Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri "Yaşıl qələm Jurnalistlər Bağı" salıblar.
Metbuat.az-ın məlumatına görə, aksiyada 100-dən çox jurnalist iştirak edib. Əvvəlcə onu qeyd edim ki, aksiya yazıçı-jurnalist Azər Qismətin təşəbbüsü ilə yaradılıb. Azər Qismətin "Facebook"da Jurnalistlər bağının salınması ilə bağlı təklifinə mənim kimi bir çox media nümayəndəsi müsbət cavab verdi və yaz fəslinin başlamağına, Novruz bayramına bir neçə gün qalmış belə gözəl bağ salındı.

Səhər soyuq və buludlu havanın ağac əkildikdən sonra isinməsi, günəşin çıxması da sanki təbiətin sevincinin təzahürü idi. Azər Qismət deyir ki, ilk dəfə barədə "Facebook"da öz arzumu dilə gətirdim ki, istəyirəm Jurnalistlər bağı olsun:
"Həqiqətən də arzular gerçəkləşə bilərmiş. Sən demə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri arzumla bağlı yazdığım statusu görüblər. 3 gün sonra onlar mənimlə əlaqə saxlayıb bildirdilər ki, bu arzunuzu həyata keçirə bilərik və bunun üçün yer də ayırmışıq. Amma indi ağacəkmə vaxtı deyil, martda həyata keçirərik. Sözün açığı inanmadım ki, bu qədər operativlik olar, çox sevindim. "Facebook" da bununla bağlı elan verdim, çoxlu sayda jurnalist dəstək oldu. Bu bağa "Yaşıl qələm Jurnalistlər Bağı" adını verdik. Torpağa uyğun ağaclar seçilib, bu gün də gəlib həmkarlarımızla birgə aksiyanı həyata keçirdik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Metbuat.az-a açıqlamasında bildirib ki, bugünkü aksiyada 3 hektar ərazidə 2000-ə yaxın müxtəlif cinsli ağaclar əkildi ki, bunların da əksəriyyəti meyvə ağaclarıdır:
"Aksiyada zeytun, yapon əzgili, ərik, feyxua, nar, dəfnə, əzgil, şam və s. ağacları əkildi. Ərazidə damcılı suvarma sistemi çəkilib. Ağacları jurnalistlər əksə də, əraziyə bizim əməkdaşlar qulluq edəcək. Çox sevinirik ki, yaz əkinini jurnalistlərlə başladıq. Bu yaz ağac əkinində deviz qoyduq ki, "Bu yaz özün bir təbiət yarat". Sevinirik ki, bizim bu aksiyamıza jurnalistlər qoşuldu və yaz ağac əkinini onlarla birgə başladıq. Bu bir mesajdır ki, hamı ağac əksin, kəsməsin. Həmişə yaşıllığı qoruyaq, ağac əkək. Jurnalistlər gəlib bu ağacların meyvəsindən dərəndə görün nə qədər xoşbəxt olacaqlar".

Qeyd edək ki, aksiyada Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev də jurnalistlərlə birgə ağac əkib. Nazir Metbuat.az-a açıqlamasında bildirib ki, çox sağ olsun jurnalistlər ki, özləri belə təşəbbüs irəli sürüblər: "Aksiya çox gözəl keçdi. 3 hektar ərazidə müxtəlif ağacların əkinini həyata keçirdik. Əkilən ağacların ən azı 80 faizindən çoxunun tutma ehtimalı var. Jurnalistlər bağında artıq damcılı suvarma sistemi qurulub".

Bağın salınmasında 100-dən çox jurnalist iştirak etsə də, bir neçə həmkarımızın aksiya ilə bağlı fikirlərini də öyrəndik.
Əməkdar jurnalist Flora Xəlilzadə deyir ki, jurnalistlər ömür boyu söz əkiblər, bu gün isə təbiətdə ağac əkdilər: "Arzu edirəm ki, jurnalistlərimizin qələmlə əkdikləri necə bəhrə verir, yaddaşlarda qalırsa, bu bağ da elə yadda qalsın hər zaman, bəhrə versin".
"Mədəniyyət.az" jurnalının baş redaktoru, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva deyir ki, belə bir söz var ki, insanlar ev tikməli, övlad böyütməli və ağac əkməlidir: "Ev tikmək və övlad böyütmək fəlsəfi məqamdır, başqa təzahürləri var. Amma ağac əkmək ən realist bir şeydir. Əgər yaxşı baxılsa, ağac həmişə qalacaq, canlıdır, onların da ruhu var. Hətta istərdim ki, kim hansı ağacı əksə, üstündə adı yazılardı, bu da maraqlı bir şey olardı. Nə vaxtsa sən özün gələndə və ya başqaları baxanda bilərdi ki, bu ağacı sən əkmisən və təbiət üçün nəsə etmisən. Biz jurnalistlər yaxşı vətəndaş olmaq üçün əlimizdən gələni edirik. Bu aksiyanı Azərbaycanın, Bakının təbiəti üçün ən gözəl aksiyalardan biri hesab edirəm. Əvvəla bu həmrəylikdir, jurnalistlər arasında münasibətlərin daha da yaxınlaşmasıdır, Nazirliklə jurnalistlər arasında gözəl münasibətin yaranmasıdır, ən əsası isə Bakının təbiətinin qorunması üçün atılan çox gözəl aksiyadır. Belə bir ideyaya görə Azər Qismətə və həyata keçirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edirəm".
Tanınmış jurnalist Aidə Eyvazlı deyir ki, bu cür aksiyanı Jurnalistlər Binasının həyətində də keçiriblər: "Bildiyiniz kimi, bizə Jurnalistlər Binasında ev verilib. Orada torpaq azdır, ağaclar bitmirdi. Ötən ilin sonlarında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə məktub yazdım ki, xahiş edirəm Jurnalistlər Binasının həyətində ağac əkməyimizə şərait yaradasız. Məktubu yazan kimi cənab nazir mənə tez cavab verdi, bu, gözlənilməz bir şey idi. Çox şad oldum, mənimlə əlaqə saxladılar və 15 gün sonra ağacları əkdik. Bu gün isə "Yaşıl qələm Jurnalistlər Bağı"nı saldıq. Biz jurnalistlər söz göyərdirik, Ekologiya Nazirliyi də ağac göyərdir. Ümumiyyətlə yaşıllıq, ağac əkib-becərmək çox gözəldir. Bir söz var, torpağı sev ki, torpaq səni ucaltsın. İstəyirəm ki, Vətənimiz hər zaman yaşıl, güllü-çiçəkli olsun. Çox gözəl təşəbbüs idi və iştirak etməkdən çox məmnunam. Arzu edərdim ki, Vətənimizin hər yerində bu cür təşəbbüslər olsun".
Tanınmış jurnalist, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr sektorunun müdiri Səfurə Çərkəzqızı deyir ki, ağac əkmək təbiəti yaşıllaşdırmaq deməkdir: "Mən əslində indiyə qədər heç vaxt ağac əkməmişdim. Bu həm də səbrsiz olmağımla əlaqəlidir, bir işin dərhal nəticəsini görmək istədiyim üçün həmişə düşünmüşəm ki, mən ağacı əkəcəm, o nə vaxt böyüyəcək, sonra nə vaxt meyvə verəcək. Bugünkü aksiya isə çox gözəldir, həm ona görə ki, ağac əkdik, həm də uzun zamandır görmədiyim həmkarlarımızla görüşdük. Təsəvvür edirəm ki, bir neçə il sonra burada necə yaşıllıq olacaq, ağaclar bar gətirəcək, təbiətə gözəllik verəcək".
Tanınmış telejurnalist Azadə Balayeva deyir ki, bu, çox gözəl aksiyadır: "Ekologiya çirklənməsi nəticəsində hər il dünyada 4 milyon insan ölür. Bu baxımdan ağac əkmək çox önəmli aksiyadır. Mən özüm dağlıq rayonda, yaşıllıqda, gözəl təbiət qoynunda böyümüşəm. Ona görə bu aksiyanı eşidən kimi dərhal qoşuldum. Jurnalistlərin bu aksiyada fəal iştirakı bir daha göstərdi ki, jurnalistlər bütün sahələrdə aktivdirlər. Bugünkü tədbirdə çox tanınmış jurnalistlərimizi də gördüm. Çox gözəl oldu, istərdim ki, bu cür aksiyalar davamlı olsun".
Tanınmış telejurnalist, Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı deyir ki, ağac əkmək dünyadakı ən gözəl işlərdən biridir: "Çünki bu, həyat vermək, planetin qorunmasına kiçik də olsa töhfə vermək deməkdir. Ona görə özümü çox xoşbəxt hiss edirəm ki, bu aksiyada iştirak etdim. Bir neçə ağac əkdim, inanıram ki, bir neçə il sonra o ağaclar böyüyəcək, böyüdükcə bizim arzularımız, ümidlərimiz də böyüyəcək. Mən ağaca ümid kimi baxıram. Çox sevinirəm ki, jurnalistlərin belə xüsusi bağı salındı, inanıram ki, gələcəkdə çox gözəl bağ olacaq, biz də hamımız toplaşıb ağacların kölgəsində samovar çayı içəcəyik".
Əməkdar jurnalist Elnarə Dərziyeva deyir ki, bugünkü aksiya çox möhtəşəm keçdi. Jurnalistlərin əl qabiliyyəti təkcə qələmlə deyil bu sahədə də yoxlandı: "Biz bu gün ağac əkdik ki, izimiz qalsın. Deyirlər tikdim ki, izim qala, biz isə bu gün ağac əkdik ki, izimiz qala, inanıram ki, qalacaq da".

Tanınmış teleaparıcı Vüsalə Səid Eyyubqızı isə deyir ki, çox şadam ki, İradə xanım və Azər bəy məni də bu aksiyada iştirak etməyə dəvət etdilər: "Təbiəti çox sevdiyim üçün bu aksiyada da sevə-sevə iştirak etdim. Bu cür aksiyalara nə qədər çox qoşulsaq, gələcəyimiz üçün böyük işlər görmüş olacağıq, çünki təbiətə nə qədər çox baxsaq, nə qədər çox ağac əksək, uşaqlarımızı, gələcəyimizi o qədər çox oksigenlə təmin etmiş olacağıq".

Tanınmış teleaparıcı Fəxriyyə Lilpar İsayeva deyir ki, həmkarlarımla birgə bu cür aksiyada iştirak etməyimə çox şadam: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizi bir araya toplayaraq təbiəti sevməyə, təbiətlə, torpaqla təmasda olmağa şərait yaratdı. İradə xanıma da təşəkkür edirəm dəvəti və təşkilatçılığı üçün. Ümid edirəm ki, özümüzdən sonra da gələcək nəsil yeni saldığımız Jurnalistlər bağında ağacların kölgəsində çay içəcəklər".
Tanınmış teleaparıcı Ruslan Həsənov deyir ki bu ölkədə yaşayırıqsa, torpağının üzərində gəziriksə, havasını qəbul ediriksə, təbii ki, biz də öz töhfəmizi verməliyik: "Hərə bir ağac əksə, görün necə gözəl olar. Lap aksiyalarda iştirak etməsə də, hərə öz məhləsində, küçəsində, həyətində bir ağac əksə, böyük bir təbliğat olar. Bu cür tədbirləri genişləndirməklə gələcək nəsillərimiz üçün havanın təmizliyini artırmış oluruq. Bir jurnalist, Azərbaycan vətəndaşı olaraq bu cür aksiyaların davamlı şəkildə keçirilməyini istəyərdim".
Qeyd edək ki, "Bu yaz özün bir təbiət yarat" adlı kampaniya çərçivəsində salınan "Yaşıl qələm Jurnalistlər Bağı" Zığ şossesinin kənarında yerləşir.
Günay Elşadqızı / METBUAT.AZ