“İki şey bağışlanmayacaq: Xəyanət və rüşvət”

“Prezident İlham Əliyevin 13 iyul 2018-ci il tarixli 201 fərmanına uyğun olaraq, Dövlət Gömrük Komitəsinin strukturu yeniləndi. Bu strukturdan irəli gələrək bir neçə ərazi Baş Gömrük İdarələri yaradıldı. Eyni zamanda, Gömrük Komitəsi Aparatında ətrafında 2 yeni Baş Gömrük İdarəsi yaradıldı. Bunların hamısı çevik, şəffaf işin təşkil olunmasına yönəlib”.

Metbuat.az-ın məlumatına görə, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. S.Mehdiyev bildirib ki, Baş İdarələrin yaradılması kadr çatışmazlığının ortadan qaldırılmasına səbəb olub:

“Xüsusilə sərhəd keçid məntəqələrində yay dövründə həqiqətən də sıxlığın həddindən çox müşahidə olunması ilə yeni idarənin yaranmasına ehtiyac duyuldu. Məlumat üçün bildirmək istəyirəm ki, son dövrlərdə Gömrük Komitəsində aparılan islahatların əsas tərkib hissəsini təşkil edən struktur dəyişikliyinin səbəbi və bunun ortaya çıxmasından biri də məhz sərhəd-keçid məntəqələrində yaranan sıxlıqdır. Cənab prezidentin beynəlxalq standartlara cavab verə biləcək gömrük xidmətinin formalaşdırılması ilə bağlı gömrük xidmətinə verdiyi konkret tapşırıqdan irəli gələrək bu struktur dəyişikliyini daha da sürətləndirdik. Avropada bu gün tətbiq olunan model Azərbaycanın gömrük sisteminin strukturuna gətirilib. Bizim indiyə qədər fəaliyyət göstərdiyimiz 1990-cı ildən qalan struktur idi, təkrarlama şöbələri həddindən artıq çox idi. Hər hansı yük və nəqliyyat vasitələrində rəsmiləşdirilməsində bir nəqliyyat və bir mal üçün 4 və ya bəzən də 5 gömrük inspektoru demək olar ki, eyni işi təkrarlayırdı. Yeni dəyişiklikdən və Avropa modelinin gətirilməsilə bir gömrük məmuru, gömrük inspektoru bir nəqliyyat vasitəsini və bir nəqliyyat vasitəsinə aid olan malı rəsmiləşdirərək başa çatdırır. Yəni, bu həm eyni anda 5 inspektorun fərqli işlərdə işinin sürətlənməsinə təkan verir, eyni zamanda da struktur dəyişikliyindən irəli gələrək bizim kadr çatışmazlığımız məsələmizi ortadan qaldırır”.

DGK sədrinin sözlərinə görə, sadəcə “Qırmızı körpü” keçid məntəqəsində normalda gündəlik intensiv sərnişinlərin axını 6000 vətəndaşdır, rezident və ya qeyri-rezident olmaqla. Amma yay aylarında bu rəqəm 17000-ə qədər artır: “Baxmayaraq ki, 2 dəfədən də çox sıxlıq yarandı, amma gördüyümüz operativ tədbirlər nəticəsində bütün sərhəd-keçid məntəqələrindəki sıxlıq bir neçə saat davam eləsə də, ondan sonra öz qaydasına düşə bildi. Yay aylarındakı sərnişin hərəkəti bu il həqiqətən də rekord göstəricidədir. Dövlət Gömrük Komitəsi ortalama hər ay sərhəd-keçid məntəqələrində gedib-gələn 1 milyon 500 min insana xidmət göstərib. Ay ərzində bir keçid məntəqəsində 16-17 min insan gedir, 16-17 min insan isə geri dönür”.

S. Mehdiyev bildirib ki, DGK-nın əsas vəzifəsi struktur dəyişikliyindən əlavə, həm də işin təşkilinin formalaşdırılmasıdır ki, məhz onun üçün də sərhəd-keçid məntəqələrində yeni Baş İdarənin yaradılmasına ehtiyac duyuldu: “Struktur dəyişiklikləri Avropa standartlarına uyğun olaraq təkmilləşdirilib və bir neçə beynəlxalq təşkilatın rəyləri əsasında Avropanın ən inkişaf etmiş ölkələrindən birinin modeli götürülüb. Burada sadəcə Azərbaycan iqtisadiyyatını, iqtisadi fəallığı nəzərə alaraq spesifik sahələr nəzərə alınmaqla 10% həcmində milliləşdirilib. Çünki bildiyiniz kimi bizdə enerji daşıyıcıları və enerji nəqlilə bağlı məsələlər olduğuna görə, bu sahədə enerji resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsi yaradılıb. İki idarə ləğv olunaraq onun bazasında belə bir Baş İdarənin yaradılmasına ehtiyac duyulub”.

Struktur dəyişikliyinin növbəti addımı isə Aksiz Baş Gömrük İdarəsi və Avtomobil Baş Gömrük İdarəsilə bağlı olub: “Bu Baş Gömrük İdarəsinin hər ikisi Aksizli malların rəsmiləşdirilməsi bağlı məşğul olurdu. Ona görə də ikisinin bazasında yeni Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb və bütün sahibkarların fəaliyyəti də bu istiqamətdə uğurlu nəticələr verməyə davam edir. Gömrük nəzarətinin təşkililə bağlı apardığımız islahatlar barədə onu deyə bilərəm ki, xüsusilə də “Yaşıl dəhliz”in daha da təkmilləşdirilməsi, elektronlaşdırılmasına önəm vermişik. Bu sahədə 60-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçılarının “Yaşıl dəhliz” sistemindən yararlanma imkanları yaradılıb. Bütün buraxılış məntəqələrində, eyni zamanda təyinat gömrük məntəqələrində idarələrində çox üstünlüklər əldə olunaraq ticarətin asanlaşmasına səbəb olub. Türkiyə, Gürcüstan, Ukrayna və İranla bağlanmış sazişlər nəticəsində qabaqcadan ilkin məlumatların ötürülməsi sistemi, risklərin idarə edilməsinə təkan verib və bunun əsasında da “Yaşıl dəhliz” sistemlərinin işlənməsində sahibkarlara geniş konfranslar keçirilib. Demək olar ki, bu günə qədər 1500-dən çox sahibkarla görüş keçirilib və “Yaşıl dəhliz”in üstünlükləri onlara bildirilib. Elektron gömrük bəyənnamələrilə bağlı xidmətlərin qəbulu ilə bağlı da sahibkarlara mütəmadi olaraq məlumat veririk ki, bunun üstünlüklərindən yararlansınlar”.

Bundan əlavə, gələcəkdə ən uğurlu, həm ixrac potensialının artırılmasında, həm də idxalda şəffaflığın tam şəkildə təmin olunması məqsədilə 2 Konvensiyaya qoşulmaqla bağlı birinci məsələ öz həllini tapmaq üzrədir: “Azərbaycanın ümumi tranzit prosedurları haqqında Konvensiya və mallarda ticarətin sadələşdirilməsi haqqında Konvensiyaya qoşulması üçün ilkin danışıqlara başlanılıb. Bunun birinci mərhələsi bu ilin ikinci rübündə demək olar ki, yekunlaşdı. Tvinniq layihəsinə başladıq və bu layihə çərçivəsində də Azərbaycanın qanunvericiliyində milli qanunvericiliyimizdə Avropa standartlarına uyğunlaşdırılması istiqamətində məsələlərin həlli durur. Bu o deməkdir ki, biz bu Konvensiyalara qoşulmaqla “Made in Azerbaijan” markası adı altında mallarımız sərbəst şəkildə Avropanın bütün ölkələrinə ixrac imkanları əldə edəcək və sürətli ixracımız təmin olunacaq. Bununla bağlı demək olar ki, Dövlət Gömrük Komitəsinin müvafiq strukturları öz işini mükəmməl şəkildə aparır. Hesab edirik ki, Dövlət Gömrük Komitəsi və hökumətimiz üzərinə düşən qanunvericiliklə, digər məsələlərlə bağlı məsələləri həll edərək iki Konvensiyaya üzv olacağıq.

Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü" gömrük-keçid məntəqəsində sıxlığı azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Bu ayın sonlarında həmin Mərkəz istifadəyə veriləcək. Bu Mərkəz istifadəyə verildikdən sonra “Qırmızı körpü” keçid məntəqəsində olan yük nəqliyyat vasitələrinin sıxlığının müşahidə olunması istiqamətində yüklərin rəsmiləşdirilməsində yeni bir model gətiriləcək. Hesab edirik ki, bununla da sərhəd-keçid məntəqəsindəki sıxlıqlar aradan qaldırılacaq”.

8 ayın yekunu üzrə DGK dövlət büdcəsinə 2,27 milyard manat köçürüb ki, bu da proqnozdan 6,6 faiz çoxdur. Hesab edirik ki, bizim siyasətimiz 2018-ci ildə daxilolmalar üzrə proqnozu vaxtından əvvəl yerinə yetirməyə imkan verəcək.

Ümumi ticarət dövriyyəsinə göz atdığımız zaman 8 aylıq yekuna görə, idxalımız 6,8 milyard dollar olub, ixracımız 12,8 milyard, ümumi ticarət dövriyyəmiz isə 19,7 milyard ABŞ dolları təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə idxalımız 1,5 milyard ABŞ dolları, ixracımız isə 3 milyard 89 milyon ABŞ dolları həcmində artıb. Müsbət saldomuz 6 milyard 16 milyon ABŞ dolları olub.

Hüquq-mühafizə bloku üzrə 8 aylıq yekuna görə, 8 ayda 250 gənc kadr işə götürülüb. S.Mehdiyev qeyd edib ki, cari ilin 8 ayında 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i cinayət xarakterli olub. Bu da 6 milyon 135 min vəsait təşkil edib. Narkotiklərin qanunsuz keçirilməsi halları ilə müxtəlif gizlətmə üsullarından istifadə edilib. 8 ay ərzində 51 halda narkotik vasitənin daxili bədən boşluqlarında keçirilməsinə cəhd göstərilib.

Səfər Mehdiyev korrupsiya ilə bağlı məsələyə də aydınlıq gətirirərək bildirib ki, korrupsiya ilə bağlı ilk gündən konkret tapşırılıq qoyulub: “Bütün gömrük qurumlarının əməkdaşlarının qarşısına tapşırıq qoyulub ki, 2 şey qəbul olunmayacaq və bağışlanmayacaq – xəyanət və rüşvət. Kimliyindən və vəzifəsindən asılı olmayaraq, bu sahədə kimsə korrupsiyaya cəhd edirsə, rüşvət alıb və ya rüşvət verirsə bağışlanmayacaq. Bu sahədə bizim əməkdaşlarla bağlı keçirdiyimiz bütün müşavirələrdə onlara xəbərdarlıq etmişik. Bu günə qədər də bununla bağlı faktlar çox olur, işdən qovulanlar, Baş Prokurorluq yanına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilən faktlar var.

Tədbirdə qeyd edilib ki, 2018-ci ilin 8 ayı ərzində gömrük orqanlarından 9 nəfər xaric edilib, 4 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 4 nəfər əməkdaşın xüsusi rütbəsi 1 pillə aşağı salınıb. Bundan əlavə, 47 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 113 nəfərə töhmət elan edilib, 20 nəfərə irad tutulub, cəmi 228 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR