Noyabrın 7-də Ağdaş şəhərində II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tədbirin xalqımız üçün əlamətdar günə - Zəfər Gününə təsadüf etdiyini vurğulayaraq, bu tarixi günün xalqımızın çoxillik arzularının gerçəkləşdiyi gün olduğunu qeyd edib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin şəhidlərimizin, qazilərimizin və rəşadətli Azərbaycan Ordusunun, xalqımızın fədakarlığı sayəsində mümkün olduğunu bildirib.
Bu il ikinci dəfə təşkil edilən Heyva Festivalında Ağdaşın meyvəçilik ənənələri, yerli istehsalı və zəngin milli-mədəni irsi nümayiş etdirilib, rayonda yetişdirilən heyvanın müxtəlif sortları, ondan hazırlanan mürəbbə, şirniyyat və digər kulinariya nümunələri iştirakçılara təqdim olunub. Festival proqramında milli folklor, musiqi və rəqs çıxışları, ustad dərsləri, xalq sənətkarlığı nümunələri və müxtəlif əyləncəli tədbirlər yer alıb.
Tədbir çərçivəsində texnoloji həllər, robot texnologiyaları, süni intellekt, startap layihələri və alternativ enerji istiqamətində yeniliklərə də yer verilib. Bu təqdimatlarda müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqi, rəqəmsal həllərin əhəmiyyəti və innovativ sahibkarlıq imkanlarının yaratdığı imkanlar diqqətə çatdırılıb.
Festivalda yerli fermerlərin, istehsalçıların və sahibkarların məhsulları da nümayiş etdirilib. Ziyarətçilər kənd təsərrüfatı məhsulları ilə yaxından tanış olmaq, onların istehsal xüsusiyyətləri barədə məlumat əldə etmək və yerli məhsulları birbaşa istehsalçılardan almaq imkanı qazanıblar.