"Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ölkəmizdə dövlət qulluğu sahəsinin inkişafına töhfə verən “Azərbaycanın dövlət qulluğunda islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində litvalı həmkarlarımızla – Litvanın Hökumət nümayəndələri, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fondu Agentliyinin əməkdaşları ilə birgə bir çox yerli təşkilatlarla mühüm işlər görüb, onlar üçün treninqlər keçirib, vəzifələrin təsnifat sisteminin təkmilləşdirilməsi, dövlət qulluğuna qəbul sisteminin daha da inkişaf etdirilməsi, fəaliyyətin qiymətləndirilməsi sisteminin inkişafı, əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə təkliflər irəli sürülüb və fikrimcə, kifayət qədər müsbət nəticələr əldə edilib".
Metbuat.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib. DİM sədri bildirib ki, hazırkı Tvinninq layihəsi hər hansı texniki yardımın göstərilməsini nəzərdə tutmayıb: "Bu layihə çərçivəsində məhz yuxarıda qeyd etdiyim tədbirlərin görülməsi (treninqlərin keçirilməsi, tövsiyələrin hazırlanması və s.) nəzərdə tutulub. Bütün bu işlər dövlət qulluğu sahəsində hər hansı islahatları aparmaq üçün lazımı mühitin formalaşması, insan kapitalının inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Ona görə ki, insanlarda müvafiq bilik, bacarıq və kompetensiyalar olmasa, heç bir texniki yardımın əməli nəticəsi olmaz". Məleykə Abbaszadə bildirib ki, layihə çərçivəsində bir çox praktik nəticələr əldə edilib. Misal üçün, xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində təqdim olunan yeni yanaşmalar çox müsbət qarşılanıb. Həmçinin layihənin hər bir komponenti üzrə ekspertlər tərəfindən zəruri tövsiyələr verilmiş və gələcək üstünlüklər barədə geniş izahat işləri aparılıb.
DİM sədrinin sözlərinə görə, sahənin hərəkətverici qüvvəsi hesab olunan bir komponent – mükafatlandırma sistemi ilə bağlı 14 ekspert missiyası və 1 təlim səfəri baş tutub. Mükafatlandırma sistemi haqqında qanun layihəsinin işlənib hazırlanması ilə bağlı müqayisəli araşdırmalar və müxtəlif hesablamaların dəqiq təhlili aparılıb və hazırda bu qanun artıq qəbul olunmaq mərhələsindədir: "Bu misal əyani şəkildə onu göstərir ki, layihə çərçivəsində əməkdaşlığımız dövlətimizin maraqları ilə sıx əlaqəli şəkildə qurulub. Ötən il Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiq edilib və dekabr ayında Şuranın ilk iclası keçirilib. İclasda dövlət qulluğu sahəsində mövcud vəziyyət müzakirə edilib, problemlərin həlli yolları müəyyən edilib, nöqsanların aradan qaldırılması barədə bütün müvafiq qurumlara ciddi tapşırıqlar verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin yanvar ayında Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib: “Yeni dövlət idarəetmə sistemi daha çevik, daha yığcam və daha məqsədyönlü olmalıdır”. Ölkə başçısının bu sahədə çalışan qurumların qarşısında qoyduğu hədəfə çatmaq məqsədilə Dövlət İmtahan Mərkəzi, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən bir təşkilat kimi, təkcə inzibati alətlərdən deyil, dünyada insan resurslarının idarəolunması sahəsində əldə olunmuş bütün innovativ nailiyyətlərdən, eləcə də Mərkəzin qiymətləndirmə sahəsində malik olduğu və elmi əsaslara söykənən zəngin təcrübəsindən istifadə etmək niyyətindədir".
M.Abbaszadə bildirib ki, təsadüfi deyil ki, Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyasının ölkəmizdə DİM-in təşkilatçılığı ilə keçiriləcək illik 45-ci konfransının adı belə müəyyən edilib: “Qiymətləndirmə və qərar qəbuletmə - fərdi və institusional həllər”. Bu 2 amil – qiymətləndirmə və qərar qəbuletmə - dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir, ona görə ki, əgər hansısa özəl sahədə çalışan işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərar bütün ölkəyə tirajlanır və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisə olunmazdır. Bunu hər bir dövlət qulluqçusu aydın şəkildə anlamalıdır. Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır.
DİM sədri bildirib ki, bununla bağlı, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır: "Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq.
Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır. Bu günlərdə dövlət idarəetmə sistemində start verilmiş struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir. Bu isə öz növbəsində, 2018-ci ilin sonunda qəbul edilən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd etməliyəm ki, Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında icraçı təşkilat kimi ən çox tapşırıq üzrə (40-a yaxın) adı qeyd olunmuş qurum Dövlət İmtahan Mərkəzidir". M.Abbaszadə qeyd edib ki, hazırki Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınıb və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib: "Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq. Fikrimcə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".
Günay Elşadqızı / Metbuat.az
Foto: Müzəffər İsmayılov