8 mart Beynəlxalq Qadınlar Günü - iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır.

Metbuat.az xəbər verir ki, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.

Bu gün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Qadınlar Dayanıqlı İnkişafa doğru" adlı tədbir keçirilib.

Tədbir ənənəvi olaraq, rəsmi və bədii hissədən ibarət olub. Tədbirdən əvvəl qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra "2018-ci ilin yekunları:Dövlət Qadın Siyasəti" adlı film nümayiş olunub.

Rəsmi hissədə ölkə başçısının qadınlara məktubu səsləndirilib və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunub.

Hər il olduğu kimi bu il də ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıblar.

Tədbirdə Əlil Qadınların əl işlərindən ibarət satış sərgisi keçirilib.

Aysel Yaqubqızı / Metbuat.az