26 sentyabr 2018-ci il tarixində Kuru kosmodromundan uğurla orbitə buraxılan “Azerspace-2” peyki bu gündən etibarən kommersiya fəaliyyətinə başlayıb.

Metbuat.az xəbər verir ki, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.

“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.

Hazırda peykin tutumlarının satışı ilə əlaqədar əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. “Azərkosmos” ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri imzalanıb.

İlk kommersiya fəaliyyətinə başladığı il olmasına baxmayaraq “Azerspace-2” peykinin 2019-cu il ərzində tutumlarının istifadəsindən 16,5 milyon ABŞ dolları gəlir əldə ediləcəyi proqnozlaşdırılır.

“Azerspace-2” peyki“Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Müasir elekrik mühərrikləri ilə təchiz olunmuş “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

“Azərkosmos” ASC haqqında

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsininvə xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.cominternet səhifəsindən ala bilərsiniz.