Çinin Urumçi şəhərində Azərbaycan Şərab Evi fəaliyyətə başlayıb

Prezident İlham Əliyevin rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar üçün yeni bazarların tapılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində əhəmiyyətli işlər görülür.

Metbuat.az azertag.az-a istinadən xəbər verir ki, bu istiqamətdə xarici ölkələrdə ticarət evlərinin fəaliyyəti Azərbaycan məhsullarının tanıdılması, satışı və sərgisinin təşkilində əhəmiyyətli rol oynayır. Çinin Urumçi şəhərində fəaliyyətə başlayan Azərbaycan Şərab Evi də xarakterinə görə xaricdə açılan ilk məkandır.

Şərab evinin açılış mərasimində Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun rəsmiləri, Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri, ölkəmizin qabaqcıl şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində və Azərbaycan şərablarına həsr olunan mətbuat konfransında çıxış edən Muxtar Rayonun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, Çinin “YEMA International” şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başlayan Şərab evinin öz dadı və keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının Çin bazarına, xüsusən Sincan Uyğur Muxtar Rayonuna ixracında böyük rol oynayacağını deyiblər. Qeyd olunub ki, tarixi İpək yolu üzərində yerləşən ölkələrimiz hazırda Çinin “Bir kəmər, bir yol” strategiyası çərçivəsində əməkdaşlığı uğurla inkişaf etdirirlər.

Tədbir zamanı AZPROMO ilə “YEMA” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb. Sonra Azərbaycan Şərab Evi açıq elan olunub.

Qeyd edək ki, Urumçidəki Azərbaycan Şərab Evi Çinin Sincan Muxtar Rayonunun ən böyük şirkətlərindən olan “YEMA” korporasiyası ilə əməkdaşlıq çərçivəsində açılıb. Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin təklifi ilə şirkətin nümayəndə heyəti Azərbaycana səfər edərək, şərabçılıq müəssisələrinə baş çəkib, məhsulların istehsal prosesi və keyfiyyəti ilə yerində tanış olub, müvafiq araşdırma aparıblar. Nəticədə Azərbaycan şərablarının Çində satışının təşkili üçün Şərab evinin açılması barədə razılıq əldə olunub. Şərab evində Azərbaycan şərablarının satışı, sərgisi və dequstasiyası həyata keçiriləcək. Böyük biznes əlaqələri olan “YEMA” şirkətlər qrupu öz imkanlarından istifadə etməklə Azərbaycan şərablarının satışını reallaşdıracaq.

Açılış mərasimində Azərbaycanın şərabçılığına dair təqdimatlar olub, filmlər nümayiş etdirilib. Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.

Qeyd edək ki, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların Çin bazarında tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə yaxın vaxtlarda yeni ticarət və şərab evlərinin açılması planlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR