Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi və Akademiyasından reportaj

Dövlət Gömrük Komitəsi ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin DGK-nın Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfərini təşkil edib.

Metbuat.az-ın məlumatına görə, media-turda iştirak edən 40-a yaxın media nümayəndəsinə həmin qurumların yaranması və fəaliyyəti barədə məlumat verilib.

Jurnaslistlər əvvəlcə “Azərterminalkompleks" Birliyi ilə tanış olublar. Birliyin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov jurnalistlərə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışaraq bildirib ki, “Azərterminalkompleks" Birliyi Dövlət Gömrük Komitəsinin tərkibində təsərrüfat hesablı birlik kimi fəaliyyət göstərir:

“Birliyin əsas fəaliyyəti sahibkarlara göstərilən xidmətlərdir. Sahibkarlara xidmət ondan ibarətdir ki, onların bəyənnamələrinin yazılması, dayanacaq, tərəzi, kuryer xidmətləri, onların yüklərinin çatdırılması kimi işlər “Azərterminalkompleks" Birliyinə aiddir. Bütün sərhədlərdə müvəqqəti saxlanc anbarlarımız var. Kimsə yük gətirəndə orada əgər Nazirlər Kabinetinin qərarı ilə yüklər sərhəddən keçmirsə, bu zaman bizim müvəqqəti saxlanc anbarlarına yığılır.

Müvəqqəti saxlanc anbarlarına yığılanlar tez xarab olan mallardırsa, Nazirlər Kabinetinin 2013-cü il 88 saylı qərarına əsasən, dövriyyəsi məhdudlaşdırılmış mallar bizim tərəfimizdən məhkəmənin qərarı ilə müsadirə olunur və məhvetmə komissiyası tərəfindən məhv edilir. Qeyri-ərzaq məhsulları isə Əmlak Komitəsinin elektron hərracı vasitəsilə hərraca çıxarılıb orada satılır və bizim büdcəmizə vurulur. Son zamanlar gömrükdə böyük dəyişikliklər olub. 21 dekabr 2018-ci ildə prezident İlham Əliyev tərəfindən verilən Sərəncamla sahibkarlara “Yaşıl dəhliz” verilib. Pilot layihə artıq fevralın 1-dən qüvvəyə minib və bir çox şirkətə “Yaşıl dəhliz”lər verilib. Fevralın 1-dən bizim də Ticarətin Asanlaşdırma Mərkəzi artıq fəaliyyətə başlayıb. Sahibkarlar heç yerə getmədən evdən və ya işdən bu portal vasitəsilə yazırlar və onların qısa idxal bəyənnamələrini tərtib edirik. Bir ay ərzində qısa idxal bəyənnamələri yazılır. Bu bəyənnamələrin yazılması sahibkarlara daha geniş imkanlar verilir. Onlar evdə otura-otura bizim Ticarətin Asanlaşdırma Mərkəzinə bir zənglə bütün məsələlərini həll edirlər. Gələcək üçün işlərimiz çoxdur. Biz istəyirik ki, dayanacaqlarımızın, tərəzilərimizin imkanlarını artıraq. Çünki Avropaya inteqrasiya olduqca sərhəd zonalarında sıxlıqların azalması üçün yeni-yeni dayanacaqlar açırıq ki, bu sıxlıqları da aradan qaldıraq.

Birliyin binasında yerləşən Heydər Əliyev Muzeyində jurnalistlərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, ulu öndərin gömrük orqanlarının yaranması və formalaşmasındakı gərgin və misilsiz əməyi barədə məlumat verilib.

Sonra jurnalistlər Birliyin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə də tanış olublar. Birliyin şöbə müdiri Ramiz Ağayev bildirib ki, muzeydə müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməyə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib:

“600-dən çox eksponata malik olan muzeydə yalnız Azərbaycanın deyil, Qərbi Avropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans imperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid "Quran" və "İncil" nüsxələri, ikonalar, müxtəlif dinlərə aid əşyalar toplanıb. Muzeydəki ən qədim eksponat e.ə. I minilliyə aiddir”.

Dövlət Gömrük Komitəsinin Akademiyası barədə məlumatı isə jurnalistlərə Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çatdırıb. Qulu Novruzov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu ali təhsil müəssisəsi 2014-2015-ci tədris ilində fəaliyyətə başlayıb. Hazırda Akademiyada hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə 176 tələbə təhsil alır. Akademiya Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin binasında yerləşir və burada tələbələrlə yanaşı, gömrük orqanlarında yeni işə qəbul edilənlər də dinləyici qismində gömrük işinin sirlərini öyrənirlər.

Akademiya rəisinin sözlərinə görə, tədris prosesində ən müasir metodologiyalardan istifadə edilir və Akademiyanın pedaqoji heyəti əksəriyyəti xaricdə təhsil alan ixtisaslı kadrlardan təşkil olunub. Qulu Novruzov DGKA-da tədris prosesinin və imtahan sessiyasının təşkili barədə də məlumat verərkən onu da bildirib ki, DGKA-da tədrisin avtomatlaşdırılması və təhsil prosesinin elektron idarə edilməsi üzrə innovativ proqram təminatından istifadə olunur. O, imtahanların nəticələri barədə tələbələrin şikayətlərinə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyasının fəaliyyət göstərdiyini vurğulayıb.


Qulu Novruzov bildirib ki, 2018-ci ildə Akademiyadanı bitirən ilk məzunlardan 16-sı xaricdə və ölkədəki təhsil müəssisələrində magistr dərəcəsi üzrə təhsillərini davam etdirir, 10 nəfəri isə gömrük orqanlarında işlə təmin olunub. Akademiyanın rəisinin sözlərinə görə, təhsil prosesində xarici dillərin tədrisinə xüsusi önəm verilir və bu ildən Akademiyada gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi və gömrük nəzarətinin təşkili ilə bağlı biliklər də tədris olunur.

Q.Novruzov bildirib ki, Akademiyanın rəisi təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb: "Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, aidiyyəti orqanlar bu işə konstruktiv yanaşacaq".

Daha sonra jurnalistlərə auditoriyalar və buradakı dərs prosesi barədə əyani şəkildə məlumat verilib. Qeyd olunub ki, tədris və imtahan prosesi informasiya texnologiyalarının tətbiqi ilə tam avtomatlaşdırılmış və şəffaf şəkildə həyata keçirilir. Jurnalistlər Akademiyada təşkil edilən və gömrük nəzarəti zamanı tətbiq edilən texniki nəzarət vasitələri otağı, buradakı tədris prosesi barədə də məlumatlandırılıb.

Media nümayəndələri Akademiyanın laboratoriyası ilə də tanış olublar. Qulu Novruzov bildirib ki, bura Akademiyanın ən funksional, vacib laboratiyalarından biridir: “Burada gömrük orqanları əməkdaşlarına praktik bacarıqlar baxımından skanlaşma, texniki nəzarət aparatları ilə işləmə kimi dərslər keçirilir. Ayrı-ayrı təlim modulları hazırlamışıq. Elə əməkdaşlar var ki, bir neçə ildir gömrük orqanlarında çalışırlar. Monitor arxasında çalışan işçilər var ki, onların peşə bacarıqları o qdər də yüksək deyil. Onlar üçün xüsusi texniki nəzarət vasitələri ilə bağlı ayrıca təlim modulları hazırlanıb. Əməkdaşların peşə bacarığını artırmaq üçün fərqli modullar təklif olunur. Bildiyiniz kimi, ötən il attestasiya aparıldı, attestasiyadan keçməyən gömrük əməkdaşlarına bir il möhlət verilib. Bir il sonra yenidən attestasiyadan keçəcəklər. O zaman da attestasiyadan keçə bilməyənlər gömrük orqanlarından uzaqlaşacaqlar.

Bizim fəaliyyət istiqamətimizin biri bakalavr hazırlığıdır. İkinci istiqamətimiz xidmətə qəbul olunan əməkdaşların peşəkar xidmətə hazırlığıdır. Üçüncü istiqamət gömrük xidməti orqanlarında işləyən əməkdaşların peşə hazırlığının aparılmasıdır. Dördüncü istiqamətimiz isə gömrük xidmətindən daha geniş istifadə transmilli korporasiyaların, böyük şirkətlərin gömrük xidmətilə bağlı çalışan əməkdaşları üçün təlimlər keçməkdir. Məsələn, bilirsiniz “Yaşıl dəhliz” istifadəyə verildi, yaxud yeni elektron bəyənnamələri, qısa idxal bəyənnamələri tətbiq olundu. Ola bilər ki, ayrı-ayrı şirkətlərin, biznes sahələrinin bu işlə məşğul olan əməkdaşlarının bacarıqları yetərli deyil. Biz onlar üçün də bu xidməti təklif edirik”.

Dərs keçən gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirib ki, skanlaşma mərkəzində gömrük orqanlarına yeni qəbul olunan əməkdaşlara gömrük sərhəd buraxılış məntəqələrində istifadə olunan texniki nəzarət vasitələri barədə həm nəzəri, həm də praktiki cəhətdən biliklərinin artırılması üçün dərslər keçirilir. Gömrük nəzarətində istifadə olunan ən müasir aparatlar bu laboratoriyada istifadə olunur.

B.Şəfiyev bildirib ki, Azərbaycana 9 ədəd "Body Scan" gətirilib və yaxın vaxtlarda bütün beynəlxalq hava limanlarında və cənub sərhəd keçid məntəqələrində quraşdırılacaq. Qeyd edək ki, "Body Scan" gömrük ərazisindən keçərkən insanların üzərində olan qanunsuz vasitələri müəyyən edən texniki nəzarət vasitəsidir.

Auditoriyalar barədə məlumat verən Akademiyanın rəisi bildirib ki, elektron lövhəsiz auditoriya yoxdur: “Dərslər hamısı interaktiv keçməlidir. Tədris resurslarını elektron formada verməyən müəllim auditoriyaya girə bilməz. Qeyd edim ki, Akademiyada 50-yə yaxın müəllim pedaqoji fəaliyyətlə məşğul olur. Onlar arasında saathesabı çalışanlar da var, ştatda olanlar da”.

Media nümayəndələri gömrük orqanlarına yeni qəbul olunan əməkdaşların təlim kurslarını da izləyiblər. Akademiyanın rəisi bildirib ki, bu əməkdaşlar dinləyici sayılırlar, onlar üçün dərs müddəti 5 həftəlikdir: “Axırıncı imtahanda 237 nəfər gömrük orqanlarında işə qəbul olunub. Onlar da mərhələ-mərhələ 5 həftəlik dərslərdə iştirak edəcəklər. 5 həftəlik mərhələnin sonunda onlar imtahan verirlər və imtahan keçən əməkdaşlar and içirlər.

Beş həftənin 1 həftəsi təcrübədir, yəni həmin əməkdaşlar 1 həftə respublikanın gömrük orqanlarında təcrübə toplayırlar.İmtahanlar yazılı keçirilir, imtahandan uğurla keçə bilməyənlər andiçməyə buraxılmır. Sonra onlar ya məzuniyyətləri hesabına, ya da əlavə münasib vaxtda gəlib yenidən təlimdən keçməlidilər. İmtahandan keçə bilməyənlərə möhlət verilir ki, yenidən təlim keçib imtahan versinlər. Andiçməyə buraxılmamaq tam hüquqlu gömrük əməkdaşı demək deyil. Bu zaman həm maddi, həm də səlahiyyət baxımından müəyyən məhrumiyyətləri olur”.

Sonda media nümayəndələri Akademiya tələbələrinin rəsmi keçidini izləyiblər.

Qeyd edək ki, media-turda 40-a yaxın media nümayəndəsi iştirak edib.

Günay Elşadqızı / METBUAT.AZ

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən reportaj / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR