Bakı, 2 may, Əsəd Məmmədov, AZƏRTAC
İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarının Azərbaycana səfəri ölkəmizlə yaxından tanışlıq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədə və Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı jurnalistlərə müsahibəsində məlumat verib.
Səfir bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan inkişaf mərhələsinə çatıb. Buna görə də digər xarici ölkələrdə olduğu kimi, İsveçrədə də Azərbaycana səfər etmək, respublikamızla tanış olmaq istəyənlər çoxdur və onların sayı getdikcə artır.
Diplomat bildirib ki, bu səfər çərçivəsində qonaqlara Azərbaycanda gedən inkişaf prosesləri, ölkəmizin mədəniyyəti, zəngin tarixi, xüsusilə də birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məlumatlar veriləcək.
Əkrəm Zeynallı, həmçinin vurğulayıb ki, bu səfər Azərbaycanla hazırda Bakıda olan diplomatların təmsil etdikləri ölkələr arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verəcək.