26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən
artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb
olub.
Publika.az xəbər verir ki, DANA Çexiya istehsalıdır və
Azərbaycan bu artilleriya silahını 2017-ci ildə alıb.
“SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı “Tatra”
şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80
km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5
nəfərdir. Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37
kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən
+70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə
sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə
doldurulduqda 2 mərmidir.
Bu artilleriya qurğuları hərbi paradda nümayiş olundu. İyunun 27-də
isə Çexiyadakı erməni diasporu Praqa şəhərində Azərbaycana silah
satışına qarşı aksiya keçirdiblər. Əllərindən heç nə gəlməyəndə
hay-küy salmaq klassik erməni üslubudur.
Ermənistanı narahat edən digər məqam Çexiyanın Azərbaycanla hərbi
əməkdaşlığı davam etdirməsidir. Məlumatlara görə, Çexiya
Azərbaycana artilleriya qurğuları ilə yanaşı, daşınabilən raketlər
və yaylım atəşi açan reaktiv sistemlər də satmağa hazırlaşır.
Çexiyadan və Slovakiyadan biznesmenlər Azərbaycana daşınabilən
raket quraşdırmalarının, özüyeriyən artilleriyanın və yaylım
atəşinin (odunun) reaktiv sistemlərinin böyük partiyasını satmağa
hazırlaşırlar.
Erməni şərhçi Tevos Arşakyan isə bu məsələdə Çexiyanı yox, İsraili
ittiham edib.
Onun iddialarına görə, silahları Azərbaycana Çexiya yox, İsrail
verib.
“Silahların yükləndiyi təyyarə Bratislava şəhərindən İsrailə uçdu
və İsrailin hərbi aerodromlarından birinə endi, lakin bir neçə saat
sonra həmin təyyarə havaya qalxdı və Azərbaycana doğru uçdu”, -
deyə o iddiasında qeyd edib.
Bu iddialar təsdiqini tapmır, lakin doğru olsa belə bu,
Azərbaycanın hərbi diplomatiyasının gücünü göstərir. Çünki Avropa
İttifaqı münaqişə edən tərəflərə silah satılmasını qadağan edir,
lakin Bakı arsenalına daxil etmək istədiyi silahı heç bir qanunu
pozmadan əldə edə bilir. Əslində Ermənistanı dəhşətə salan amil
məhz budur.
Arşakyan təklif edir ki, ermənilər İsrailə qarşı İranla,
Fələstinlə, həmçinin, bir neçə ərəb ölkəsi ilə birləşməlidir.
Asif