici kimi?
- Qıcıq yaradan şeylər çoxdur. Sosial şəbəkələrdə çoxluğun qıcıq olduğu şeylərə mən də qıcıq oluram. Verilişinə çağırdığı qonağa sayğısız davrananlara qıcıq oluram. Hanısa bir təsisçi məndən bunu tələb etsə də, etmərəm, amma kimlərsə bunu edir. Bir də əndazədən çıxmağı qəbul etmirəm.
- Məncə, Azərbaycan dilini ən yaxşı aparıcılar bilməlidirlər. Sən necə düşünürsən?
- Əlbəttə. Mən özüm də o qədər yüksək səviyyədə olmasa da, dil bigilərimdən razıyam.
- Aktyorluq fəaliyyətin hansı durumdadır. Nə kimi yeniliklər var?
- ATV-də "Laləli Saray" serialında çəkildim. Sonra ssenari elə quruldu ki, məni serialda "aradan götürürlər". (Gülür) Hələ ki, yoxam. Təkliflər olub, bir təklif də oldu, imtina elədim. Qaldı ki, teatra, teatr məktəbdir, teatrda qazanırsan. Əvvəlcədən teatra getsəm, artıq formalaşardım bəlkə də. Teatrda fəaliyyət göstərməyimə bu günki iş qrafikim də imkan vermir. Mütləq bir-iki tamaşada oynamaq fikrim var.
- Teatra gedirsən?
Gedirəm, bəli. Teatr canlı sənətdir.
- İzləyicilərin sevdiyi hansı Hollivud aktyorlarını səsləndirmisən?
- Bir çoxunu. 2005-ci ildən demək olar bütün aktyorları dublyaj etmişəm. Ən çox Bred Pit, Tom Kruz, Ceyson Stetxem, Al Paçinonu dublyaj etmişəm. Amma Al Paçinonun cavan vaxtlarını səsləndirmişəm, müəyyən yaşdan sonra yox. (Gülür) Çox maraqlı və gözəl işdir. Azərbaycanda çəkilən yerli filmlərdə də bir neçə aktyoru səsləndirmişəm.
- Kitab oxuyursanmı? Kitaba nə qədər zaman ayırırsan və kitab oxumayan insanların "mənim vaxtım yoxdur" bəhanəsinə münasibətin necədir?
- Səmimi deyim, neçə vaxtdır kitab oxumuram. Vaxt olduqca təbii ki, oxuyuram. Ömründə bir dəfə də olsun kitab oxumayan insanı mən təsəvüür edə bilmirəm. İnsan necə olur ki, bir dəfə də kitab vərəqləmək istəməsin? Kitabda bilik var, insan kimi formalaşmaq üçün hər şey var.
- Filmləri səsləndirirsən, özün də film izləyirsən. Sevmədiyin və izləmədiyin film janrları varmı? Sevdiyin janrlar hansılardır?
- Dublyaj vaxtı film izləyirəm. Qorxu və dəhşət filmlərini sevmirəm. Psixoloji və detektiv filmlıəri sevirəm. Amma ən çox sevdiyim filmlər klassik filmlərdir. Eyni zamanda real hadisələr əsasında çəkilən tarixi filmləri çox sevirəm.
- İndi bizdə də, Türkiyədə də çox keyfiyyətli filmlər çəkilir. Amma klassik dövrlərdə çəkilən filmlərə sanki daha çox maraq var, insanlar dəfələrlə baxır. Bunun səbəbləri nələrdir?
- Bu barədə çox söhbət olub. İnsanlarda nostalgiyaya meyillilik var. Baxın hind filmlərinə, hələ də baxılır. Bu dediyimiz nüans indiki 18-19 yaşlı gənclər üçün keçərli deyil. Elə filmlər var ki, orada böyük aktyor və rejissor işi var, ssenari mükəmməliyi var, bunlar rol oynayır.
- Bəs musiqi zövqün necədir? Hansı musiqiləri dinləyirsən? Hansı ifaçıları dinləməyi sevirsən?
- Bütün musiqi janrlarına qulaq asıram. Repə də, roka da, caza da, muğama da... Musiqini sevməyən insan yoxdur. Musiqinin özü bir müalicədir. Röyanı, Miri Yusifi, Samir Piriyevi, Ceyhunu dinləməyi sevirəm. Çinarə Məlikzadəyə qulaq asanda böyük zövq alıram.
- Fəlsəfə ilə maraqlanırsan?
- Çox maraqlanmamışam. Amma diqqət həmişə var.
- Ölüm haqqında düşüncələrin maraqlıdır.
- Ölüm təbii hadisədir. Amma səmimi deyim ki, mən ölümdən qorxuram. Hərhalda insan bu dünyadan getməlidir.
- Bir dəfə övladınla xoş bir şəklini paylaşmışdın. Həmin şəkli sayta qoymaq istədim, dedin dünyada bu qədər uşaq acından ölür, nə gərək var? Bu, çox xoşa gələn mövqe idi. Səncə, insanın abırlılıq kodekslıri nələrdir?
- Təbii ki, insani keyfiyyətlər. Övladımla bağlı deyim ki, mənim qızım hələ də inanır ki, Yeni İl günü ona hədiyyəni Şaxta baba gətirir. Uşaq uşaq kimi böyüməlidir, uşaqlığını yaşamalıdır. Hər 31 Dekabr günü hədiyyəni qoyuram və o inanır ki, hədiyyəni Şaxta baba gətirir. Bu il də Şaxta babaya məktub yazıb "Rapunzel" kuklası istədi.
- Uşaqların planşetlərə və sair yönəlməsi çox tənqid olunur. Sənin valideyn kimim övlad tərbiyəsində xüsusi qadağaların varmı?
- Hansı dövrdə yaşadığımız reallığı var. Çalışıram ki, planşetdən, telefondan kənar tutum, amma tam bacarmıram. Bizim dövrümüzdə bir-iki kanal vardı, indi nə qədər telekanallar var, internet var. Nə qədər çalışsaq da, gün ərzində heç olmasa yarım saat planşet uşağın əlində olacaq.
- Müsahibəmizdə son sözün nədir?
- Hər kəsə təşəkkür edirəm. İnsan olaq, bir-birimizin əlindən tutaq. Hər bir addımımızda ailəmizi, özümüzü, cəmiyyətimizi, dövlətimizi düşünək.
Tural İsmayılov/ Metbuat.az