Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib.
Metbuat.az-ın məlumatına görə, Konfransda müvafiq dövlət qurumlarının, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, startap layihələrinin dəstəklənməsi ilə birbaşa əlaqədar olan qurumların nümayəndələri, iş adamları və gənc startapçılar iştirak edib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, gənclərin sosial-iqtisadi həyatda daha fəal iştirakının stimullaşdırılması onların innovativ yanaşmalar və biliklər əldə etməsini şərtləndirir:
"Korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi istiqamətində işlər aparılır. Startaplar daha geniş şəkildə təşviq ediləcək". İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin fəaliyyəti barədə məlumat verərək Agentliyin hazırda regionlarda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini, müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsiz istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib. Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları iştirakçılara Fondun fəaliyyəti, startaplarla bağlı beynəlxalq təcrübə, startapların dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndəsi qrant və digər mexanizmlər vasitəsilə dəstək göstərilmiş startapçılar barədə məlumat verib.
Tədbirdə startapçılar yeni layihələrini təqdim ediblər. Startap ideya və təşəbbüsləri ilə Azərbaycanı xaricdə tanıdan startapçılar onlara göstərilən dövlət dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Konfransda gənc sahibkar və startapçıların təklifləri dinlənilib, startapçılar ilə investorlar arasında işgüzar münasibətlərin qurulması, yeni ideyaların reallaşdırlıması istiqamətində müzakirələr aparılıb.
Günay Elşadqızı / METBUAT.AZ