Ukraynanın Lutsk şəhərində yerləşən və təxminən 3 kilometr uzunluğa malik nəhəng yaşayış kompleksi dünyanın ən uzun binalarından biri hesab olunur.

Metbuat.az xəbər verir ki, müxtəlif hündürlükdə 38 binanın bir-birinə birləşdirilməsi ilə yaradılan kompleksdə 3 mindən çox mənzil var və burada təxminən 7 min nəfər yaşayır. Bildirilir ki, Moloda və Sobornosti küçələri boyunca uzanan tikili 5 və 9 mərtəbəli hissələrdən ibarətdir. Məlumata görə, ümumilikdə 156 girişin olduğu kompleks yuxarıdan baxdıqda bir-birinə bağlanan hissələrinə görə altıbucaqlı formaya bənzəyir.

Kompleksin inşasına 1969-cu ildə memarlar Vasıl Malovitsa və Rostislav Metelnitskinin layihəsi əsasında başlanılıb. Tikilinin bəzi hissələri 1980-ci ildən istifadəyə verilib. Burada yaşayan sakinlər də ziyarətçilərin çıxış yolunu tapmaqda çətinlik çəkdiklərini bildirirlər.