“Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib”.
Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ötən gün yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunmuşdur.
Digər zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində qeydə alınıb. Maqnitudası 4,4 bal olan zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.