Budəfəki müsahibimiz Lider Tv-nin xəbər aparıcısı Aynur Vəliqızıdır. O çox az aparıcılardandır ki, süni yollarla gündəmə gəlməyi sevmir, bu cür xəbərlərin hədəfinə çevrilməkdən qaçır. Məhz bu xüsusiyyətlərinə görə də yazılı media oxucuları onun haqqında çox az şey bilirlər. Halbuki cəmiyyətin belə insanlardan öyrənəcəyi çox şey var. Əsas da gənclərin.
- İlk sualım bir xeyli ənənəvi olacaq. Çünki bu sualın cavabı həm də oxuculara müsahibləri daha yaxından tanıdır. Aparıcılığa necə gəlmisiniz?
- Jurnalistika fakütləsinin 3-cü kursunda oxuyurdum. Bir gün müəllimimiz dedi ki, özünüzü sınayın, qabağa getmək üçün cəhd edin. Mən də həmin vaxtlar kiçik hekayələr yazıb, qəzetlərə verirdim. Eşitdim ki, AzTV-də təhsil-tədris redaksiyasına aparıcı lazımdır. Fikirləşdim ki, gedim, özümü sınayım. Getdim, yoxladılar və bəyəndilər. Hər şey nağıl kimi bir həftənin ərzində oldu. Əvvəl-əvvəl mənə çatmırdı. Ancaq eşidirdim ki, hamı məndən, təzə işimdən danışır. AzTV mənim üçün böyük bir məktəb oldu. Ora gedəndə heç mikrofon tutmağı bilmirdim. Rəhilə Sultanqızı, Rövşən Nicat mənə öyrətdilər ki, mikrofon jurnalistin silahıdır, onu möhkəm tutmaq lazımdır. Onlara çox təşəkkür edirəm. Aparıcılığa yeni başlamışdım, hələ mənə çatmırdı. Öz-özümə deyirdim ki, bu nədi e, xırda şeylərdən ötrü adamı danlayırlar. Sonra böyük verilişlərdə aparıcı kimi çəkildim. Çəkiliş zamanı belə dur, belə et, belə bax, elə demə filan deyirdilər, mən də küsürdüm. Təbii ki, beləcə hər detalı örənə-öyrənə peşəkarlaşdıq. O dönəmlərdə məşhur bir jurnalist vardı. Bir gün mənə dedi ki, yaxşı aparıcı olmaq istəyirsənsə, yaxşı jurnalist olmalısan. Sosial sahəni, siyasəti yaxşı bilən jurnalist peşəkar aparacı ola bilər. Bunları yaxşı bilməsən, sənə inanan olmayacaq. Sonralar bu həqiqəti tam anladım ki, tamaşaçının sənə inanması vacibdir. Heç inanmazdım ki, bizi o qədər insan izləyir. Ancaq həqiqətən də bölgələrdən çox izləyirlər.
Nə az, nə çox, düz 17 il keçdi. Bundan sonra jurnalistikanı çox sevdiyim üçün bir müddət “Space” kanalında müxbir kimi işlədim. Hazırda isə “Lider” kanalında xəbər aparıcısı kimi işləyirəm.
Ümumiyyətlə, aparıcının işi çətindir. Müxbir kimi işləyib, jurnalist kimi fəaliyyət göstərib xəbər aparıcılığına gələndə, dediyin sözün çəkisini də bilirsən. Elə olur ki, efirdə oxuyacağın materialda hansısa bir səhv olur. Düzdü, aparıcıdan əvvəl buna müxbir, redaktor baxır. Ancaq redaktorun gözündən də yayınan məqam ola bilər. Aparıcı savadlı olsa, bunu dərhal anlayır. Olmasa, eləcə də yayımlanır. Həm də jurnalist, aparıcı təqdim edəcəyi xəbəri mütləq dəqiqləşdirməlidir. Çünki insanlarda sənə olan inam itdisə, bir də baxmayacaqlar.

- Sizcə, xəbər aparıcısı hər mövzuda proqram apara bilər?
- Əslində, mən o sınaqlardan keçmişəm. Xəbər aparıcısı ola-ola bir neçə layihələrdə işləmişəm. Mənim üçün çətin olmadı. Ancaq fikirləşirəm ki, xəbər aparıcıları bir balaca fərqli olurlar. Biz suflyordan oxuduğumuz üçün bəziləri deyir ki, xəbər aparıcılığı insanı kütləşdirir. Yəni burda o qədər də inkişaf etmirsən. Bunun qarşısını almaq üçün xəbərlərdən sonra mütləq fikir bildirirəm. Şəxsi fikrimi yox təbii. Həmin mövzu ilə bağlı bildiyim bir fakt varsa, onu deyirəm. Bu həm tamaşaçıya əlavə bilgi ötürmək, həm də özünü inkişaf etdirmək deməkdir.
- Bəs özünüz hansı aparıcıları izləyirsiniz?
- AzTV-də olanda demək olar ki, bütün aparıcıları izləyirdim. Bir az özünü yüksəkdən tutumuş kimi çıxmasın, həqiqətən də vaxt o qədər məhduddur ki, səhər açılandan axşama kimi günün haradan gəlib keçdiyini bilmirsən. Ancaq yenə də çalışıram hamını izləyim. Çünki əlaqələrim də var. Kimin ilk efiri olur, çalışıram mütləq baxım. Bizim səhər iclaslarımızda deyəndə ki, filan kanalda çox maraqlı bir xəbər verirdilər. Açıb həmin süjetə baxıram, təbii ki, aparıcının təqdimatına da diqqət edirəm. Ən əsası, öz-özünü izləmək lazımdır. Nə yaxşı ki, ətrafımda anam, atam var. Onlar ən böyük tənqidçilərimdir. Hər bir hərəkətimi izləyirlər. Birdən məndə elə xırda səhvlər tapırlar ki, özüm də təəccüblənirəm. Həmişə tanışlar mənə zarafatla söz atırdılar ki, özünü çox izləyirsən. Ancaq izləməsəm, səhvlərimi də görməyəcəm. Bir ara mimikadan çox istifadə edirdim. Bu bəzi tamaşaçılarda qıcıq yarada bilər. Yaxud da insanın özünəməxsus əl hərəkətləri olur ki, onu idarə edə bilmirsən. Onları maksimum çalışıram azaldım. Deyərdim ki, özüm-özümə baxıb səhvlərimi düzəldərək öyrənirəm.
- Bəs xarici aparıcıları izləyirsiniz?
- Əlbəttə. Baxıram. Dünya xəbərlərindən məlumatlı olmaq üçün çoxunu izləyirəm.
- Evlisiniz? Övladınız varmı?
- Bəli evliyəm. İki övladım var. Oğlum Muradın 10, qızım Nərminin 5 yaşı var.
- Bəs bu qədər işin içində baxımlılığınızı necə qoruya bilirsiniz?
- Buna artıq vərdiş etmişəm. Hələ yeniyetməlik yaşımdan özümlə, saçımla oynamğı sevmişəm. Bir maraqlı məqam danışım. Nənəm rəhmətlik bir az xəsətlənmişdi, bizə gəlmişdi. Mən də özümlə məşğulam, geyinirəm, bəzənirəm, düzənirəm. Nənəm uzandığı yerdən mənə fikir verirmiş. Anamdan soruşub ki, bu qız hara gedir belə? O da deyib, zibil atmağa. (Gülür) Hətta zibil atmağa gedəndə də saatlarla bəzənmişəm. Bu mənim həyat tərzimdir. Ümumiyyətlə, hər bir xanım baxımlı olmalıdır. Qadından gül qoxusu gəlməlidir. İşdə də gənc kadrlarımız soruşurlar ki, bunları necə çatdırırsınız? Biz 9-un yarısı işdə oluruq, onlar həmişə gəlib, məni bu formada görürlər. Bunun üçün hər səhər saat 7-nin yarısında dururam.
- Axşam neçədə yatırsınız? İnsanı gözəlləşdirən melatonin hormonuna diqqət edirsiniz?
- Hələ ki, 12-dən tez yatdığım olmayıb. Ancaq çalışıram normal yuxumu alım. Yuxu efir adamı üçün çox vacibdir. Səhər aparıcının beyni işləməli, yorğun görünməməlidir.
- Hansı özünə baxım vasitələrindən istifadə edirsiniz?
- Yaralı yerimdi, ancaq özüm nə bacarıramsa, onu da edirəm. Çünki fitneslə məşğul olmağa zamanım yoxdur.
- Dəriniz çox gözəldi. Onu necə qoruyursunuz bəs?
- Üzümə heç nə etmirəm. Bir çoxları buna təəccüb edirlər. Ancaq mən həqiqətən də kosmetoloqa getmirəm. Heç bir estetik üsuldan istifadə etməmişəm. Nə burnuma, nə gözümə, nə üzümə, nə dodağıma heç nə elətdirməmişəm. Təvazökarlıqdan uzaq olsa da, həmişə deyirəm ki, mən Allahın sevimli bəndəsiyəm. Çalışıram üzümdə makiyaj çox qalmasın. Çox eşidirəm ki, xanımlar yorğunluqdan gecə yatarkən üzlərindən makiyajı silmirlər. Bu dəriyə çox ziyandır. Nə qədər yorğun oluramsa, olum, yenə də üzümü təmizləməmiş yatmıram. Daha çox saçlarıma vaxt ayrıram. Oxuculara ən çox istifadə etdiyim saç reseptini də deyim: 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı gənəgərçək yağı, yarım limon sıxıram, qarışdıraram. Hazır maskanı saçlarıma çəkirəm. 1 saat saxlayıram, sonra yuyuram. Ancaq kimin vaxtı varsa, axşamdan çəkib, başını bağlayıb, yata bilər. Səhər durub, yuya bilər. Saçlar daim boyalı, fen altında olduğu üçün daha çox diqqət ayrılmalıdır. Bu dediyim resept saçı möhkəmləndirir, parlaqlaşdırır.

- Qidalarda nəyə diqqət edirsiniz?
- Günümün çox hissəsi işdə keçdiyi üçün qidalanmamı da daha çox onlar görür. Mənə ürəkləri ağrıyır (Gülür). Demək olar ki, 5 ildir çörək yemirəm. Artıq vərdiş etmişəm. Yeməkləri də qədərində yeyirəm. Bir də həmişə xırda bir şeylər atışdırıram. Şöbə müdirimiz var, yaxın dostum Elnur Niftəliyev, həmişə zarafata salır ki, sənin ağzın dayanacaq, ya yox? Aclıq güc gəlməsin deyə, atışdırıram, yoxsa adam çox yeyir. Mədəni aldatmaq isə kökəlmənin qarşısını alır. Qaynanmış mal əti, toyuq əti yeyirəm. Səhər kəsmik yeyirəm, qara çayla aram yoxdu deyə, əvəzinə yaşıl çay içirəm. Bolluca su qəbul edirəm. Meyvə ilə aram yoxdu. Ancaq özümü alma yeməyə məcbur edirəm. Çünki alma da dərini gözəlləşdirir.
- Bəs mütaliəyə necə, vaxt ayırırsınızmı?
- Çox sevirəm. Hər gün yatmazdan öncə mütləq oxuyuram. Bir kitabı gec qurtarıram, ancaq oxuyuram. Daha çox dostlarımın kitablarına üz tuturam. Gənc yazarları oxuyuram. Mənə hədiyyə olunan bütün kitabları oxumağa çalışıram. Ola bilər bəsitdir, savadsız mətndir, ancaq təqdimatına getmişəmsə, açıb oxuyacam. Çünki bir vaxtdan sonra üz-üzə gələ bilərik. Kitab haqqında məndən soruşa bilər. Yalan danışmamaq üçün kitabdan məlumatım olmalıdır. Ona görə bu son dönəmlər daha çox dost-tanışın kitabını oxuyuram. Həm də yalan danışmağı sevmirəm.
- Yazılı mediada adınıza nadir hallarda rast gəlirik. Bu nə ilə bağlıdır?
- Arada müsahibə, açıqlama üçün müraciət edirlər. Mediada dostlarım çoxdu. Ancaq hamısından xahiş etmişəm ki, qalmaqallı hallar olmasın. Bir də əsas odur ki, sənin müsahibə verəcəyin şəxs güvəndiyin jurnalist, yayımlayan qurum inandığın portal olsun. Bilirsən, bəzən deyilən söz başqa cür yazılır. Bu bizdə də olur. Zəng edib deyirlər ki, mən başqa cür danışmışam, onlar başqa cür veriblər. Yəni necə gəldi tanınmaqdansa, efirə gec-gec çıx, müsahibən az olsun, ancaq səviyyən itməsin. Mənə ucuz məşhurluq heç vaxt lazım olmayıb. Onu etməyə qalsa, çox asan yollar var. Məsələn, canlı efirdə halın pisləşə bilər. Yaxud bir gic status yazarsan, hamı səndən danışar. Bunlar məni heç vaxt maraqlandırmayıb. Müğənni də deyiləm ki, deyim, toy tutmalıyam filan. Ona görə də dost-tanışdan xahiş etmişəm ki, istəmədiyim şeyləri verməyək. Efirə qonaq kimi gedərkən də özümdən, işimdən danışmışam.
Bilirsiz, mən fikirləşirəm ki, qoy tamaşaçı bizə baxıb zövqünü formalaşdırsın. Biz hamımız kütlənin zövqünə uyğunlaşsaq, hansısa səviyyəli xəbərdən, efirdən əsər-əlamət qalmaz.
- Bir bizim TV-lər var, bir də dünya TV-si. Məsələn, heç Avropaya getməyək, Rusiya, Türkiyə TV-lərini deyək. Müqayisə edərkən hansı qənaətə gəlirsiniz?
- Biz hələ inkişaf etməkdə olan ölkəyik. Çoxu hələ bunu başa düşümür. Fikirləşirlər ki, bizdə birdən-birə olmalıdır. Axı bizim Amerika olmağımıza çox var. Tamaşaçılar da, aparıcılar da hələlik bununla qane olmalıdırlar.

- Bu gün aparıcılarda diksiya, ləhcə səhvləri də tutulur. Bu təcrübə azlığı ilə bağlıdır?
- Yox, bunu birbaşa yaşla əlaqələndirmirəm. Elə gənc aparıcılar var ki, baxıb, “halal olsun” deyirəm. Çünki öz üzərlərində çox işləyirlər. Diksiya, intonasiya, vurğu... hər şey öz yerindədir. Çalışırlar maksimum səhvsiz efir aparsınlar. Əslində, bəzi səhvlərə göz yummalıdırlar. Nə qədər desən də ki, mən peşəkaram, yenə hardasa səhv edəcən. Onu tamaşaçı görməyə bilər, ancaq belə hallara rast gəlinir. Xəbər apararkən qulağımızda qulaqlıq olur. Efir rejissoru, prodüserlə danışırıq. Bir xəbəri oxuduğun yerdə qulağına digər xəbəri deyirlər ki, indi bunu filan cür deyəcəksən. Bəzən tamaşaçı baxıb deyir ki, üzündən də oxuya bilmir. Ancaq həqiqətən də elə deyil. Çox çətin məqamlarımız olur. Bu cür texniki qüsurlar ən inkişaf etmiş ölkələrdə belə var. Aparatdır də, birdən dayanır, hansısa bir qüsur yaranır. Əsas odur ki, özünü itirmədən həmin vəziyyətdən çıxasan.
- Belə halla qarşılaşmısınızmı? Siz özünüzü elə çətin durumlardan necə çıxarırsınız?
- (Gülür) Mənim özümdə bəyəndiyim bir xüsusiyyət var. Ətrafımdakılar da bunu bəyənirlər. Vəziyyətdən çıxmağı çox məharətlə bacarıram. Heç vaxt özümü itirmirəm. Real həyatda da hansısa bir pis hadisə olanda özümü itirmirəm. Ani məqamda beynim nə qərar verirsə, onu da edirəm. Hansısa texniki səhv olduqda, xəbərin ardını özümdən deyirəm. Sonra da baxıram ki, çox yaxşı alınıb. Elə olub şiddətli baş ağrısı ilə efirə çıxırıq. Çünki hərənin bölünmüş iş saatı var. Efirə 30 dəqiqə qalmış heç kimə deyə bilmirsən ki, başımdan möhkəm ağrı qalxıb. Heç kimə heç nəyi bəlli etmədən xəbəri aparırsan. Yüksək qızdırma ilə də efir apardığımız olub. O efir saatı ki, gəlib çatır, saniyələr sayılır, inanın, həyəcandan bütün bədənin keyiyir, ağrılar azalır. Bir də efir qurtaranda görürsən ki, son nəfəsindəsən. Efir mənim üçün xırda bir şey deyil. Hətta efirə az vaxt qalanda heç bir telefon zənginə cavab vermirəm. Çünki neqativ söz eşidə bilərəm. Bax, bu şeylərə görə deyirəm ki, gənclər efir məsuliyyətini tam olaraq dərk etmirlər.
- İndi tamaşaçı hərəkətlilik, dinamika istəyir. Əksər ölkələrdə xəbər bu istəyə uyğun, daha canlı hazırlanır. Ancaq biz xəbər işində demək olar ki, ənənəvi yolla gedirik. Xəbər aparıcısı müdaxiləsi isə qətiyyən olmur. Sizcə, bu ənənəni dağıtsaq, nə baş verər?
- Əslində son zamanlar bu ənənəni dağıdıblar. Artıq bir çox aparıcılar əl hərəkəti, emosiya ilə xəbəri təqdim edirlər. Hətta oturmurlar, xəbəri gəzərək çatdırırlar. Ancaq bu üsullar birmənalı qarşılanmır. Hərə bir cür qəbul edir. Bilirsiz nəyə oxşayır? Elə bil televiziya sürətli axan çaydır. Bizim hamımızı atıblar o çayın içinə. Kimisi heç nə etmir, dayanıb hərəkətsiz, su özü onu aparır, kimisi o çayın sürətinə çatmağa çalışır, kimisi də çayın axarının əksinə üzməyə çalışır. Azərbaycan televiziyasının qayda-qanunları var: səliqəli, ciddi formada, oturub xəbəri təqdim etməlisən. Əlavə fikirlər bildirmirsən. Çünki bizə deyirlər ki, aparıcı fikir bildirməməlidir. Aparıcı neytral olmalıdır. Aparıcı da var ki, deyir, bunların hamısına son qoymaq lazımdır. Düzü, mən özüm də xəbəri oxuduqdan sonra bildiyim bir tarixi fakt varsa, onu əlavə edirəm.

- Şou tipli verilişlərin əksəriyyətinin aparıcıları qısa müddətdə məşhurlaşırlar. Bu isə məşhurlaşmaq həm də yaxşı pul qazanma şansı deməkdir. Bütün bunlara baxıb heç şou tipli veriliş aparmaq istəyinə düşmüsünüzmü?
- (Gülür) Maraqlısı odur ki, mənə belə çox təklif gəlib. Qonşu kanallardan da müğənnilərlə böyük layihə filan təklif ediblər. Razı olmamışam. Bilmirəm niyə. Ümumiyyətlə, mən kompleksli adamam. Hətta toya gedərkən belə xəbər aparıcısı olduğum üçün az oynayıram. Baxmayaraq ki, çox gözəl rəqs edə bilirəm. Şou aparıcısı da rahat oynamalıdır, gülməlidir, oxumalıdır. Bunlar məndə yoxdur. Yəqin bu xarakterlə əlaqəlidir. Çox zarafatı, şitliyi sevmirəm. Müğənnilər çox sərbəstdirlər. Veriliş əsnasında mənimlə zarafat edilsə, xoşuma gəlməsə, sərt reaksiya verə bilərəm.
Metbuat.az\\Tahirə Əlirzayeva
Foto: Sərvan Şəldiyev