Bu gün Azərbaycan Mətbuat Şurası sədrinin müavini, MŞ Şikayətlər üzrə Komissiyasının sədri Müşfiq Ələsgərlinin 46 yaşı tamam olur.
Müşfiq Ələsgərli 1973-cü ildə Cəlilabad rayonunun Əsədli kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənddə alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani aspirantura şöbəsini bitirib.
1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə “Olaylar” İnformasiya Agentliyində şöbə müdiri, 1998-2001-ci illərdə “Bu gün” qəzetində siyasət şöbəsinin redaktoru, 2002-2003-cü illərdə “Cümhuriyyət” qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb.
2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun "Azərbaycan Milli Komitəsi"nin layihəsi əsasında “Space” TV-də “Nəyi necə?” proqramının redaktoru olub.
1997-ci ildə "Jurnalistlərin Həmkarlar İttifaqı"nın (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 1999-2002-ci illərdə ABŞ, Brüssel və Polşada ixtisasartırma kurslarında olub.
2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Şikayətlər üzrə Komissiyasının sədridir.
"Beynəlxalq Jurnalistlər Federasiyası"nın (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, "Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi"nin (www.ifex.org) üzvüdür. İki dəfə prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Ailəlidir, üç övladı var.
Böyük bir nəslin nümayəndəsidir. Qarabağ döyüşlərində 16-ya yaxın qohumu həlak olub, 4-ü yaralanıb. Aralarında "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüləni də var. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad olsun…
İndiyədək 56 ölkədə səfərdə olsa da, heç birində bir həftədən artıq qala bilməyib, vətənə dönüb. Fəxr edir ki, müstəqil Azərbaycanın vətəndaşıdır. Dövlətimizin müstəqilliyinin əbədi olması isə onun ən böyük arzusudur.
Metbuat.az kollektivi adından Müşfiq müəllimi səmimi qəlbdən təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Aysel Yaqubqızı / Metbuat.az