“Çətinliklər çoxdur, ancaq işimi və şagirdlərimi çox sevirəm”

Dünyadakı ən şərəfli peşələrdən biri müəllimlikdir. Xüsusilə də Azərbaycanda müəllimlik ən çox seçilən peşələrdən biridir. Demək olar ki, hər bir ailədə müəllim var. Müəllimlik adını yüksək tutan isə təbii ki, savadlı, bacarıqlı, şagirdlərini sevən, daima onların cəmiyyət üçün formalaşmasında yardımçı olan, bilik, savad öyrədən müəllimlərdir.

Son illər rayon və kənd məktəblərində işləyən gənc müəllimlərin sayı artıb. Müəllimlərin İşə Qəbul müsabiqəsində iştirak edən gənc müəllimlər ballarına uyğun seçdikləri məktəblərdə çalışıb pedaqoji fəaliyyət göstərirlər. Onların bir çoxu evlərindən kilometrlərlə uzaqda olan rayon və kəndlərdə fəaliyyət göstərirlər.

Bu dəfə Quba rayonu şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində və 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə çalışan gənc müəllimlərlə tanış olduq.

24 yaşlı Maral Yusifova Sumqayıtda yaşayır. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayaraq bu məktəbdə dərs deməyə başlayıb. Deyir ki, bu kənddə işləməyi özü seçib: “Qəçrəşdə çalışmağına baxmayaraq, Sumqayıtda yaşayıram və hər gün atam aparıb-gətirir. 2017-ci ildə 2 böyük uğur qazanmışam. Əvvəlcə magistratura imtahanında yüksək nəticə toplayaraq Azərbaycan Dillər Universitetinin Alman dili fakültəsinə daxil oldum. Eyni zamanda da Müəllimləri İşə Qəbulu müsabiqəsindən də yüksək bal toplayaraq bu məktəbdə pedaqoji fəaliyyətimə başladım. Səhər məktəbdə dərs deyirəm, dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsilimi davam etdirirəm, sonra isə Sumqayıta evə gedirəm. Çətinliklər çoxdur, ancaq işimi və şagirdlərimi çox sevirəm, bu da məni daha da ruhlandırır. Məqsədim şagirdlərimə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir, uşaqlar da dərsi yaxşı və maraqla oxuyurlar".

M.Yusifova deyir ki, hazırda 22 saat dərs yükü var və təxminən 400 manata yaxın əmək haqqı alır: “VII sinifdən XI sinfə qədər alman dilini tədris edirəm. Kənddə dərs deməyimi evdə problem eləmədilər, əksinə çox dəstək oldular, xüsusilə də atam. Hər gün məni dərsə gətirib gözləyir, sonra da Bakıya dərsə aparır. Başqa gənc müəllimlərə də məsləhət görərdim ki, rayonlarda, kəndlərdə işləməkdən çəkinməsinlər. Buranın təbiətini çox sevirəm, şagirdlərimi çox sevirəm, işimi sevə-sevə görürəm. Müəllim heyətimiz çox yaxşıdır, öyrəşmişəm”.

Bu məktəbdə işini sevərək görən gənc müəllimlərdən biri də 24 yaşlı tarix müəllimi Nigar Bəşirovadır. N.Bəşirova Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayaraq kənd məktəbində işə başlayıb: “Bu məktəbi özüm seçmişəm. Çünki kəndlərdə gənc kadrlara, yeni nəfəslərə daha çox ehtiyac var, çünki onlar getdikləri yerlərə yeni nəfəs gətirirlər. Uşaqların uğurlarında az da olsa pay sahibi olmaq mənə sevinc verir”.


Gənc müəllimə çalışdığı məktəbin adını daşıyan Şahmərdanovlar ailəsinin evində kirayə qalır: “İstər məktəbdə şagirdlərin, istərsə də kənddə insanların bizə qarşı münasibəti yaxşıdır. Pedaqoji fəaliyyətimi burada davam etdirmək niyyətindəyəm. Aldığım məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manata yaxın əmək haqqı, 70 manat kirayə haqqı verirəm”.N.Bəşirova eyni zamanda şagirdlərinin bir neçəsini dərsdən sonra ali təhsil müəssisəsinə hazırlaşdırır. Gənc müəllimə eyni zamanda magistr təhsili almaq niyyətindədir.

Nigar Bəşirovanın dərs dediyi şagirdlərdən biri də Fidan Balakişiyevadır. Deyir ki, tarix fənnini çox sevirəm, bunu da bizə müəllimimiz sevdirib: “Çox maraqlı dərs keçir, dərsi çox yaxşı izah edir. Ona görə mən də Nigar müəlliməyə baxıb həvəslənib tarix müəllimi olmaq istəyirəm”.


Məktəbin gənc müəllimlərindən biri də Şəmkirdən Qəçrəşə işləməyə gələn 23 yaşlı Gülər Abdullayevadır: “Müəllimlərin İşə Qəbul müsabiqəsində 44 bal toplamışam. Biologiya fakültəsinin Qubanın II Nüvədi kəndində təcrübə mərkəzi var. Orada təcrübədə olduğum 2 həftə ərzində Qubanın təbiəti, insanları mənə çox maraqlı gəldi, ona görə də ilk olaraq buranı seçdim”.

G.Abdullayeva Bakı Dövlət Universitetinin biologiya fakültəsinin məzunudur. 2017-ci ildən burada çalışır: “Şagirdlərimə dərsi müxtəlif metodlarla keçərək onların bu fənnə marağını cəlb etməyə çalışıram. Ailəm də burada çalışmağıma dəstək olub. Şəmkirlə buranın iqlim şəraiti eyni deyil. Şəmkir isti olur, bura isə çox soyuq olur. İlk vaxtlar gələndə çətinlik çəkirdim, indi öyrəşmişəm. İnsanları da çox mehriban, adət-ənənənələr də fərqlidir, ancaq artıq adaptasiya olmuşam”.


Gənc müəllimə 567 manat əmək haqqı alır, 80 manat isə kirayə haqqı verir. Türkiyədə magistr təhsilini davam etdirmək istəyir. VIII sinif şagirdləri Mədinə Səmədova və Ləman Ağayeva deyir ki, müəllimlərinin gənc olması, dərsi maraqla keçməsi onların xoşuna gəlir, onlarla mehriban davranır.

Müəllimlərlə tanış olduqdan sonra məktəbə yenicə direktor təyin olunan Həbib Hacıyevlə də həmsöhbət olduq. Direktor deyir ki, əmək fəaliyyətimə 2006-cı ildə bu məktəbdə başlamışam, ixtisasım ibtidai sinif müəllimliyidir: “Özüm də bu məktəbdə oxumuşam. 2009-cu ildə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Bu il direktorların işə qəbul müsabiqəsində iştirak etdim və 38 bal toplayıb çalışdığım məktəbdə direktor işləmək hüququ qazandım. Məktəbdə 409 şagird təhsil alır, eyni zamanda 36 uşaq 5 yaşlıların məktəbəqədər hazırlıq kurslarında oxuyur. İcma qrupumuzda isə 22 uşaq var. Müəllimlərimiz içərisində son 5 ildə Müəllimlərin İşə Qəbul müsabiqəsindən keçənlər çoxdur. Bu müəllimlərin gəlməsi təhsil uğurumuzun artmasına səbəb olub. 2 il əvvəl şagirdimiz rayon üzrə ən yüksək nəticə göstərərək 674 balla ali məktəbə qəbul olunub. Ötən tədris ilində də 22 şagirdimiz ali məktəbə qəbul olunub. Məktəbimizdə çalışan 38 müəllimin hamısı öz ixtisasları üzrə çalışır, bütün fənn müəllimlərimiz var”.

Daha sonra 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbindəki gənc müəllimlərlə tanış olduq. 23 yaşlı Sumqayıt sakini Kəmalə Fazilova Müəllimlərin İşə Qəbul müsabiqəsində 52 bal toplayıb və bu məktəbdə fəaliyyətə başlayıb: “Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. Həftənin 5 günü Qubada qalıram. Şagirdlərin bilik səviyyəsi normaldır, çalışıram daha da yaxşı olsun. 10 saatlıq iş saatım var və 256 manat əmək haqqı alıram. Əsasən V-VI siniflərə dərs deyirəm”.

22 yaşlı Arzu Məmmədova da Sumqayıt sakinidir: “İki ildir pedaqoji fəaliyyətə başlamışam. İlk ili Lerikdə, bu ildən isə müəllimlərin yerdəyişməsi ilə burada dərs keçirəm, kimya müəllimiyəm. MİQ-də 37 bal toplamışam. VII-XI sinif şagirdlərinə dərs deyirəm, bildiklərimi onlara öyrətməyə çalışıram”.


Məktəbin direktoru Müşfiq Hilalov Bakı Dövlət Universitetinn fizika müəllimliyini bitirib, 1993-cü ildən bu məktəbin fizika müəllimi işləyib: “Özüm də bu məktəbdə oxumuşam, 2017-ci ildən direktoram.

Məktəbimiz 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Əvvəl müəllimim olan insanlarla burada işləməyə başlayandan sonra iş yoldaşı oldum, bu çox qürurlandırıcı hadisədir. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Direktor deyir ki, şagirdlər arasında ali məktəblərdə təhsil alan şagirdləri də var”.

Günay Elşadqızı / Quba/ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR