"Azərbaycan Ordusunun ilk döyüşçülərinin şücaəti və qanı bahasına..."

Bu il Azərbaycanda yubileylər ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun, Azərbaycan polisinin, Azərbaycanın üç rəngli dövlət bayrağının qəbul edilməsinin 100 illiyi qeyd edilir. Sabah isə Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçiriləcək.

Sabah keçiriləcək paradla bağlı Metbuat.az-a açıqlama verən paradın aparıcısı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, bu paradda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir:

“Azadlıq meydanında keçirilən tədbirdə bilavasitə 1918-ci ilin sevincini 100 ildən sonra həmin günləri canlandırmaqla bir daha yaşayacağıq. Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, eləcə də Türkiyə Ordusunun hərbi qulluqçuları at belində Qafqaz İslam Ordusunun süvari qoşunlarının, piyadalarının geyimi, silahları ilə Azadlıq meydadına daxil olacaqlar. Türkiyənin məşhur "Mehtəran" birliyi də artıq paytaxtımızdadır. Onlar da paradda iştirak edəcək, Türkiyə və Azərbaycanın əski döyüş marşlarını ifa edəcəklər.

Bakını işğaldan azad edən dədələrimizin igid nəvələri, həm Azərbaycanın, həm də Türkiyənin igid əsgərləri, qəhrəman əsgərlərimiz tribuna önündən keçəcəklər. Tədbirdə Bakı qarnizonundakı birlik, birləşmə, hərbi hissə, dövlət xidməti, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin təmsilçiləri tribuna önündən keçərək bir daha bu qardaşlığın, birliyin təntənəsini nümayiş etdirəcəklər.

Bildiyiniz kimi, bir neçə ay öncə Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar hərbi parad keçirildi. Bu paradda da Bakı qarnizonunun bir çox xüsusi təyinatlı hərbi texnikaları, silah-sursatları, zenit-raket qurğuları, artilleriya qurğuları və s. nümayiş olunacaq. Bundan əlavə, Azərbaycan aviasiyası, Hərbi Hava Qüvvələrinin təyyarələri, döyüş təyyarələrimiz, helikopterlərimiz nümunəvi uçuşlarını göstərəcəklər.

Bundan əlavə, artıq növbəti dəfə yenə bu bayram təntənəsinə özgə rəng qatmaq üçün Türkiyə Hərbi Hava Qüvvələrinin türk ulduzları qrupu da Azərbaycana gəlib. Onlar 5 qırıcı təyarrə ilə nümunəvi çıxış edəcəklər. Ümumiyyətlə, sabah Bakı şəhərində və respublikanın bütün bölgələrində bayram şənlikləri keçiriləcək. Şəhidlər Xiyabanları, türk şəhidlikləri ziyarət olunacaq. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti, xalqı keçmişimizə, canlı hərb tariximizə, döyüş tariximizə böyük hörmətlə və ehtiramla yanaşır. Bu dostluq, qardaşlıq bu gün də uğurla davam etdirilir, hər iki dövlətin prezidentinin timsalında daha da möhkəmlənir və genişlənir.

Qeyd edək ki, sabah Azərbaycan xalqının və dövlətinin həyatında ən əlamətdar və tarixi günlərdən biridir. 100 il bundan əvvəl 1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyəsi və Azərbaycanın milli, hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri işğalçılardan azad edib. Bu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni bolşevik işğalı altında idi. Müstəqilliyinə yenicə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün də çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi Azərbaycan hökumətinin hərbi yardım üçün rəsmi müraciətinə əsasən, məhdud hərbi qüvvələrini Azərbaycana göndərdi. Bir çox dövlətlərin türk qoşunlarının ölkəmizə gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi öz qardaşlıq köməyini Azərbaycandan əsirgəmədi və 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Qəhrəman türk əsgərinin və Azərbaycan Ordusunun ilk döyüşçülərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların işğaldan azad olunması ilə 1918-ci ilin martından başlayaraq erməni bolşeviklərinin Bakıda və digər rayonlarda keçirdikləri qanlı qətliamlara, özbaşnalıqlara son qoyuldu. Türk qardaşlığı və birliyi ermənilərin azərbaycanlılara qarşı keçirdikləri soyqırım siyasətinin başlıca məqsədi olan xalqımızı qismən məhv etməklə böyük Ermənistan dövləti yaratmaq xülyasının gerçəkləşməsinə, bu mənfur planın həyata keçməsinə imkan vermədi.

Ümumilli lider Heydər Əliyev o tarixi günlərdən bəhs edərkən demişdi ki, 1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər Nuri Paşanın komandirlik etdiyi Osmanlı ordusu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də Azərbaycan indi yox idi. Bakı uğrunda döyüşlərin uğurla başa çatması, Nuri Paşanın, Mürsəl Paşanın, eləcə də Azərbaycanın öz sərkərdələri Əliağa Şıxlinskinin, Həbib bəy Səlimovun, Cəmil Cahid bəyin təkcə bir sərkərdə kimi qabiliyyət və bacarığını deyil, həm də türk əsgərinə yeni yaranmaqda olan Azərbaycan Ordusunun ilk əsgərlərinə olan inamın nümayişi idi. Bakının işğaldan azad edilməsi Azərbaycan xalqının, dövlətinin köməyinə gedən qəhrəman məhmətçiyin, Qafqaz İslam Ordusunun birgə mübarizəsinin məntiqi nəticəsidir. Bakının azad edilməsi aparılan döyüşlərin, ümumiyyətlə Qafqaz İslam Ordusu hərəkatı tarixinin şanlı səhifəsidir. Müvəffəqiyyətlə başa çatan bu əməliyyat nəticəsində Bakı erməni daşnak qoşunlarının və digər işğalçı qüvvələrin işğalı altından çıxarılaraq müstəqil Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrildi. Bununla da Azərbaycanın müstəqilliyi başının üstünü almış real təhlükədən xilas oldu.

Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyski o günlərdə böyük iftixar hissi ilə deyirdi ki, Azərbaycan çöllərində türk qardaşlarımızın qanı bizim türklərin qanı ilə bir-birinə qarışdı. Osmanlı Türkiyəsinin məramını Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa bu cür ifadə edirdi: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı uğrunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”. Ulu öndər Heydər Əliyev isə demişdi ki, “biz bir millət, iki dövlətik. Bu bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR