1960-cı illərdə Avstraliyanın Viktoriya ştatındakı istehsal müəssisəsindən çaylara sızan sazanlar ölkənin su ekosisteminə ciddi zərər vurub.

Metbuat.az xəbər verir ki, bu balıqlar Murrey-Darlinq çay sistemində sürətlə çoxalaraq bəzi ərazilərdə ümumi balıq biokütləsinin 90 faizinə qədərini təşkil edib. Yeni Cənubi Uelsin Əsas Sənaye Departamentinin məlumatlarına görə, 1964–1965-ci illərdə Mildura yaxınlığında aşkarlanan sazanlar qısa müddətdə Murrey çayı sisteminə yayılıb. 1970-ci illərdə baş verən güclü daşqınlar isə onların Avstraliyanın müxtəlif çay şəbəkələrinə çatmasını sürətləndirib. Sazanların yerli növlərə təsiri onların qidalanma xüsusiyyətləri ilə əlaqələndirilir. Dibdə qida axtararkən çöküntüləri qarışdıran bu balıqlar suyun bulanıqlığını artırır, sualtı yaşayış mühitini dəyişdirir və yerli balıqlarla qida və çoxalma sahələri uğrunda rəqabət aparır. Bundan başqa, sazanlar oksigen səviyyəsinin aşağı olduğu və suyun keyfiyyətinin zəiflədyi şəraitə yüksək davamlılıq göstərirlər. Bu xüsusiyyət onların sürətlə çoxalmasına və yerli növlərin yaşayış imkanlarının məhdudlaşmasına şərait yaradır.

Avstraliya rəsmiləri uzun illərdir sazanların sayını azaltmaq üçün xüsusi torlardan, tələlərdən və məqsədli ov proqramlarından istifadə edirlər. Lakin mütəxəssislər geniş və mürəkkəb çay sistemlərində bu növün tamamilə məhv edilməsinin mövcud imkanlarla olduqca çətin olduğunu bildirirlər.