İnsan gələcəkdə onu nələr gözlədiyini necə müəyyən edə bilər?

Budəfəki müsahibimiz elə bir şəxsdir ki, o, bütün proqnozlarını elmi şəkildə izah edə bilən çox az astroloqlardandır. Cəmiyyətdə həmişə ictimai mövqeyi və fikirləri ilə seçilən şəxslərdəndir.

Astroloq Səbuhi Rəhimli ilə “AQAT” Təbii Daşlar Evində görüşdük. Bu təbii daşların xoş aurası söhbətimizə də yansıdı. Astrologiyanın mistik tərəflərindən tutmuş, elmi bucaqlarına qədər cəmiyyəti maraqlandıran əksər suallara aydınlıq gətirməyə çalışdıq. Məncə, bu müsahibəni oxusanız, çox əhəmiyyətli bilgilər əldə edəcəksiniz.

- Səbuhi bəy, deyirlər, Çin təqvimində il mart ayından başlayır, ancaq siz yeni ilin fevralın 16-dan başladığını söyləmisiniz.

- Siz yəqin 21 martı nəzərdə tutursunuz. O Zərdüştilikdən gələn təqvimdir. Əslində, Çin təqviminə görə, il yanvarın 20-dən fevralın 19-na qədər olan dövrdə başlayır. Çünki planetlərin bəlli dövretmə müddəti var. Müsəlmanlarda ayın, Çində Yupiterin hərəkətinə görə ay, il hesablanır. Zərdüştlilikdə isə Saturunun Günəş ətrafında 32 ilə fırlanmasına görə, il 32 heyvanın adı ilə tərtib edilib. Yupiter 12 ilə fırlandığı üçün il 12-yə bölünüb. Konkretləşdirsək, it ili fevralın 16-sı başlayıb, 2019-cu il fevralın 4-ə kimi davam edəcək. Yəni yanvarın 1-i sadəcə təqvim dəyişir.

- Bu gün biz Çin təqvimi ilə gedirik, ancaq Zərdüştilik təqvimi də var.

- O, daha düzdür. Mən Zərdüştiliyin dərinliyinə vardım. Sən demə, astrologiya elə ordan yaranıbmış. İlk dəfə planetlərin, göy cisimlərinin Yerə, insanın həyatına təsirini onlar öyrənib. Ortaya konkret mexanizm qoyublar. Deyirlər, Makedoniyalı İsgəndər o vaxt “Avesta”nı tamam yanıdırıb, ancaq yalandır. Təkcə dini ayinlər olan hissələrini yandırıb. Elmi, astronomik, astroloji hissələri isə aparıb Makedoniyada, İskəndəriyyədə tərcümə etdirib. Həmin kitab İskəndəriyyə kitabxanası yandırılanda külə dönüb.

Bir məqama da xüsusi diqqət çəkmək istəyirəm. “Avesta”nın tərcüməsindən sonra həmin biliklər Şumer, Yunanıstan, Roma istiqamətinə yayılıb. Təzədən ordan bizə dəyişmiş, çirklənmiş formada, yeni variantda qayıdıb.

Mən “Avesta” astrologiyası ilə məşğul olarkən gördüm ki, Çin, Yapon, Hindistan təqvimi çox asandır. İldə bir dəfə, Novruz bayramında qəzetimizdə Avesta astrologiyasını xüsusi buraxılış halında dərc edirdim. Dəvə, Pələng, İnək, Bəbir və s... bu adda illərdir. Bu təqvimlərin hər birinin özünə xas xüsusiyyətləri var. Məsələn, Avesta təqvimində İnək ilinin əksi Yarasadır. Bu əlamətlər insana köçürülür. İnək insanın müsbət, yarasa mənfi tərəfini göstərir. Onlar bununla izah edirlər ki, tam müsbət, yaxud tam mənfi xarakterdə insan yoxdur.

- Bəs İt ili necə ildir?

- İt ili sülhpərvər, barışıq ilidir. Araşdırmalar zamanı gördüm ki, tarix boyu it ilində demək olar ki, bir dənə də müharibə başlamayıb. Əksinə, xeyli sayda sülh müqavilələri olub.

- Bəs ən etbarlı hansı ilin insanlarıdır? Atlar, yoxsa itlər?

- Hər ikisi. Sahibi öləndən sonra intihar edən, yaxud həmin evdən uzaqlaşıb gedən itlər var. Özünü qayadan atan atlar var. Bu xüsusiyyətlər həmin ildə doğulanlara da sirayət edir.

- İtlə at ilinin insanları evlənərsə, xoşbəxt ailələri olar. Bu doğrudurmu?

- İt, at, pələng bir-biri ilə ailə qurarsa, uyğun görünür. Ancaq bir məsələ var ki, onların bürcləri, genetik kodları da uyğun olmalıdır. Həmçinin cütlüyün tərbiyə metodu fərqlidirsə, artıq uyğunlaşa bilməzlər. Ortaq dəyərlər olmalıdır. Məsələn, cütlüyün hər iki tərəfi jurnalistdirsə, artıq onların müzakirə edə biləcəyi bir ortaq məxrəc olacaq. Ancaq hərəsi bir aləmin adamıdırsa, əlbəttə ki, sözləri tutmayacaq. Sonra nəsildən, ərazidən, regiondan gələn fərdi xüsusiyyətlər də var. Tutaq ki, At ili Şir bürcündə doğulan biri güclü xarakterdə insandır. Ancaq atası fırıldaqçıdır, hamıya pul atır, gündə evinə gəlib təzyiq edirlər. Bu adam da baş verənləri görür. Bütün bunlardan sonra həmin adamın içindəki qürur, qəhrəmanlıq ölüb qorxaqlığa çevrilir. Elə insan da olar ki, zəif ildən, bürcdəndir, ancaq sən onu elə tərbiyə edib, başa salarsan, tam başqa adam olar. İnsan 7-dən 77-yə tərbiyə almalıdır. Məsələn, özüm siqaret çəksəm də, 60-dan çox adama siqareti tərgitdirmişəm. Bir nəfər var idi, nə qədər etdim ona siqareti tərgitdirə bilmədim. Psixoloqa da yolladım, bir xeyri olmadı. O Zərdüştilikdə deyilir e... 1000 dərdin, 1001 dərmanı var. Əslində, 1000 dərdin 1000 dərmanı olmaldır də. Niyə 1001? Sonra anladım ki, biri dua imiş. Dedim, dua edək, görək necə olur. Bir gün adam gəldi ki, siqareti atmışam. Bu boyda etdiklərimiz təsir etməyib. Evdə balaca qızı iməkləyə-iməkləyə gəlib, külqabıdan siqaret kötüyünü götürüb, ağzına qoyub. Bütün yediyini qaytarıb. Artıq 7 ildir ki, adam siqareti dilinə də vurmur. Yəni ani anların da insana çox təsiri var.

- Bu il haqqında nə deyirsiniz?

- Bu ilə heç nə deməyəcəm. Çünki bəzi nəqativ şeylər olacaq, ona görə demək istəmirəm. Hər il 50-60 proqnoz hazırlayıram. Onun sadəcə 20-sini açıqlayıram. Ancaq gələn il deyəcəm. 2006-cı ildə İt ili idi, onda da deməmişdim. Çox adam elə bilir ki, mən yazıram deyə düz çıxır. Əslində isə olacaq deyə, mən yazıram.

- Bunları necə müəyyən edirsiniz?

- Camaat elə bilir bədahətən deyirəm. Yox. Astroloji təqvim var. Kimin haqqında nə deyəcəmsə, onun doğum tarixinə kimi öyrənib cədvəl qururam.

- Bəs şou-biznes aləmindəkilərə nə deyirsiniz?

- Heç vaxt şoudan heç nə demirəm. Çünki ciddi işlərlə məşğul oluram. Ancaq ümumi olaraq deyim ki, bu ilin aparıcı bürcləri Buğa və Tərəzi olacaq. İlin aparıcı işarələri it, pələng, atdır. İlin rəngi sarı, narıncı, mavi, göydür. İlin daş-qaşı sapfir, əqiq, zümrüd, mirvaridir. Yəni bu daşlar daha güclü təsir edəcək. İlin metalı bürünc, çiçəyi bənövşə, qızılgül, talismanı ürək, qızıl öküzdür. Planeti Venera, uğurlu ayları may, oktyabr, uğursuz ayları aprel, noyabrdır. Düşərli günü bazar ertəsi, cümə, ağır günü çərşənbə axşamı, bazar olacaq.
İlin düşərli təqvimləri 2, 3, 4, 5, 7, 8, 9, 14, 19, 22, 27-dir. İlin numeroloji təqvimi 2-dir. İlin uğurlu saatları 04:00-06:00, 12:00-14:00, 20:00-22:00, uğursuz saatları 00:00-02:00
08:00-10:00, 16:00-18:00-dır. İlin aktiv əraziləri Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq, Əfqanıstan olacaq.

- Astrologiyanın izoterika, numerologiya və xeromantiya elmləri ilə bağlılığı var?

- Qədim dövrdə münəccim adı hər şeyə aid edilirdi. Hətta şəfakara da münəccim deyirdilər. Bir nəfər astrologiya ilə məşğul olurdu, həm də yanına gedənə kitab açırdı, dua yazırdı. Hamı da elə bilirdi ki, astroloq həm də baxıcıdır. Əslində elə deyil. Astorolq da insan taleyindən deyə bilər. Ancaq baxıcılıqla və ya bioenerjilə əlaqəsi yoxdur. Adamın doğum tarixindən tutmuş, qan qrupuna kimi deyin, 1 həftəyə deyim, onu qarşıda nə gözləyir, nə olacaq. Ona astroloji cədvəl cızacam. Mənim cədvəlimin təsiri yoxdur. Yalnız uğurlu və uğursuz zaman kəsiyini tapıb, olanları deyirəm. İnsanın üzərinə düşən öhdəlikləri deyirəm, o da edir. Eləsi var, gəlir deyir, məni elə et ki, rəis olum. Gülürəm. Nə deyim?..

Bax, bu ətrafımızdakı təbii daşlar astrologiyanın bir bölməsində var. Amma xeromantiya, rəqəm, qara pişik və s. yoxdu. Bir verilişə çağırmışdılar məni. Mən astrologiyadan danışıram, bunlar məni mistikaya çəkir. Axır dedim, ay qardaş, astrologiya mif demek deyil axı. Verilişin axırında bir qız dedi ki, Səbuhi müəllim, adamın qabağından qara pişik keçir e, o nə deməkdir? Dedim, o deməkdir ki, qara pişik harasa gedir.

- Ancaq siz bu ilin numeroloji rəqəmi kimi 2-ni göstərmisiniz.

- Hə, bunu tapmaq asandır. 2018 rəqəmini axıra kimi topla. 2+0+1+8=11=1+1=2 edir. Onu deyim ki, mənim üçün rəqəm heç bir təsirə malik deyil.

- İnsan davamlı, 11:11, 12:12, 22:22 və s. qoşa rəqəmlər görür. Bunların numerologiyada hər birinin mənası açıqlanıb.

- Mənim üçün bir mənası yoxdur. Buna Avropada daha çox inanırlar. Xaricdə 12-ci mərtəbədən sonra 14-cü mərtəbə gəlir. 13 olanda nə olacaq ki? Bu ancaq özünü aldatmaq deməkdir.

- Astrologiyanın Fen-şue ilə əlaqəsi varmı?

- Əslində, astrologiya gizli elmdi. Ona bəzən vahid elm, izoterik elm deyilir. Sadəcə, elm müəyyən həddə qədər gəlir. Adi yuxunu, intuisiyanı elm izah edə bilmir. Ancaq var. İzah olunmayan tərəflərinə başlayırlar mistika, izoterika qatmağa. Astrologiya göy cisimlərinin hərəkətinə uyğun olaraq, yerdə baş verən hadisələri təyin edir. Baxın, əkiz uşaq doğulur, aralarında 40 dəqiqə vaxt olur. Onların xasiyyəti fəqlidir. Mən astrologiyaya inkarçı mövqe ilə gəlmişdim. Bizim evdə də iki qardaşım əkizdi və fərqli xarakterləri var. Düşünürdüm ki, bu necə olur? Sonra araşdırmalarda gördüm ki, planetdə sürüşmə baş verir və bu insanın xarakterinə təsir edir. Hansısa bir kənd, rayon deyəndə, deyirlər ki, sakit camaatdı. Amma o demək deyil ki, orda hər bir fərd sakitdir. Ümumən götürülür.

- Bayaq daşların astrologiyada yeri var dediniz. Necə yəni?

- Bəli, klassik astrologiyada hər bürcün öz daşı var. Hətta bürclər tapılmamışdan öncə göy cisimləri ilə məşğul olan insanlar da bunu araşdırıblar. Məsələn, o vaxt yeni ay çıxanda hansı daşı gəzdirmək qaydasına kimi var idi. Hətta həftələrə görə də daşları bölmüşdülər. Bazar günü mirvari, selenit, amazonit, büllur taxılarmış.

Çərşənbə axşamı gematit, geasit, ametist, qırmızı yaşma. Çərşənbə günü xrizolit, əqiq, büllur, serdolik, mirvari. Cümə axşamı sapfir, lazurit, firuzə, mərmər. Cümə günü firuzə, zümrüd, mirvari, çaroit, ləl. Şənbə oniks, topaz, malaxit, yaşma. Bazar günü almaz, yaqut, xrizolit, Süleyman daşı. Astrologiyada ən dəyərli daşlar yaqut, brilliant, mirvari, zümrüd, əqiq, ametist, sapfir, akvamarindir.

Bürclər görə isə qoçların daşları almaz, yaqut, Süleyman daşıdır. Buğa bürcünə firuzə, sapfir məsləhət görülür. Ancaq kəhrəba daşından uzaq durmaları məsləhət edilir. Əkizlər bürcünə əqiq, xrizopraz, beril istifadə edib, nefritdən uzaq olmaları məsləhətdir. Xərçəng bürcünə ay daşı, dağ bülluru, zümrüd, mirvari, pişik gözü məsləhətlidir. Şirə sarı rəngli bütün daşlar uyğundur. Kəhrəba, xrizolit, topaz, alivit, brilliant, yaqut məsləhətlidir. Qız bürcünə gümüşə salınmış nefrit, serdolik uyğundur. Tərəziyə opal, lazurit məsləhətlidir, ancaq oniksdən uzaq olsunlar. Əqrəbə bürcü akvamarin, mərcan, yaqut məsləhtlidir. Oxatanlar ametist, topaz, xrizolit məsləhətlidir, nefrit təhlükəlidir. Oğlaqlar yaqut, tünd oniks, malaxit taxsalar, yaxşı olar. Dolçalara Süleyman daşı, sirkon, balıqlara isə mirvari, ametist məsləhətlidir. Bütün bunlardan başqa, “Tövrat”da Süleyman daşının adı çəkilir. Həmçinin əlvan daşların əhəmiyyətindən bəhs olunur. Orta əsr astroloqlarının demək olar ki, hamısı təbii daşların gücündən danışıb. Elə daşlar var ki, onlar öz bürcünün xəsətliyinin aradan qalxmasına kömək edir. Henrix Allberri söyləyib ki, insanlar daşları qızıl halqaya salıb üzərlərində gəzdirərlərsə, onlara çox böyük köməyi olar. Daşları yeni istifadə etdikdə daha güclü olurlar. Sonradan mənfi enerjini toplayırlar deyə, zəifləyirlər. Belə olduqda bəzi daşları axar suda saxlamaq lazımdır ki, yenidən güclənsin.

- Nostradamus, Vanqa kimi məşhur insanlar haqqında nə deyə bilərdiniz?

- Nostradamus gerçək insan deyil. Elə adam olmayıb. Bunu alimlər 2006-cı ildə sübut etdilər. Bir neçə adam onun adından dünya siyasətinə müdaxilə etmək üçün fikirlər yazıb. Tarixdə bircə Nostradamus olub, o da Dördüncü Karlın həkimi imiş. Vanqa isə gerçək şəxsiyyətdir. Ancaq onun da adından bir sürü fikirlər uydurublar. Yalandır. Ancaq Edqard Keysin proqnozlarının çoxu düz çıxır. Sonra Jano Neyro olub. 13-cü əsrdə elektron gəlincik hazırlayıb. Onun da indiyə kimi verdiyi proqnozların hamısı düz çıxıb.

- Toy günü gəlinlə bəyin nə geyindiklərinin, məsələn, ağ-qara paltarların, hətta ayaqqabıların onların gələcək həyatlarına təsiri olduğu söylənilir. Bu nə dərəcədə doğrudur?

- Bəzi şeylər var ki, inancdan yaranır. Məsələn, deyir isti suyu torpağa tökməzlər. Yaxud qoz ağacının altında yatmazlar, cin-şeytan olur. Ancaq elm sübüt etdi ki, qoz ağacı karbon qazı buraxdığına görə, altında yatan adam boğulur. Və boğulan adam da əlbəttə yuxusunu qatır. Cin-şeytanlıq bir şey yoxdu yəni. Yaxud mədəsi ağrıyan adam yuxusunu qata bilər. Ancaq hamamda yatan adam yuxusunu qata bilməz. O vaxt deyirdilər ki, qaranquş aşağıdan uçursa, yağış yağacaq. Sonra oxudum ki, yağışdan qabaq havada rütubət yaranır. Lap yuxarıda uçan balaca cücüləri nəmişlik aşağı basır. Qaranquş da onları yemək üçün aşağıdan uçur. Yəni hər şeyin bir izahı olmalıdır və var. Bəzilərini bilirik, bəzilərini yox. Bəzi məsələlər var ki, onların haqqında danışmaq istəmirəm, düşünürəm ki, əvvəlcə elmi izahı tapılsın, sonra danışaram.

Metbuat.az\\ Tahirə Əlirzayeva

Foto\\ Sərvan Şəldiyev

“Çox ehtiraslıyam, ona görə də...” - MÜSAHİBƏ-FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR