"Yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda "Sahibkarlara Xidmət Mərkəzi" və "Biznes İnkubasiya Mərkəzi" fəaliyyətə başlayacaq".
Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərlə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Nazir müavini qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondunun yaradılmasının əsas məqsədi real sektora investisiya həcminin qoyuluşunun artırılması, sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, bütövlükdə sahibkarlığa dövlət dəstəyinin mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir:
"Bu gün Sahibkarlığın İnkişafı Fondu sahibkarlarımızım investisiya layihələrini güzəştli qaydada maliyyələşdirməklə yanaşı, onların maarifləndirilməsi, digər sahibkarlarla əlaqələrinin qurulması, eyni zamanda korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq sahibkarlara, xüsusilə da təşəbbüskar gənclərə şəraitin yaradılması, onların dəstəklənməsi üçün bir müsabiqənin keçirilməsi planlaşdırılır. Müsabiqə əsasında seçilmiş innovativ ölkədə qeyri-neft sektorunun inkişafına yönəldilmiş layihələr müsabiqəsidir. Müsabiqənin nəticəsi olaraq innovativ düşüncəyə malik gənclərimiz, startapçılar seçilərək Fondda onlar üçün şərait "Biznes İnkubasiya Mərkəzi" yaradılacaq. Həmin sahibkarlar öz startap ideyalarının kommersiyalaşdırmaqla bağlı mövcud imkanlardan istifadə edəcəklər. Fond da bu istiqamətdə onları dəstəkləyəcək".
Sahib Məmmədov bildirib ki, eyni zamanda Sahibkarlığın İnkişafı Fondunda "Sahibkarlara Xidmət Mərkəzi" də yaradılır:
"Mərkəzin yaradılmasında əsas məqsəd, ümumiyyətlə Sahibkarlığın İnkişafı Fondunun kreditlərindən istifadə qaydaları, müvəkkil kredit təşkilatları və əldə olunmuş uğurlu təcrübələr sahibkarlarımıza aşılanacaq və operativ qaydada həmin xidmət mərkəzində sahibkarlara istənilən məlumat çatdırılacaq, onların maarifləndirilməsi həyata keçiriləcək. Hesab edirik ki, bu cür dəstək mexanizmləri vasitəsilə sahibkarlarımız dövlətin güzəştli kreditlərinə çıxış imkanları barədə ətraflı məlumat edəcəklər. Bu onların növbəti layihələrinin maliyyələşdirilməsində vacib addımlardan biri olacaq".
Günay Elşadqızı / METBUAT.AZ