“Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə prezidentin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir”.

Metbuat.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini qeyd edib ki, bu islahatlar idarəçiliyin mexanizminin təkmilləşdirilməsini və yaxşılaşdırılmasını nəzərdə tutur: “Heç bir halda struktur islahatları insanların ixtisara düşməsini nəzərdə tutmur və buna yol verilməyəcək.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü də elə bundan xəbər verir. Söhbət işçilərin malik olduğu qüvvələrdən, enerjidən daha səmərəli şəkildə istifadə etməkdən, ayrı-ayrı dövlət qurumlarının və strukturlarının fəaliyyətinin effektlilik dərəcəsinin artırılmasından gedir. Eyni zamanda, bu qurumlarda birləşmiş insanların ümumi işin aparılmasına verə biləcəkləri töhfənin artırılmasından söhbət gedir, ixtisarlardan yox.

Kütləvi İnformasiya Vasitələrinin məqsədlərindən biri də ondan ibarət olmalıdır ki, prezidentin həyata keçirdiyi və bununla əlaqədar Mehriban xanımın verdiyi bəyənatın həqiqi mahiyyətini insanlarımıza və cəmiyyətimizə çatdırasınız. Qeyd edim ki, onlar yeniləşdirilən və islahat nəticəsində formalaşan qurumlarda işlə təmin olunacaqlar. Bir daha deyirəm söhbət insan kapitalından daha səmərəli şəkildə istifadə olunmasından gedir ki, bizim niyyətimiz də, məqsədimiz də əslində bundan ibarətdir”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov