Azərbaycan Ağsaqqallar Şurası 11 aprel prezident
seçkiləri ilə bağlı yığıncaq keçirib.
İclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov
Azərbaycanda seçkilərin nümunəvi keçirildiyini, demokratiyanın,
insan haqlarının qorunduğunu deyib: "Əminəm ki, seçkilər uğurla
keçiriləcək. Bu gün ağsaqqalların yığışmasının məqsədi ölkədə
sabitlik, insanların dinc, xoşbəxt həyat sürməsi və Heydər Əliyev
yolunun davam etdirilməsinin zəruriliyini gənclərə, əhaliyə
ağsaqqal sözü ilə çatdırmaqdan ibarətdir. Ölkə inkişaf edirsə, bu,
gənclər üçündür. Ölkənin gələcəyi gənclərin gələcəyidir".
Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, millətlərarası
münasibətlərdə nümunəvi ölkə kimi tanındığını vurğulayan F.
Heydərov bildirib ki, Azərbaycan bugünkü inkişaf və tərəqqi
səviyyəsinə görə dünya dövlətlərinin hamısından fərqlənir.
Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədr müavini Teymur
Bünyadov 11 apreldə keçiriləcək seçkilərin demokratik şərtlərə
cavab verdiyini söyləyib. O, Heydər Əliyevin təməlini qoyduğu
siyasi yolun uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının digər üzvləri də hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar. (apa)