Milli.Az bildirir ki, ARB 24 sosial şəbəkələrə tələbatla bağlı süjet hazırlayıb.

Statistik göstəricilərə görə, Azərbaycanda 3 milyondan çox internet istifadəçisi var. Onların da əsas hissəsini gənclər təşkil edir.

Son illər sosial mediaya orta və yaşlı nəslin də marağı artıb. Bu da onu göstərir ki, internet artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Rəsul Əliyev - Sakin: "Günümün yarısı bununla keçir. Sosial paylaşımlar və filmləri izləyirəm".

Qüdrət Rəhimov - Sakin: "Dəhşət vaxtımı alır. 24 saatın 10 saatını alır".

Mütəxəssislər müəyyənləşdirib ki, insanlar gün ərzində sosial şəbəkələrə orta hesabla 13-15 saat vaxt sərf edirlər. Bu, o deməkdir ki, əhali arasında internetdən asılılıq getdikcə artmağa başlayır. Məlum məsələdir ki, hamı sosial şəbəkələrdən eyni məqsədlər üçün istifadə etmir. Kimisi bura maariflənmək, karyera qurmaq, kimisi də əyləncə və vaxt keçirmək məqsədilə daxil olur.

Mütəxəssislər bildirir ki, sosial şəbəkələrdə boş-boşuna vaxt keçirmək asılılıq sayılır. Amma istifadəçilərə internetin faydalı tərəfləri aşılanarsa, yəni internet üzərindən özlərinə biznes və ya karyera qursalar, maariflənsələr, ölkənin maraqlarını təmin edən işlə məşğul olsalar, bu, asılılıq həddinə çatmır. Çünki burada konkret məqsəd olur.

Son illər real ünsiyyətin virtual münasibətlərlə əvəz olunması isə psixoloqları narahat edir. Bildirilir ki, virtual aludəçiliklə bağlı onlara müraciət edənlərin sayı artıb. Darıxdırıcı həyat tərzi sürən insanlar sosial şəbəkələrdən daha çox asılı vəziyyətə düşür. Bu da depressiyaya və bir sıra problemlərə yol açır.

Həkimlər də internetdə çox vaxt keçirməyin sağlamlığa ziyan vurduğunu bildirirlər. Əzələlərin gərilməsi, gözlərdə quruluq, bel və miqren tipli baş ağrılar, qida rejiminin pozulması kimi fəsadlar yaradır. Kaliforniya Universitetinin alimləri isə apardıqları eksperiment zamanı belə qənaətə gəliblər ki, sosial şəbəkələrdən asılılıq xroniki yorğunluq və yuxusuzluğa səbəb olur. Əgər bu kimi problemlərlə üzləşmək istəmirsinizsə, internetə asılılıq dərəcəsində aludə olmayın.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri - VİDEO - FOTOSosial şəbəkələrin mənfi və müsbət tərəfləri