Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2018-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin Metbuat.az-a verdiyi məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və möhtəşəm tədbirlər nəticəsində 2018-ci ildə də dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının daha da yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb.

Hərbi prokuror bildirib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə törədilmiş cinayətlər 12,6 %, hərbi xidmət əleyhinə cinayətlər 4 %, qeyri-hərbi cinayətlər 34,3 %; böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 %, az ağır cinayətlər 2,8 %, xüsusilə ağır cinayətlər 48,6%;xəstəlik nəticəsində ölüm halları 40 %, düşmən tərəfindən açılan atəş nəticəsində ölüm halları 64,7%; qeydə alınmış korrupsiya xarakterli cinayətlər 24,7 %; korrupsiya ilə əlaqədar dələduzluq cinayətləri 43,6 %, rüşvət alma və rüşvət vermə cinayətləri 15,5 % azalıb.

Qeyd edilib ki, Silahlı Qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq istənilən ölüm faktı üzrə cinayət işi başlanılmış, bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur. Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmişdir. Bu kimicinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə törədilmiş qəsdən adam öldürmə cinayətləri 61,5%, intihar hadisələri 23,1 % azalıb.

Hərbi prokuror bildirib ki, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasını, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə 2018-ci ildə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülmüş, eləcə də, mütəmadi olaraq hərbi qulluqçuların fərdi qəbullarının keçirilməsi təmin olunmuşdur. Eyni zamanda milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunmuşdur.Hazırda bu istiqamətdə işlər davam etdirilir. Sadalananlarla bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar görülən işlərin səmərəliliyini artırmaq məqsədilə müxtəlif istiqamətlər üzrə bir neçə metodiki tövsiyələr və digər maarifləndirici vəsaitlər hazırlanmış və hərbi qulluqçulara çatdırılmışdır. Belə ki, Hərbi qulluqçuların qəbulu işini daha da təkmilləşdirmək, o cümlədən onların qayğı və problemləri ilə yerində maraqlanmaq, rastlaşdıqları çətinliklər barədə zamanında məlumat əldə etmək, eləcə də müraciətlərin operativliyini artırmaq məqsədi ilə “Ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi qulluqçuların bilavasitə hərbi hissələrdə qəbulunun təşkili və keçirilməsinə dair”; hərbi hissələrdə intihara meyilli hərbi qulluqçuların, belə şəxslərə mənfi təsir edə biləcək halların, onlarda psixi-emosional gərginlik yaradacaq amillərin vaxtında aşkar edilməsi və baş verə biləcək hadisələrin ən qısa zamanda qarşısının alınması məqsədi ilə preventiv və profilaktik tədbirlərin icrasını nəzərdə tutan “Silahlı Qüvvələrdə suisid hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə dair” metodiki tövsiyələr hazırlanmış vəistifadə olunması üçün ərazi hərbi prokurorluqlarına, Silahlı Qüvvələrin rəhbər heyətlərinə, birləşmə komandirlərinə, həmçinin briqada və dəstələrin komandir və şəxsi heyətlə iş aparan komandir müavinlərinə, eləcə də digər əlaqədar şəxslərə çatdırılıb.

Bildirilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. 2018-ci ildə hərbi prokurorluq orqanlarında vətəndaşların 2185 müraciətinə baxılıb və 1015 vətəndaş mərkəzi aparatda qəbulda olubş

Kollegiya iclasında qeyd olunub ki, 2018-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, o cümlədən kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlər görülüb

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 45%-i təmin olunmuş, o cümlədən 2 şəxs barəsində əsassız olaraq çıxarılmış iki bəraət hökmündən verilmiş apellyasiya protestləri də təmin edilərək, ittiham hökmləri çıxarılıb.

Xanlar Vəliyev, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş bütün cinayətlərin, o cümlədən sülh və insanlıq əleyhinə olan cinayətlərin, müharibə, terrorçuluq cinayətlərinin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə Hərbi Prokurorluqda aparılan istintaq barədə müşavirə iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət işləri üzrə ub ki, 2018-ci ildə Xüsusi istintaq şöbəsində icraatda olmuş cinayət işləri üzrə bir təqsirləndirilən şəxs K.A.Ğazaryana Azərbaycan Respublikası CM-nin 29,120.2.1; 29,120.2.7; 29,120.2.12; 214.2.1; 214.2.3 və digər maddələri ilə ittiham elan edilmiş və Qazax rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək, cinayət işinin istintaqı tamamlanıb, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır cinayətlər məhəkəməsinə göndərilib.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai istintaq və təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsi, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edərəkbildirilmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq onlara əməl edilməsi hər bir əməkdaşdan ciddi tələb edilib.

Kollegiya iclasında Respublika Hərbi prokurorunun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, Naxçıvan MR Hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov,Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə pollkovniki Toğrul Hüseynov, Bakı hərbi prokuroru, ədliyyə pollkovniki İmran Əhmədov, Sumqayıt hərbi prokuroru, ədliyyə pollkovniki Zöhrab Kazımov və Qarabağ hərbi prokuroru, ədliyyə pollkovniki Fərid Şükürov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Sonda Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Kollegiya iclasına yekun vuraraq bildirib ki, Hərbi Prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdəintizamın daha da möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.