İnformasiya texnologiyalarının şəxsiyyətin inkişafına təsiri

Biz adi gündəlik gerçəkliklə yanaşı başqalaşma imkanları ilə daha maraqlı və cəzbedici, istənilən informasiyanı sürətlə əldə etmək imkanı olan, bir məkandan digərinə ani keçməyə, geniş yeni tanışlar dairəsi ilə ünsiyyət, öz virtual reallığını yaratmağa imkan verən müxtəlif "paralel" virtual dünyalar olan bir dünyada yaşayırıq. Bu internetin yaratdığı məkandır. Fantast yazıçıların əvvəllər əsərlərində yazdıqları bu şəraitdə sosializasiya- "sosiuma yüksəlmək" prosesi və burada çağdaş gəncliyin öz yerini axtarması baş verir. Fərdin inkişafı üçün internet mühitinin imkanları və riskləri nəyə bərabərdir sualı bu gün bir çox elm sahələrinin araşdırdığı əsas problem kimi meydana çıxıb. Şəxsiyyət sosiallaşma, müxtəlif insan qrupları ilə ünsiyyət zamanı insanın əldə etdiyi sosial rolların bir sistemidir. Çağdaş nəsildə bu proses əsasən informasiya sahəsindəki infokommunikasiya texnologiyalarının (İKT) istifadə olunması ilə baş tutduğundan onu infososializasiya adlandırırlar.

İnternet mühitinin vacibliyini nəzərə alaraq, onun əvvəllər adi insan dəyərlərinin biçimlənməsində təsiri olan sosial qruplardan fərqini və özünəməxsusluğu müəyyən etmək lazımdır. Burada qeyd etməliyik ki, istənilən təsirin öyrənilməsi üçün müşahidələrin və araşdırmaların aparılması müəyyən vaxt tələb edir, texnologiyalar isə sürətlə dəyişir, yenilənir, yeni mühit formaları, strukturları yaradır. Elmi müşahidə, dəqiq analiz və proqnozların verilməsi olduqca gecikir. Bu mənada futuroloqların ehtimalları əsas götürülməsi qaçılmaz variantdır. Tədqiqatçılar və aparılan araşdırmalar internet istifadəçilərinin davranış xüsusiyyətlərini müəyyən etməyə çalışırlar. Kommunikasiya subyektlərinin görünməz olması, ünsiyyət mühitinin çox çeşidliyi, fəaliyyət növləri və özünün təqdim etmə növlərini, davranışın nizamsız qurulması, adi subordinasiyanın pozulması, davranışda adi sərhədlərin aşılması nəzərə çarpan əsas xüsusiyyətlər kimi özünü açıq büruzə verir. Bütün cəhətlər, dərin şəxsiyyət xüsusiyyətlərinin təzahürü və bəzi hallarda qeyri-normativ davranışlar üçün real həyatdan daha geniş imkanlar yaradır.

İnternet mühitinin digər bir xüsusiyyəti müxtəlif şəbəkə qruplarda iştirakçıların əsas dəyərlərindəki fərqlərin dominantlığı nəticəsində formalaşan mədəni müxtəlifliyin məkanı olmasıdır. İnternet mədəniyyəti və submədəniyyətlər bir-biri ilə qarşılıqlı əlaqə qurur və bununla da nəsillərarası, fərdlərarası, qruplararası ünsiyyətlər real ünsiyyətə təsir göstərir. Müasir dünyada özünü identifikasiya edə biləcək bir icma axtaran fərd problemi var. Ayrıca, virtual gerçəkliyin dəyər istiqamətlərinin müxtəlifliyi şərtləri daxilində subyektin özünü müəyyən etmə məsələsi də meydana çıxır. Bu və ya digər sosial şəbəkə qruplarının iştirakçıları müxtəlif yollarla ismarışlar qururlar, məlumatları seçir və şərh edirlər, hadisələri və vəziyyətləri qiymətləndirirlər, şərh edirlər.

İnternet mühitinin sadalanan xüsusiyyətləri yeni imkanlarla bərabər, yeni risklər də yaradır. İmkanlar arasında məlumatın öyrənilməsi və inkişafı üçün hər hansı bir mühüm informasiyaya faktiki olaraq məhdudiyyətsiz daxil olmaq, yeni aləmləri, kontentləri yaratmaq, dünyanın hər hansı bir yerindən yeni dostların və tanışların əldə edilməsi, çox sayda maraq qruplarında eyni fikirli insanları axtarmaq, ona üzv olmaq xüsusi ilə qeyd edilməlidir.

Həyat tərzinin virtuallaşmasının mənfi tərəflərini xüsusi ilə qeyd etmək lazımdır. İnsanın şüur və həyatında gerçək dünya dəyərinin itirilməsi, real ünsiyyətin zəifləməsi, virtual dünyada davranış zamanı şəxsi məsuliyyətin azalması dünyagörüşün mifologizasiyası, etik və mənəvi plüralizmin güclənməsi, virtual fəaliyyətdə "yaxşı" və "pis" arasında sərhədlərin pozulması, mənəvi tənzimləyicilərin zəifləməsi və onun "istifadəçi" qaydaları ilə əvəz olunması arzuolunmaz, qarşısı alınmaz proses kimi özünü büruzə verir.

Müasir İKT bir tərəfdən fərdi etik, digər tərəfdən, onların tətbiqi bacarıqlarının səviyyəsinə görə yüksək tələblər qoyur. Bir qayda olaraq, bir şəxs bu xüsusiyyətlərin yalnız birinə malikdir, amma böyüməkdə olan nəslin dəyərlərinin formalaşmasına təsir göstərmək üçün hər ikisini mükəmməl icra etməyi bacarmaq lazımlıdır. Valideynlər, müəllimlər, gənc nəslə nisbətən tez-tez İKT-yə üz tutmurlar və çeşidli həyat məsələlərini həll etmək üçün həmişə ondan rahat istifadə edə bilmirlər. XXI əsrdə, yeni-yeni İKT-lərin meydana gəlməsi ilə əlaqədar olaraq, bilik ötürülməsi istiqamətində dəyişiklik yaranıb. Artıq biliklər yaşlı nəsildən gənclərə deyil, əksinə ötürülür. Müasir dünyanın yüksək sürətli dəyişmə şəraitində, virtual aləmin kimi həyat sahələrində öyrətmə rolunu yerinə yetirə bilməyən yaşlı adamların nüfuzunun azalması müşahidə olunur. Artıq virtual aləm evdə olan dünya görmüş babadan min qat artıq informasiya verə bilir.

Eyni zamanda, müasir İKT-nin istifadəsində yüksək səviyyəli bacarıqlara malik olan bir qrup mütəxəssis var. Onlardan bəzilərində qabarıq deviant, asosial meyllər (trollar, heyterlər) açıq əks olunur və məhz onlar yeni nəslin dəyərlərinin formalaşmasına təsir edə biləcəklər. Bu amillərin təsiri, fərdin mənəvi etik səviyyəsinin və psixoloji mədəniyyətinin azalmasına gətirib çıxarır.

Müasir insanın inkişafı üçün göstərilən şərtlər rəqəmsal təcrübəni yaratmağın zəruriliyini şərtləndirir. Təcrübə həm də İKT-dən istifadə etmək üçün bilik, bacarığından əlavə, onun virtual aləmdə əməl və hərəkətləri üçün doğru istifadə, məsuliyyət motivasiyasını nəzərdə tutur. Yəni rəqəmsal vətəndaş yetişdirmək məsələsi meydana çıxır. Yaşlılar rəqəmsal "immiqrantlar" olduğu halda İnternet dövründə doğulan nəsil rəqəmsal "aborigenlər" dir. Rəqəmsal vətəndaşlıq, müasir rəqəmsal dünyada formalaşma mərhələsində olan ümumi qəbul edilmiş qaydalar və davranış normaları ilə İnternet mühitində qarşılıqlı təsirlərin tənzimlənməsini nəzərdə tutur. Təsəvvür edin ki, yüksək texnologiyaya malik bir ölkəyə düşmüsünüz, lakin insanlar arasında münasibətləri tənzimləyən dəqiq qaydalar və normalar yoxdur. Heç bir hüquq-mühafizə orqanı yoxdur, bu tamamilə özünü təşkil edən bir yerdir. Bu ölkə İnternet sahəsidir. Onun inkişaf perspektivi gələcək nəsillər üçün qaydaların müəyyən edilməsi, təhlükəsizliyin yaranmasıdır. Bunun üçün İKT-nin tətbiqi prosesində ortaya çıxan imkanlar və risklərin öyrənilməsi, araşdırılması tələb olunur. İnternet texnologiyalarının düzgün tətbiqi nümunəsi, inkişaf məzmununun yaradılması, konstruktiv İnternet-kommunikasiya bacarıqları və kiber aqressiya təzahürləri ilə işləməyə diqqət etməyi tələb edir.

İnternet ünsiyyətinin xüsusiyyətləri bilmək və internet məkanında effektiv və münaqişəsiz ünsiyyət üçün real məkanda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və sınaqdan keçirilməsi, empatiyanın inkişafı, onun ifadəsinin müəllifə təsirinin proqnozlaşdırılması qabiliyyəti lazımdır. Real və internet mühitində fəaliyyətlərini, onların məsuliyyətini başa düşmək qabiliyyəti üçün refleksin inkişaf etdirilməsi vacibdir. Qeyd etmək lazımdır ki, virtual birliklərdə söylənilənlərin həmsöhbətə emosional təsiri daha az olmaq ehtimalı var, çünki verbal və paraverbal məlumatların qəbulu və ötürülməsi kanallarına mimika, jestlər, intonasiya və s. daxil deyildir. Bu səbəblərdən müəllifdə həmsöhbətin niyyəti haqqında öz təsəvvürü yaranır ki, bu da neqativ emosional təsir vəziyyətinə düşür. Məsələn, hansısa bir ifadəni işlədərkən biz verbal ünsiyyət zamanı mimika və jestlə bunun ironik və məcazi mənada işlətdiyimizi ifadə edə bilirik, internet məkanında bu alətlər işləmədiyindən hətta adi bir söz qarşı tərəfdə qıcıq yarada bilər.

Onlayn ünsiyyət üçün praktik tövsiyələrdən biri kimi fikrin konkret ifadəsi, xüsusən də cavab və tənqidin olacağını bildikdə həmsöhbətə ünvanlanan fikirlərdə ümumiləşmə aparmaq mübahisəyə, münaqişəyə səbəb olan kimi ifadələr, qəbuledilməzdir. Aktiv dinləmənin bəzi üsullarından istifadə etmək xüsusən, həmsöhbətin ifadələrinin mənasını müəyyən etmək və onun niyyətlərini yanlış anlamamaq üçün sualları aydınlaşdırmaq da ünsiyyət üçün vacibdir.

Müraciət və ifadə formaları həmsöhbətin başqalarına qarşı davranma nümunəsinə çevrilə bilər. Bir virtual dosta bir ismarış yollamazdan əvvəl, düşünün, belə məzmunda sizə ismarış gəlsə nə reaksiya verərdiniz? Başqa bir insanın arxasınca onun şəxsi həyatını müzakirə etmək, yayılmasına imkan vermək olmaz. Bu, ünsiyyət iştirakçılarına mənfi təsir göstərir, ünsiyyət normalarını və psixoloji mədəniyyətini azaldır. Fərdi yazışmalarda hər hansı bir şəxsi məlumat yaymaq yolverilməzdir. Əxlaq və etiket qaydalarının pozulması ilə yanaşı, bu şəxsi həyat hüququ haqqında qanunun pozulmasıdır. Bu qaydalar, iştirakçıların ünsiyyət prosesində niyyətləri konstruktiv olduqda işləyir. Əks halda, aqressiya ilə iş üsullarını tətbiq etmək lazımdır.

Bəs internet aqressiyası və onunla işləmə qaydalarını necə müəyyən etmək olar? İnternet aqressiyasının yayılmış formaları trollinq və kibermobbinq (kibersancma) kimi hadisələri göstərmək olar. Trollinq istifadəçilərin mənfi reaksiyasına səbəb olan və aralarında qarşıdurma yaratmaq üçün təxribatçı məlumatların dərc olunmasıdır. Bu, birbaşa (iştirakçıların təhqirləri, resurs qaydalarının pozulması, təhqir, mübahisə) və gizli ola bilər (mövzuya aid olmayan ismarışlar, başqa bir müsbət görünən ismarış yolu ilə unudulan kəskin mövzunu xatırladan məlumatlar). Belə bir istifadəçi ilə mübarizə apararkən, özünüzü idarə etmək çətinləşir və özünüz də istəmədən trolla çevrilə bilərsiniz. Trollar, ünsiyyət iştirakçılarını narahat etməyə çalışırlar, lakin onların məqsədi müəyyən bir şəxsi hədəfə ala bilərlər. Bu vəziyyətdə, trollinq hədəfli sancmağa və ya mobbinqə çevrilir.

Kibermobbinqin təsnifatı apararaq onun bir neçə əsas əlamətləri ilə ümumiləşdirərək adlandırılması məqbul hesab olunur:

flaming (təhqir),

harassment (fəaliyyətə narahatlıq və ya ziyan gətirən müxtəlif psixoloji təqiblər, birbaşa və ya dolayısı ilə təhqir və ya təhdidlər, düşmənçilik mövqeyindən irəli gələn ifadələr, kobud zarafatlar),

denigration (qaralama, şayiələr yayma),

impersonation (saxta ad istifadə etmə),

outing and trickery (şəxsi məlumatların ictimailəşdirilməsi),

exclusion (sosial cəhətdən təcrid etmə),

cyberstalking (uzun sürən cinsi istək təklifləri, güdmə, saxta ittihamlar, qeybət və böhtan),

cyberthreats (açıq fiziki şiddət təhdidi).

Aqressiv davranışlar edənlər və ya belə davranışı dəstəkləyənlərin əməllərinin psixoloji səbəbləri özünü təsdiq etmək istəyi, müdafiə etmək, təcavüz qurbanı olma qorxusu, cansıxıcılıq, fərdi böhran, uğursuzluqdur.

Kiber aqressiya ilə işləmək: bu, həqiqətən, real ünsiyyətdə münaqişələrin idarə edilməsi praktikasında tətbiq olunan metodları təklif etmək olar:

həmsöhbətin ifadələrinin mənfi hissəsini nəzərə almadan, sualın yalnız konstruktiv hissəsinə cavab vermək;

açıq münaqişələr və mübahisələrə qoşulmaqdan imtina etmək, çünki bu münaqişənin moderatoru kimi çıxış etməyə çalışmış şəxsin niyyətinə zidd olaraq onun güclənməsinə təkan verə bilər;

digər istifadəçilərin ünvanınıza səslənən qeyri-konstruktiv tənqidlərə adekvat münasibət. Əsas özünüz trolla çevrilməyəsiniz;

Şəbəkədəki kibermobbinqlə qarşılaşdıqda, problemin mümkün texniki həllinə əl atmalısınız. Aqressiv istifadəçiləri bloklamaq, moderatorla və ya şəbəkə administarsiyası ilə əlaqə qurmaq, problemi həll etmək üçün yardım istəmək daha məqsədə uyğundur. Psixoloji baxımdan təcavüzkarların manipulyasiyasına- təzyiq, təhqir, təhdid etmək cəhdlərinə uymamaq vacibdir. Davranış zamanı sakit davranış xəttinə riayət etməli, mənfi emosiyanın təsiri ilə addım atmamaq, hərəkət etməmək, aqressorların atmacalrına reaksiya verməyərək mövcud həyat məsələlərini həll etməyə başlamaq tövsiyə olunur.

İKT müasir insan informasiya və kommunikasiya ilə zəngin mühitdə olduğundan və özünün fərdi xüsusiyyətlərini qurulmasını idarə etdiyindən şəxsiyyətin fərdi inkişaf üçün bir çox yeni imkanlar yaradır. İnternetin imkanlarını konstruktiv şəkildə istifadə etmək üçün toplanan informasiyanın həssas qavranılması və tənqidi qiymətləndirilməsi ziyanverici internet-kontentin daxili duyğularla süzgəcdən keçirilməsi, İnternet məkanına daxil olduqda müvafiq davranış modellərinin seçilməsi olduqca vacibdir. Başlıca tövsiyə insanlarla (həm real həyatda, həm də İnternet məkanında) sizinlə rəftar etmək istədiyiniz şəkildə rəftar edin.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı