Heyvanlarda bu xəstəliklərin olub-olmadığı yoxlanılır

Yanvar ayının ilk günlərindən başlayaraq Şəmkir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Şəmkir rayonu ərazisində 58 015 baş iribuynuzlu, 270 260 baş xırdabuynuzlu, 2718 baş təkdırnaqlı, 421 900 baş quş və 12 678 arı ailəsi mövcuddur. Rayonun bütün kənd və qəsəbələrində saxlanılan heyvanlar arasında Şəmkir Rayon Baytarlıq İdarəsinin 16 sahə baytarlıq məntəqəsi tərəfindən iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər aparılır.

Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən Qılıncbəyli kəndində fermer Yeganə Səfərovaya məxsus təsərrüfatda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 56 535 baş iribuynuzlu, 2353 baş təkdırnaqlı heyvanda qarayara, 15 365 baş sahibli itdə quduzluq, 709 757 baş körpə cücədə (“Las-sota” ştammı ilə) nyukasl, 5880 baş iribuynuzlu (A, O, “Asiya-1”, “Tur-15” tiplərinə) və 6360 baş xırdabuynuzlu (A, O tiplərinə qarşı) heyvanlar arasında dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 1681 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 8011 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılıb. Ümumiyyətlə rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Şəmkir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), bruselyoz, xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR