“Biz iqtidar partiyası olaraq hər hansı bir siyasi partiyanın, təşkilatın mitinq keçirməsinə və yaxud fikirlərini ifadə etməyinə etiraz etmirik. Bu, Azərbaycanda formalaşmış demokratiyanın ümumi qayəsinə uyğundur”.

Metbuat.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. Əli Əhmədov bildirib ki, mitinq keçirmək üçün icazələr də verilir: “Onların ətraflarına topladıqları insanların sayı və ümumiyyətlə ictimai, sosial dayaqları hamıya məlumdur.

Amma bizi narahat edən onların müxalifətçilik adı altında tamam başqa fikirlərə və ideyalara xidmət etmələri, Azərbaycanın dövlətçiliyinə qarşı müxalifətdə olmalarıdır. Müxalifətçilik yeni ideyanın, fərqli ideyanın, təfəkkürün ortaya qoyulmasından başqa bir şey deyil ki, ortaya qoyulan bu təfəkkürə insanlar öz münasibətlərini göstərirlər. Seçkilər zamanı ayrı-ayrı ideyalara və bu ideyaları daşıyan, həyata keçirən insanlara səs verilir. Azərbaycanda prezident seçkiləri 2018-ci ilin aprel ayında keçirilib. Azərbaycan xalqının və seçicilərimizin mütləq əksəriyyətinin dəstəyi və səsləri ilə İlham Əliyev yenidən böyük səs çoxluğu ilə Azərbaycan prezidenti seçildi.

Belə hesab edirəm ki, müxalifət və onların fərqli ideyası var idisə, onlar bunu seçki vaxtı ortaya qoymalı idilər. Seçkilər qurtarandan sonra üstündən heç bir il keçməmiş onların istefa və yaxud hansısa başqa tələblərlə ortaya çıxması əslində nə demokratiya normalarına uyğundur, nə də müxalifətçilik məfkurəsinə, anlayışına. Ortada olan Azərbaycandakı sabitliyi, əmin-amanlığı pozmaq, normal inkişafın qarşısını almağa cəhdlər göstərməkdir. Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın iqtisadiyyatı da inkişaf edir, siması dəyişir, infrasturuku yeniləşir, Bakı başda olmaqla Azərbaycanın bütün bölgələri son illər ərzində ciddi şəkildə dəyişib.

Azərbaycan sözün həqiqi mənasında gənc dövlətlər arasında ən uğurlu dövlətlərdən biridir. Bütün beynəlxalq reytinqlərdə Azərbaycanın nüfuzu həm yüksəkdir, həm də bu yüksəlmə prosesi ildən-ilə yenilənir və nüfuzu daha da artır. Belə olan halda Azərbaycandakı inkişafın qarşısını almağa cəhdlərin mənası nədir? Hesab edirəm ki, bu, Azərbaycan dövlətçiliyinə qarşı, Azərbaycan xalqının maraqlarına qarşı çıxmaqdan başqa bir şey deyil”. Baş nazirin müavini bildirib ki, öz niyyətlərinə çata bilməyən, müxalifətçilər çox təəssüf ki, mənəvi terror alətindən istifadə etməyə çalışırlar və bunun üçün sosial şəbəkələrdən istifadə edirlər:

“Biz kimlərinsə, sosial şəbəkələrdən istifadəsinin narahatçılığını çəkmirik, bundan xoflanmırıq da. Amma çox təəssüflə qeyd etmək lazımdır ki, onlar sosial şəbəkələri bir mənəvi terror alətinə çeviriblər. Bizim narazılığımız da bununla ələqədardır. Bizim etirazımız bu cəhdlərə qarşıdır. Azərbaycanda bütün siyasi qüvvələr siyasi etika, siyasi davranış nomalarının içərisində fəaliyyət göstərir. Kimisə hədəfə almaq, kimisə təhqir etmək və yaxud mənəvi terrora məruz qoymaq yolverilməzdir və biz buna qarşı qəti etirazımızı qaldırırıq. Eyni zamanda siyasətlə məşğul olan bütün qüvvələri çağırırıq ki, onlar siyasi məkanın bu cür ləkələyənlərə qarşı çıxsınlar. Siyasətlə siyasi davranış normaları, siyasi ləqayət normaları çərçivəsində məşğul olmaq lazımdır. Bu mənada keçirilən mitinqlər və yaxud hansısa aksiyalar bu normalar çərçivəsində olarsa, biz onlara etiraz etmirik. Tənqid etmək əlbəttə ki, müxalifətin təbii hüququdur, amma tənqidi təhqirlə, söyüşlə əvəz etmək yaramazlığın ən böyüyüdür. Təbiidir ki, bu cür davranışa əl atanlar öz davranışları ilə özlərini hansı mənəvi keyfiyyətlərə malik olduqlarını göstərirlər. Siyasətlə mənəviyyatı saf olan insanlar məşğul olmalıdır. Çünki siyasət insanların taleyi ilə bağlı olan bir sferadır. Siyasət insanların hansısa yola dəvət edir. Mənəviyyatsız insan arxası ilə başqa insanları apara bilməz. Mənəviyyatsız insanların arxasına toplaşanlar da elə o insanın qəbul elədiyi mənəvi dəyərləri qəbul etmiş insanlar olacaqlar. Bizim istəyimiz budur ki, siyasətlə yüksək mənəvi, əxlaqi dəyərləri olan insanlar məşğul olsunlar. Biz insanlarımıza mənəvi dəyərlər çərçivəsində tövsiylər verək, rəhbərlik edək. Yanvarın 19-da keçirilən mitinq birinci növbədə onu göstərdi ki, insanlarımız müxalifətin ideyalarını o qədər dərindən dəstəkləmirlər. Onlar sayca bir az keçən dəfəki mitinqlərdən çox insanın iştirak etməsini əldə rəhbər tutaraq bundan bir vasitə kimi istifadə edərək özlərini qəhrəman kimi təqdim etməyə çalışırlar. Əslində 10 milyonluq Azərbaycan cəmiyyətinin çox kiçik bir hissəsinin mitinqin təşkilatçılarının çağırışlarına uyğun olaraq gəlməsi ondan xəbər verir ki, onlar mənəvi dəyərlərini tamamilə itiriblər. Bu da təbiidir, çünki Azərbaycan cəmiyyəti yüksək mənəvi dəyərlərə sahib olan bir cəmiyyət kimi mənəvi dəyərlərini itirmiş, tapdalamış insanların arxasınca gedə bilməzlər, getmirlər və getməyəcəklər”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov