"Gənclərin potensialının düzgün istiqamətləndirilməsi dövlətin prioritet istiqamətidir"

""Sabahın alimləri" müsabiqəsinin keçirilməsi şagirdlərin nəzəri biliklərinin praktikada tətbiqi yönündə fəaliyyətinin düzgün təşkil olunması məqsədi daşıyır".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib:

"Müsabiqənin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akamediyasının müvafiq institutları ilə orta məktəb şagirdləri arasında əlaqələrin yaradılması, təcrübənin ötürülməsidir".

Nazir müavini bildirib ki, 8-ci müsabiqədə ümumi iştirakçı sayı 311 nəfərdir: "Münsiflər heyətinin ekspertizasının qərarı ilə 311 şagird müsabiqənin final mərhələsində 187 layihə ilə iştirak edəcək. Layihələr müxtəlif nominasinalar üzrə təqdim olunub. Amma ən çox təqdim olunan layihə mühəndislik kateqoriyası üzrədir". M.Vəliyeva bildirib ki, may ayında müsabiqənin qalibləri ABŞ-ın Arizona ştatında keçiriləcək İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində müsabiqəni təmsil edəcək: "Bu illər ərzində Azərbaycandan 41 şagird müxtəlif layihələrlə Amerikada müsabiqənin təmsilçisi olublar. Qaliblər arasında 1 layihə əsas mükafat, 5 layihə isə xüsusi mükafata layiq görülüblər. Əminik ki, bu layihənin də arasından seçilən qaliblər uğurlu nəticə əldə edəcəklər".

Nazir müavini bildirib ki, gənclərin potensialının düzgün istiqamətləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətidir. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)