Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizəd məsələsinə baxılıb.
Səsvermənin nəticələrinə əsasən, Səbinə Yaşar qızı Əliyeva yenidən Azərbaycanın Ombudsmanı seçilib.
Metbuat.az yeni Ombudsmanın qısa tərcümeyi-halını təqdim edir:
Səbinə Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə paytaxtdakı 8 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alaraq 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə başa vurub.
2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə “Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2015-ci ildə Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini təyin edilib. 2016-cı ildə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclisin qərarı ilə Ombudsman seçilib. 22 oktyabr 2026-cı ildə Prezident İlham Əliyev onun namizədliyini yenidən Ombudsman vəzifəsinə seçilməsi üçün parlamentə təqdim edib.
O, fəaliyyəti dövründə beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi sahəsində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak edib. Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda təşkil olunan tədbirlərdə təmsil olunub. Türkiyə, Almaniya və Fransada müxtəlif təlim və seminarlarda da iştirak edib.
Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı, Azərbaycanın sabiq diplomatı və Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. O, həmçinin Azərbaycan SSR-in sənaye tikintisi naziri olmuş Qurban Sultanovun nəvəsidir.
Səbinə Əliyevanın iki övladı var. Rus və ingilis dillərini bilir. Bitərəfdir.