"Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək.
Metbuat.az-ın məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov "Kibertəhlükəsizlik həftəsi" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 13 mart tarixində keçiriləcək 6-cı "Regional İnternet İdarəçilik Forumu" 4 sessiyadan ibarət olacaq. Forum çərçivəsində həm özəl, həm dövlət, həm QHT nümayəndələri, ümumiyyətlə internet idarəçiliyinə cəlb olunan hamıya çıxış üçün şərait yaradılacaq.
V.Məmmədov bildirib ki, Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir:
"Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar".
Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq. Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.
Günay Elşadqızı / METBUAT.AZ