Bakı, 1 may, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi və “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin, jurnalistlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin, kütləvi informasiya vasitələrinin inkişafına daim böyük önəm verdiyini vurğulayıb.
Rektor ölkəmizdə mətbuatın tam azad, demokratik şəraitdə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Bakı Dövlət Universitetində qazanılan nailiyyətlər, bu ali məktəbin mətbuat və informasiya şöbəsinin 15 illik uğurlu fəaliyyəti barədə ətraflı məlumat verilib.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cəmiyyətin tərəqqisində təhsilin və mətbuatın mühüm rolundan bəhs edib, BDU-nun mətbuat və informasiya şöbəsinin fəaliyyətinə uğurlar arzulayıblar.