Jurnalistlər İsmayıllıda orta məktəblərlə tanış oldular

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur təşkil edilib.

Metbuat.az-ın məlumatına görə, əvvəlcə media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2018-ci ildə quraşdırılan modul məktəbdə 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Daha sonra media nümayəndələri Lahıc qəsəbə tam orta məktəblə tanış olublar. Bildirilib ki, məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Binanın daxilində hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, idman zalı üçün xüsusi olaraq paltardəyişmə otağı, duş və sanitar qovşaqlar tikilib.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.

Daha sonra qonaqlar işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər.

Günay Elşadqızı /Metbuat.az

Külək, duman... - Sabah hava belə olacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR