“AccessBank”ın səhmdar kapitalı 258 milyon manata çatdırılıb:

“118,5 milyon manat “Access Bank”ın nizamnamə kapitalının artırılmasına yönəldildikdən sonra Bankın səhmdar kapitalı 258 milyon manata çatdırılıb”.

Bu barədə Bankın İdarə Heyətinin sədri jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 milyon manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 milyon manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq.

Anar Həsənov bildirib ki, mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsi 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb.

Sədrin sözlərinə görə, yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF kimi qurumlar var. Beləcə, bankın əməkdaşlıq etdiyi şirkətlərin sayı 12-yə çatıb.

Cənab Anar Həsənov əlavə edib ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək".

A.Həsənov qeyd edib ki, bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR