"Dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb".

Metbuat.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli bildirib. Nazir müavinin sözlərinə görə, buna uyğun olaraq yeni yanaşma müəyyən edilib. Nazir müavini yeni yanaşma əsasında müddəaları açıqlayıb. 1. Özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsi. 2. Sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsi. 3. Dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılması. Bu say 400-ə yaxındır və bunun optimallaşdırma nəzərdə tutulur. 4. Dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılması 5. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır. Nazir müavini yeni yanaşmanın 3 komponenti barədə məlumat verib. Onun sözlərinə görə, birinci komponent ondan ibarətdir ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən edilir. İkincisi, vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılır, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən edilir. Üçüncüsü, dövlət qulluqçularının əmək haqları beynəlxalq təcrübə əsasında ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə daim uyğunlaşdırılır. Bu yanaşmanın əks olunduğu dövlət qulluqçularının əməyin ödənilməsi sistemi haqqında qanun layihəsi hazırlanıb, yekunlaşdırılaraq aidiyyatı dövlət orqanlarına təqdim olunub.Biz onlardan daxil olan rəy və təkliflər əsasında qanun layihəsini yenidən təkmilləşdiririk. M.Kərimli bildirib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemində dair layihələrin hazırlanması nəzərdə tutulur.

Günay Elşadqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov