ABŞ-nin Nyu-York ştatının Erlton qəsəbəsində yerləşən qeyri-adi restoran dünyanın müxtəlif ölkələrindən gələn qonaqların diqqətini çəkir.

Metbuat.az xəbər verir ki, keçmiş motokros yarışçısı Deymon Baehrelin öz adını daşıyan məkanında bir dəfə nahar etmək üçün hətta 5 il gözləmək lazım gəlir. Kənardan adi kənd evinin zirzəmisini xatırladan restoran məşhurları və xüsusi yemək təcrübəsi axtaran şəxsləri qəbul edir. Restoranda garson və ya başqa mətbəx əməkdaşı çalışmır. Baehrel hər axşam cəmi 18 nəfər üçün 15 çeşiddən ibarət menyunu özü hazırlayır və qonaqlara şəxsən təqdim edir. Ən maraqlı məqamlardan biri isə menyudakı bütün ərzaqların onun 12 akr (təxminən 4,9 hektar) sahəsində yetişdirilməsi və toplanmasıdır. Mətbəxdə toz halına salınmış qıjı bitkiləri və turşuya qoyulmuş ağcaqayın yarpaqları kimi qeyri-adi məhsullar saxlanılır. Burada hazırlıq prosesi bir il çəkən palıd qozasının qabığında badımcan dondurması kimi fərqli təamlar da təqdim olunur.

Bildirilir ki, zirzəmidə fəaliyyət göstərən restoranın illik dövriyyəsi təxminən 750 min dollardır. Məkan reklam və tanıtıma vəsait xərcləmir, rezervasiyalar isə yalnız elektron poçt vasitəsilə qəbul edilir. Restorana baş çəkmək üçün 48 ölkədən gələn qonaqlar saatlarla yol qət edirlər. Peşəkar aşpazlıq təhsili almayan Baehrel təbiətdən topladığı məhsullarla hazırladığı yeməklər sayəsində qonaqlarına fərqli gastronomik təcrübə təqdim edir.