8 Noyabr təkcə torpaqlarımızın işğaldan azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu gün deyil, həm də milli iradəmizin, yenilməz ruhumuzun təntənəsidir. Zəfər Günü Azərbaycan xalqının taleyində yeni bir dövrün başlanğıcı, milli tariximizin dönüş nöqtəsidir. 44 günlük Vətən müharibəsinin nəticələri milli tariximizdə keyfiyyətcə yeni mərhələnin açarıdır.
Azərbaycan bu müharibədə işğalçı Ermənistanla yanaşı, həm də onu dəstəkləyən, arxa duran beynəlxalq gücləri, qlobal şəbəkələri məğlub etdi. Məğlubedilməz görünən güclərin üzərində qələbə çaldı. Bununla da regionun hərbi-siyasi mənzərəsini dəyişdi, yeni reallıqlar yaratdı. Bu baxımdan 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri də xalqımızın öz gücünə, dövlətinə və gələcəyinə inamının möhkəmlənməsi oldu.
44 günlük Vətən müharibəsi həm də yeni texnologiyaların tətbiq edilməsi ilə tarixə düşdü. Əməliyyatların yüksək tempi, hərbi planlamanın çevikliyi, pilotsuz uçuş aparatlarının tətbiqi və digər müasir texnologiyalardan səmərəli istifadə onun xarakterini müəyyənləşdirən amillərdir.
Azərbaycan bu müharibədə beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan davranış sərgilədi. Mülki əhaliyə zərər vurmayan, yalnız legitim hərbi hədəfləri sıradan çıxaran, az itki ilə tamamlanan bir müharibə apardı və dünyaya ədalətli müharibə modelini təqdim etdi.
Bu möhtəşəm tarixi qələbənin arxasında Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti və strategiyası dayanır. Uzun illər ərzində onun rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi, diplomatik müstəvidə aparılan ardıcıl fəaliyyət və müharibə dövründə qəbul edilən operativ qərarlar Zəfərin əldə olunmasını şərtləndirdi. Azərbaycan xalqı da öz liderinin ətrafında sıx birləşərək ümummilli məqsəd naminə vahid mövqe nümayiş etdirdi. 8 Noyabr qüdrətli liderin, dövlət-xalq birliyinin, milli iradənin və gələcəyə inamın təcəlləsidir.
44 günlük Vətən müharibəsi çərçivəsində diqqət çəkən məqamlardan biri də ölkəmizə qarşı aparılan informasiya savaşları, dezinformasiya və manipulyasiya cəhdləri, xalqımızın haqq işinə kölgə salmaq cəhdləri idi. Dövlət başçısının qısa müddət ərzində 30-dan çox beynəlxalq media subyektinə verdiyi müsahibələr bu mübarizədə həlledici rol oynadı. Həmin müsahibələr Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə dəqiq və dolğun şəkildə çatdırdı, ölkəmizə qarşı yönəlmiş təxribatçı iddialara tutarlı cavab oldu.
Əlamətdar haldır ki, Azərbaycan xalqının bütün təbəqələri kimi, media ictimaiyyəti də bu mübarizədə Prezidentin, dövlətin və ordunun yanında oldu. Jurnalistlərimiz həm qələmləri, həm də şəxsi fədakarlıqları ilə Vətənə xidmət göstərdilər. Atəş altına düşmələrinə, ciddi təhlükələrlə üzləşmələrinə baxmayaraq, obyektiv informasiyaların hazırlanması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə etdilər.
Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsində yalnız xəbər istehsalçıları kimi deyil, həm də səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb olunmuş döyüşçülər qismində iştirak ediblər. Mətbuat Şurasının məlumatlarına görə, 50-yə yaxın media nümayəndəsi müharibə dövründə qismən səfərbərlik proqramları çərçivəsində döyüşlərə cəlb olunub. Onların arasında döyüşlər zamanı yaralanan, müxtəlif dərəcəli xəsarətlər alanlar da var. Ən əsası, 50 nəfərin hər biri döyüş tapşırıqlarının yerinə yetirilməsində fəallıq göstərib, göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif ediliblər.
Jurnalistlərimizin bu fədakarlığı Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında da öz əksini tapıb. Sərəncamda deyilir: “Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”.
Yeri gəlmişkən qeyd edək ki, 1990-cı illərdən etibarən, Birinci və İkinci Qarabağ müharibələri zamanı döyüş bölgələrində fəaliyyət göstərmiş, cəbhə xəttinə ezam olunmuş azərbaycanlı media işçilərindən 11 nəfəri peşə vəzifələrini yerinə yetirərkən Şəhid olub, 8 nəfər isə ağır fiziki xəsarətlər alıb.
O cümlədən, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi və ətraf rayonlar işğal edildikdən sonra həmin ərazilərdə əvvəlcədən fəaliyyət göstərmiş 9 qəzetin və bir televiziya redaksiyasının işi dayanıb. Bu redaksiyalarda çalışan 85 jurnalist və 37 texniki işçi məcburi köçkünə çevrilib, onların peşə fəaliyyətində ciddi çətinliklər yaranıb.
Zəfər Günü bütün bu ağrı-acılara son qoyan, tarixi ədaləti bərpa edən möhtəşəm hadisədir. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. İşğaldan azad edilmiş ərazilərdə həyatın bütün sahələrində olduğu kimi, media subyektlərinin və jurnalistlərin peşə fəaliyyətini həyata keçirməsi üçün də yeni imkanlar yaranıb.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!
Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə heyətinin üzvü
Media eksperti