“Bu sərginin keçirilməsi düşmənlərimizə də bir mesajdır”

Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2018” sərgisi başa çatıb.

Metbuat.az xəbər verir ki, üç gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, İran, Çin və s. dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11-i - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbçilər, media nümayəndələri, dövlət strukturlarının və şirkətlərin nümayəndələri, tələbələri və eyni zamanda, sıravi vətəndaşlar da olub. Tədbirin keçirildiyi üç gün ərzində nümayiş etdirilən məmulatlara izləyicilər tərəfindən göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirib. “ADEX-2018” sərgisinə, eyni zamanda, yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərilib.

Sərgilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu sərginin əhəmiyyəti həddindən artıq böyükdür: “Birincisi ona görə ki, hərbi sənaye birinci növbədə hərbi gücün, qüdrətin göstəricisidir. Bilirsiz ki, biz müharibə şəraitindəyik. Ermənistanın yeni rəhbərliyinin qeyri-konstruktiv mövqeyini nəzərə alanda görürük ki, onların siyasi cəhətdən savadsız, düşünülməmiş bəzi populist çıxışları səbəbindən Qarabağ məsələsilə bağlı danışıqlar iflic vəziyyətə düşüb. Artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev də öz çıxışlarında sərt ifadələrlə yeni Ermənistan hakimiyyətinə olacaq faciə ilə bağlı mesajlarını verib. Prezident Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı qüvvələrin olması ilə barışmayacağımızı, qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etməkdə israrlı olduğumuzu bir daha bildirib.

Bundan əlavə, bildiyiniz kimi, Bakıda iki parad keçirildi, ardınca irimiqyaslı hərbi təlimlər, ardınca isə bu cür sərgi keçirildi. Siz özünüz də iştirak edib gördünüz ki, necə böyük və yüksək səviyyədə sərgimiz keçirildi. Birinci növbədə bunun beynəlxalq əhəmiyyəti odur ki, bütün beynəlxalq qurumlar, dəvət olunan, iştirak edənlər sərgiyə həddindən artıq böyük maraq göstərdi, maraq gözləniləndən də çox oldu. Bütün dünyaya bəyan etdik ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirə bilir. Hərbi sənayeni qısa zamanda inkişaf etdirmək üçün ölkənin güclü və dayanıqlı iqtisadi potensialı olmalıdır. Bunu da Azərbaycan bütün dünyaya göstərdi. Bildiyiniz kimi, Azərbaycan “ADEX-2018” sərgisində 270-ə yaxın məhsulunu nümayiş etdirdi. Azərbaycan 10 il əvvəl Türkiyədə cəmi 27 ədəd məhsulunu nümayiş etdirmişdi. 10 ilin ərzində 270-ə yaxın ən müasir çeşiddə istər atıcı silahlar, qumbaraatanlar və qumbaratanlar üçün sursat, patrondan tutmuş 152 mm-lik mərmiyə qədər bütün mərmiləri Azərbaycan özü istehsal edir. Tank əleyhinə raketlər, yaylım raketləri həm kəşfiyyat pilotsuz aparatları, həm də zərbə endirən pilotsuz uçuş aparatlarıistehsal edirik. Postsovet məkanında zərbə endirən pilotsuz aparatlar istehsal edən bəlkə də ikinci dövlət Azərbaycandır. Bizim hərbi sənayemiz yalnız bir istiqamətdə inkişaf eləmir, demək olar ki, bütün istiqamətlərdə inkişaf edir və öz məhsulunu təqdim etməyi bacarır.

Baxın ki, Azərbaycanın hərbi sənayesinin məhsulları bu gün hansı ölkələrlə paviliyonlarda birgə nümayiş olunur. Böyük hərbi sənaye kompleksi olan iri dövlətlər – Rusiya, Fransa, qardaş Türkiyə, ən müasir silahlarla dünyada özünəməxsus yer tutan İsrail, Belarus, İran, yəni, bu onu göstərir ki, Azərbaycan hərbi sənayesinin nümayiş etdirdiyi məhsul o cür nəhəng dövlətlərin məhsulları ilə rəqabət aparmağa hazırdır. Azərbaycan bu sərgidə gözlənilən də artıq sazişlər imzalayıb və ölkəmizin məhsullarının bazarları genişlənib. Bu isə iqtisadi göstəricidən əlavə, həm də bizim elmi, intellektual potensialın göstəricisidir. Çünki hərbi sənaye elmin ən yeni ixtiraları üzərində qurulur. Bu məhsulları isə nəhəng dövlətlərin məhsulları ilə eyni paviliyonlara çıxarmaq üçün əlbəttə ki, Azərbaycanın yüksək elmi potensialı olmalıdır. Ona görə də bu beynəlxalq aləmdə, mətbuatda böyük maraq və rezonansa səbəb olub.

Bu, Azərbaycanın imkanlarının, hərbi potensialının gücünü göstərir. Müharibə şəraitində olan bir ölkə üçün bu çox vacibdir və düşmən üçün də mesajdır. Paşinyanın hakimiyyətə gəldiyi ilk aylardakı ilə indiki çıxışlarının ətrafında olan müzakirələrə baxsaq görərik ki, çoxlu sayda dəyişikliklər var. Biz artıq erməni cəmiyyətinin, erməni analarının narahatçılığını hiss edirik. Hətta erməni cəmiyyəti üçün vəziyyət o qədər ciddi və qorxulu olub ki, Paşinyanın xanımı artıq “Qadınlar sülh naminə” kampaniyası yaradıb. Mən erməni analarının, ailələrinin, cəmiyyətinin narahatçılığını başa düşürəm. Çünki sağlam cəmiyyət bilir ki, bu gün Azərbaycanla danışıqlara getmək lazımdır. Bilirlər ki, bu gün Ermənistanın Azərbaycanla güc yolu ilə çıxış etmək, güc göstərmək imkanları məhduddur. Nə iqtisadiyyatı var, nə hərbi sənayesi var, kredit yolu ilə nə silah verirlərsə, ancaq onu ala bilirlər. Bu təkcə mənim sözlərim deyil, bu digər ölkələrin, o cümlədən Rusiyanın, Belarusun hərbi analitiklərinin qiymətləndirməsidir. Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələri 130 dövlət içərisində 53-cü yeri tutur. Bu qədər dövlət içərisində 50-cilərin içərisində olmaq Azərbaycanın hərbi qüdrətinin göstəricisidir.

Paradlardan və təlimlərdən sonra bu cür “ADEX-2018” sərgisinin keçirilməsi yenə də Azərbaycanın imkanlarını göstərir. Qısa müddət ərzində bu cür tədbirlər keçirmək üçün birinci növbədə dövlətin imkanları olmalıdır. Bu onu göstərir ki, Azərbaycan imkanlı dövlətdir, ölkəmiz hərbi sənayesini inkişaf etdirib və etdirəcək də. Bildiyiniz kimi, hərbi sənaye birinci növbədə daima Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin xüsusi diqqəti altında olan sahədir. Bu sərginin əhəmiyyəti həddindən artıq böyükdür, həm Azərbaycan üçün, həm beynəlxalq aləm üçün, eyni zamanda da ölkəmizi tanıtmaq üçün. Həm də birinci növbədə bizim düşmənlərimiz üçün mesajdır ki, əgər papaqları varsa, qarşılarına qoysunlar və düşünsünlər. Bununla bəlkə də faciədən qurtara bilərlər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR