Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2018-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Metbuat.az-ın məlumatına görə, iclasda çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, 2018-ci ildə Azərbaycan xalqının əldə etdiyi ən böyük uğur prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi olub.
Hərbi prokuror bildirib ki, dövlət başçısının 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi qədim və zəngin dövlətçilik tariximizə dövlətimizin başçısı tərəfindən bəslənilən böyük ehtiramın növbəti göstəricisi olub. O, eyni zamanda qeyd edib ki, 26 iyun və 15 sentyabr 2018-ci il tarixlərdə Bakıda keçirilən təntənəli hərbi paradlarda hərbi potensialımızın bir hissəsinin nümayişi Silahlı Qüvvələrimizin, o cümlədən hərbiçilərimizin qüdrətini, peşəkarlığını, yüksək döyüş ruhunu, torpaqlarımızı azad etməyə hər an hazır olduğunu bir daha göstərib.
Xanlar Vəliyev bildirib ki, ölkəmizin hərtərəfli və sürətli inkişafında müstəsna rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə, xüsusən də Azərbaycan elminə, mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti ölçüyə gəlməzdir.
Daha sonra Hərbi prokuror qeyd edib ki, 2018-ci ildə Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, o cümlədən ibtidai istintaqın keyfiyyəti daha da artırılıb:
“Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində 2018-ci ildə qeydə alınmış cinayətlərin 99,2 faizi açılmış, 2017-ci illə müqayisədə icraatına xitam verilmiş və icraatı dayandırılmış cinayət işlərinin sayı azalmış, istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş cinayət işləri üzrə ittiham irəli sürülmüş təqsirləndirilən şəxslərdən bəraət alan olmamış, həmçinin məhkəmə baxışları zamanı təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmədiyindən, başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün CPM-nin 318.2-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan cinayət işləri olmamışdır”.
Xanlar Vəliyev bildirib ki, birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 45%-i təmin olunub: “Birinci instansiya hərbi məhkəmələrinin 2 şəxs barəsində çıxardıqları 2 müxtəlif bəraət hökmlərindən verilmiş apellyasiya protestləri təmin edilərək, ittiham hökmləri çıxarılıb”.
Hərbi prokuror eyni zamanda qeyd edib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş bütün cinayətlərin, o cümlədən sülh və insanlıq əleyhinə olan cinayətlərin, müharibə, terrorçuluq cinayətlərinin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir...”.
Sonda Hərbi prokorur vurğulayıb ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım Muzeyini 2018-ci ildə ziyarət edən 4000-dən artıq, ümumilikdə isə 20.000 nəfərə yaxın şəxsin ekskursiyası təmin olunub.