Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov ulu öndərin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründəki misilsiz xidmətlərindən, müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan danışıb, onun fəaliyyətinin əsas qayəsini elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibətin təşkil etdiyini bildirib.

A.Məhərrəmov Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını xatırladaraq onun hər zaman BDU-ya xüsusi diqqətlə yanaşdığını, qarşıya qoyduğu ali məqsədlərin universitet kollektivinin fəaliyyətinin əsasına çevrildiyini qeyd edib. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir”, - deyən rektor A.Məhərrəmov ümummilli liderin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Bakı Dövlət Universitetinin professoru, millət vəkili Fəzail İbrahimli çıxış edərək dahi şəxsiyyətin keçdiyi mənalı həyat yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycana rəhbərliyi dövründə ölkəmizin hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir ümummilli lider Heydər Əliyev haqqında filmin nümayiş etdirilməsi ilə başa çatıb.