2018-ci ildə Azərbaycan Respublikası yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib.
Metbuat.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisinin sözlərinə görə, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib.
Kamran Əliyev bildirib ki. 2018-ci il ərzində Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılmış, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.
Günay Elşadqızı / Metbuat.az
Foto: Müzəffər İsmayılov