“Merkelin səfəri onu göstərir ki, Cənubi Qafqaz Almaniyanın xüsusi diqqətindədir”

“Angela Merkelin səfərinin baş tutması onu göstərir ki, Cənubi Qafqaz Almaniyanın xüsusi diqqətindədir”.

Bunu Almaniya Kansleri Angela Merkelin Azərbaycana və ümumilikdə Cənubi Qafqaza səfərini Metbuat.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, Almaniya bu gün dünyanın aparıcı dövlətlərindən biridir: “Almaniya rəhbərliyinin hansısa bölgəyə səfəri böyük tarixi hadisə sayılır. Cənubi Qafqaz özünün strateji əhəmiyyətinə və iqtisadi perspektivlərinə görə, bu gün tək Almaniyanın deyil, dünyanın bir çox ölkələrinin diqqətini cəlb edir. Merkelin səfəri çoxdan gözlənilirdi. Ancaq iş burasındadır ki, Angela Merkelin bölgəyə səfəri əsasən Azərbaycana görədir.

Ermənistan heç bir aparıcı dövlət üçün maraq kəsb etmir. Gürcüstan bu gün demokratik inkişaf yolundadır, dünyaya inteqrasiya etməyə çalışır. Amma Gürcüstan da nə elə təbii sərvətlərə, nə də dünya iqtisadiyyatını maraqlandıracaq ciddi faktorlara malikdir. Azərbaycanın iqtisadi potensialı regionun iqtisadi potensialının 65%-ni təşkil edir. Azərbaycanın təbii sərvətləri bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.

Angela Merkel səfər zamanı bildirdi ki, regionda ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Onun Azərbaycanla tək neft-qaz ehtiyatları deyil, eyni zamanda digər sahələrdə də əməkdaşlıq barəsində danışıqlar aparması Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin böyük perspektivini göstərir. Həmçinin Almaniya ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə öz töhfəsini vermək istədiyini bildirir.

Almaniya bir qayda olaraq siyasi konfliktlərə, hərbi münaqişələrə münasibət bildirmir. Onu əsasən iqtisadi məsələlər maraqlandırır. Burada isə o, öz xarici siyasətinin ənənəvi istiqamətindən fərqli mövqe bildirdi. Həmçinin Merkelin Azərbaycandakı inkişafla bağlı söylədiyi fikirlər bir daha onu göstərir ki, Almaniya regionu diqqətdə saxlayacaq və Azərbaycanla bağlı böyük planları var. Azərbaycan bu əməkdaşlığa hazırdır və bunu həyata keçirəcək”.

Qeyd edək ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin avqustun 25-də Azərbaycana səfər edib. Prezident İlham Əliyev Merkelin səfərini tarix səfər adlandırıb və bildirib ki, bu səfər əlaqələrimizə yeni təkan verəcək.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Angela Merkel bildirib ki, bizim çoxtərəfli münasibətlərimiz var: “Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.

Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur. Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir. Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik.

Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq.

Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.

Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir”.

Qeyd edək ki, Angela Merkel Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstan və Ermənistana da səfər edib.

Günay Elşadqızı / METBUAT.AZ

“Türkiyə ilə ABŞ-ı ortaq maraqlar birləşdirir” – Politoloqdan AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR