Azərbaycanda bank olmayan kredit təşkilatlarından (BOKT) gündəlik kredit götürən şəxslər üçün restrukturizasiya qaydaları yumşaldılır. Yeni mexanizmə əsasən, kredit restrukturizasiya edildikdə borcalandan müəyyən edilmiş həddən artıq əlavə ödəniş tələb edilməyəcək.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov açıqlayıb.

Onun sözlərinə görə, gündəlik kreditlərlə bağlı tətbiq edilən yeni tələblərin əsas məqsədi vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq və istehlakçı hüquqlarını qorumaqdır.

Yeni qaydalara əsasən, gündəlik kreditin maksimum məbləği 500 manat, gündəlik faiz dərəcəsi 0,3 faiz, kreditin maksimal müddəti isə 45 gün müəyyən edilib.

Xəyyam İsmayılov bildirib ki, borcalanın kredit üzrə ödədiyi bütün əlavə xərclərin ümumi məbləği götürdüyü əsas kredit məbləğinin 100 faizindən artıq ola bilməz. Başqa sözlə, 100 manat kredit götürən şəxsin əlavə xərcləri maksimum 100 manat təşkil edə bilər.

Gündəlik kreditlər üzrə daşınar və daşınmaz əmlakın təminat kimi qəbul edilməsinə də icazə verilmir.

AMB gecikmiş gündəlik kreditləri olan vətəndaşların vəziyyətini nəzərə alaraq bu kreditlərin restrukturizasiyasına imkan yaradıb. Yeni mexanizmə görə, müştəri borcun 20 faizini ödədikdən sonra krediti növbəti 45 gün müddətinə restrukturizasiya edə biləcək.Restrukturizasiya zamanı da müəyyən edilmiş xərc limiti qüvvədə qalacaq. Yəni kreditin yenidən rəsmiləşdirilməsi borcalanın üzərinə əlavə maliyyə yükü qoymamalı və ümumi əlavə ödəniş əsas kredit miəbləğinin 100 faizlik həddini keçməməlidir.AMB-nin sentyabrın 8-də qeydiyyata aldığı yeni qaydanın oktyabrın 10-dan qüvvəyə minəcəyi bildirilib.