​Azexport portalının təqdim etdiyi Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb - FOTOLAR

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları” mövzusunda təqdimat edib.

Metbuat.az-ın məlumatına görə, Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, tədbirin keçirilməsində başlıca məqsəd sertifikat sayəsində hansı ölkələrə ixrac imkanlarının genişlənməsi barədə məlumatlar təqdim etmək və sahibkarları sertifikatın imkanlarından istifadəyə çağırmaqdır.

Qeyd edək ki, Azexport portalı vasitəsi ilə təqdim olunan Sərbəst Satış Sertifikatının verilməsi, Azərbaycan şirkətləri üçün əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edib. Belə ki, 2018-ci ildə sertifikat təqdim olunan dörd şirkət – “Gazelli Group”, “Apiaz MMC” (“Ballı” brendi ), “Aznar” QSC, “Brightman” MMC (“ZIRA” brendi) – artıq bu sertifikat sayəsində öz məhsullarını Amerika Birləşmiş Ştatları, Dominikan, Filippin, İndoneziya, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi bir çox ölkələrə məhsul ixracını reallaşdırıb.

Z.Qardaşov bildirib ki, dünyanın əksər ölkələrinə idxal üçün icbari xarakter daşıyan sertifikat insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların və məhsulun hazırda ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.

Azərbaycanda ilk dəfə təqdim olunan Sərbəst Satış Sertifikatını əldə edən “Gazelli Group”-un departament direktoru Nigar Ramazanova bildirib ki, bu sertifikat bir çox ölkələrə ixrac zamanı yaranan problemləri aradan qaldırıb: “Bundan əvvəl bəzi ölkələrdən aldığımız ixrac sifarişlərini reallaşdıra bilmirdik. Buna səbəb ölkədə Sərbəst Satış Sertifikatını təqdim edən qurumun olmaması idi. Hazırda bu problemimiz aradan qalxıb və biz əksər ərəb ölkələrinə rahatlıqla məhsul ixrac edə bilirik.” “Aznar” QSC-nin nümayəndəsi Fərid Xəlilzadə isə əlavə edib ki, təmsil etdiyi qurumun yeni ixrac bazarlarına çıxması məhz Sərbəst Satış Sertifikatını əldə edəndən sonra mümkün olub: Uzun müddətdir ki, bizə Filippin, Domonikan və digər Okeaniya ölkələrindən ixrac sifarişləri daxil olurdu. Lakin Sərbəst Satış Sertifikatının olmaması ixracı reallaşdırmağımıza mane olurdu. Hazırda Azexport portalı vasitəsi ilə sertifikatları əldə edə bilirik. Bu bizim üçün yeni ixrac imkanları deməkdir. Düşünürəm ki, bir müddət sonra Amerika və Okeaniya ölkələri ilə yanaşı dünyanın əksər ölkəri bu sertifikatı idxal zamanı zəruri kimi hesab edəcək.

“Brightman” MMC-nin nümayəndəsi Afət Əhmədova da Sərbəst Satış Sertifikatı vasitəsi ilə şirkətin əldə etdiyi böyük üstünlüklərdən danışıb: “Şirkətimiz ixrac coğrafiyasını genişləndirməyə çalışır. Son bir neçə ayda Sərbəst Satış Sertifikatını əldə etdikdən sonra biz nəhayət ki, ABŞ bazarına daxil ola bildik. Bu bazarda məhsul satmaq üçün isə SSS sertifikatı tələb olunur. Bu sertifikatı aldıqdan sonra rahat şəkildə ABŞ bazarına giriş əldə etdik.Hazırda məhsulların BƏƏ bazarına ixracına çalışırıq. Bu bazarda da SSS sertifikatı tələb olunan sənədlər siyahısındadır. Bu sertifikatla silahlanaraq tez bir zamanda BƏƏ bazarında da Azərbaycan məhsullarını uğurla satmaqda israrlılıq.”

Qeyd edək ki, Sertifikatın verilməsi üçün tələb olunan sənədlərə şirkətin qeydiyyat şəhadətnaməsi, sərbəst satış sertifikatı tələb olunan malların siyahısı, keyfiyyət sertifikatı, malların uyğunluq sertifikatı, (qanunla nəzərdə tutulduğu halda) malların istehsalı üçün lisenziya, beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa), ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura) daxildir. Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanına uyğun olaraq Azexport.az portalı vasitəsi ilə təqdim olunur.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR