“Bu məsələ Azərbaycanda baş versəydi, Avropa Birliyinin münasibəti başqa cür olacaqdı” - Politoloq

Xəbər verdiyimiz kimi, “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb.

Metbuat.az-ın məlumatına görə, 5 dekabr tarixində aclıq aksiyasına başlayan 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi “Nubarasen” həbsxanasında dünyasını dəyişib. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib.

Qeyd edək ki, M.Yegiazaryan 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.

Məsələni Metbuat.az-a şərh edən politoloq Ramiyə Məmmədova bildirib ki, 50 günlük aclıq aksiyası keçirərək ölən məhbusla bağlı Ermənistan tərəfi heç bir münasibət bildirilmir və məlumat yaymır:

“Ermənistanın yeni "demokratik hakimiyyət" qurduğunu deyərək sinəsinə döyən baş nazir Nikol Paşinyan ölkəsində bir insanın, siyasi məhbusun 50 gün aclıq aksiyası keçirməsinə heç bir əhəmiyyət vermir. Məhbusun bu cür ölümünə səbəb olan hakimiyyətin bugünkü gündə hansı "demokratiya"dan və hansı alilikdən danışa biləcəyi maraq doğuran məsələdir. Ermənistanın və Paşinyanın "demokratik" inqilabını, yeni "demokratik" quruluşunu dəstəkləyən Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi və başqa qurumlar, eləcə də digər Qərb dövlətləri bu məsələyə göz yumurlar. Bu da "demokratiya"nın nə dərəcədə olduğunu bir daha göstərir. Paşinyanın bugünkü vəziyyəti də əslində çox çətindir. Çünki xalq Paşinyandan seçkiqabağı və seçki zamanı verdiyi vədlərin, sözlərin həyata keçirilməsini tələb edir. Çünki Paşinyan verdiyi sözlərin hər birini seçkidən sonra yerinə yetirməli idi. Bu əslində həm də Qarabağ məsələsilə bağlı bir məsələdir ki, o, Qarabağ münaqişəsinin həllini konstruktiv və düzgün yolla həll edəcəyini bildirmişdi.

Rusiyanın bugünkü gündə Paşinyanı və Ermənistanı dəstəkləməməsi də təbii ki, Ermənistana çox böyük zərər verir. Əslində bu, Paşinyanın hakimiyyətinə də çox böyük risklər yaradır. Bu risklər nəticəsində Paşinyan çox çıxılmaz bir vəziyyətə düşüb. Belə bir vaxtda həbsxanada erməni xalqının nümayəndəsinin, partiyanın sədr müavininin aclıq aksiyası nəticəsində ölməsi Paşinyanın bugünkü hakimiyyətinə böyük xələl gətirən məsələdir. İndi gözləyirik ki, görək xalq Paşinyana qarşı necə addım atacaq?

Bilirsiz ki, bu məsələ Azərbaycanda baş versəydi, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avropa Birliyi, Qərb dövlətləri, eyni zamanda ABŞ yüksək kürsülərdə Azərbaycanı anti-demokrat, insan hüquqlarını pozan bir dövlət adlandırardı. Lakin Ermənistanda baş verən bu hadisə hələ ki, heç bir rezonans doğurmayıb. Ermənistanda baş verən anti-demokratik və cinayət hadisələri əslində əvvəlki Qarabağ klanının cinayətlərindən heç də geri qalmır. Bu da onun göstəricisidir ki, Paşinyan hakimiyyəti cinayətkar adlandırdığı Qarabağ klanından heç də seçilmir, eyni siyasəti yürüdürlər. Bugünkü gündə də millətə qarşı "demokratiya" adı ilə anti-demokratik hərəkətlərə yol verirlər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR