"Cənab Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının innovasiya strategiyası hazırlanır"

Xəbər verdiyimiz kimi, Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilir.

Metbuat.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Cənab Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının innovasiya strategiyası hazırlanır:

“Strateji yol xəritələrinə müvafiq şəkildə Azərbaycan iqtisadiyyatı Dünya İqtisadi Forumunun təsnifatına əsasən səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcəkdir. İnnovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq. İnsan potensialının inkişaf etdirilməsi, insan kapitalının keyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı məsələlərə xüsusi diqqət verilir, institusional və biznes mühiti daha da yaxşılaşdırılır, infrastruktur gücləndirilir, təhsil-təlim prosesi və ixtisaslı kadr hazırlığının, əmək bazarı və biznes sektoru arasında koordinasiyanın effektivliyi artırılır, innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyi artırılır, klaster yaratma təşəbbüsləri dəstəklənir və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetlər müəyyənləşdirilir. Azərbaycan iqtisadiyyatının əsas çağırışı - əmək məhsuldarlığının artırılması üçün insan kapitalının inkişafı və innovasiyaların tətbiqi vacib əhəmiyyət kəsb edir.”

Günay Elşadqızı / Metbuat.az

Foto: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR