İyulun 7-də Stiven Cerrard "LA Galaxy" futbolçusu kimi ilk məşqinə çıxıb. Bundan sonra mətbuat konfransına qatılan ingilis yarımmüdafiəçi medianın suallarını cavablandırıb.
Goal.az xəbər verir ki, Cerrard yeni klubunda top qovmuş Bekhem və Donovanı xatırlayıb.
"Devid Bekhem və Landon Donovan komandada bir-birini gözəl başa düşürdülər. Bekhemin yolunu davam etdirsəm, xoşbəxt olaram. O, mənim qəhrəmanımdır. Millidə Devidlə birlikdə oynadığıma görə sevinirəm. Bekhem əla oğlan və gözəl futbolçudur. Bura gəlməzdən öncə ondan məsləhət aldım və bəzi şeyləri öyrəndim. Landon "Everton"un heyətində çıxış edəndə əks cəbhələrdə oynamışıq. Əminəm ki, onun yerini doldura biləcəm. Donovandan da bəzi məlumatlar almışdım. Landon "Galaxy"nin əfsanəsidir. Onun bəzi oyunlarına baxmışam. Onun izi ilə getmək istərdim. Baxmayaraq ki, transfer hələ 2014-cü ildə dəqiqləşmişdi, son 7 gündə daxilimdə həyəcan vardı. "Galaxy" klubuna keçəcəyimi hələ noyabrda elan etmişdim və hazırlaşmaq üçün kifayət qədər vaxtım vardı. Lakin mən və ailəm yeni evə, mühitə düşdük. Meydana çıxmağımı da eyni həyəcanla gözləyəcəm. Bura öyrəşmək üçün az vaxta ehtiyacım olacaq. "Galaxy"yə pis oynamaq, bəraət gətirmək üçün gəlməmişəm. Bazar günü komandanın "Toronto" ilə matçını izlədim. Böyük kluba, əsl çempionlara qoşulacam.
Milli.Az